Modern.az

Azərbaycandan Almaniya və Norveçə rəsmi etiraz

Azərbaycandan Almaniya və Norveçə rəsmi etiraz

16 Noyabr 2009, 20:05

Noyabrın 16-da Norveçin və Almaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkilləri Lars Hansen və Peter Zigler Xarici İşlər Nazirliyinə dəvət olunublar. Məlumatı “Media forum”a XİN-in sözçüsü Elxan Poluxov verib.

Məlumatda deyilir: “Xarici işlər nazirinin müavini Vaqif Sadıqovla keçirilmiş görüşlərin mövzusu Emin Abdullayev (Emin Milli – red.) və Adnan Hacızadə barəsində qaldırılmış cinayət işi üzrə Səbail Rayon Məhkəməsinin qəbul etdiyi qərarla bağlı Norveçin Azərbaycandakı səfirliyinin 11 noyabr tarixli bəyanatı və Almaniyanın Azərbaycandakı səfirliyinin 12 noyabr tarixli mətbuat üçün məlumatı olub.

Nazir müavini V.Sadıqov xarici səfirliklərin sənədlərində əks olunmuş fikirlərin Azərbaycan tərəfindən təəccüblə qarşılandığını və böyük təəssüf doğurduğunu diplomatların nəzərinə çatdırıb. Bildirilib ki, məhkəmə prosesi Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun və prosessual qaydalara riayət edilərək keçirilib, o cümlədən məhkəmənin işinin şəffaflığı təmin edilib və onun mətbuat tərəfindən işıqlandırılması üçün bütün şərait yaradılıb.

Səfirliklərin qeyd olunmuş sənədlərində yer tapmış fikirlər tam əsassız, ölkələrimiz arasındakı münasibətlərin səviyyəsinə uyğun olmayan və onların inkişafına təsirə edə bilən, Azərbaycanın daxili işlərinə qarışmaq cəhdi və qəbulolunmaz kimi qiymətləndirilib.

Öz növbəsində hər iki diplomat görüşlərdə qaldırılmış məsələyə dair Azərbaycan tərəfinin mövqeyini öz rəsmi qurumlarına çatdıracaqlarını bildiriblər”.

Noyabrın 11-də Səbail Rayon Məhkəməsi gənc fəallar Emin Millini 2 il 6 ay, Adnan Hacızadəni 2 il müddətinə azadlıqdan məhrum edib. Gənclər bu il iyulun 8-də “Livan” restoranında baş verən münaqişədə - xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirli biliniblər. Onlar ittihamları qəbul etmir və həbslərinin sifarişli olduğunu deyirlər.

Norveç və Almaniya səfirlikləri məhkəmə hökmünü qınayıblar.

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir