Modern.az

ADU-nun 10 tələbəsi və 2 müəllimi Norveçə gedir

ADU-nun 10 tələbəsi və 2 müəllimi Norveçə gedir

25 May 2011, 18:15


Mayın 25-də ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov Norveçin Azərbaycandakı səfiri Erlinq Skjonsberq, həmçinin Norveçin Oslo Universitetinin nümayəndələri ilə görüşüb. ADU-dan Modern.az-a bildirilib ki, görüşdə ADU-nun Norveç universitetləri ilə əlaqələri, xüsusən Norveçin Oslo Universiteti ilə Dillər Universiteti arasında olan mövcud əməkdaşlıq və bu əməkdaşlığın gələcək inkişafı haqda fikir mübadiləsi aparılıb. ADU ilə Oslo Universiteti arasında əlaqələrin getdikcə daha da artdğını deyən rektor Səməd Seyidov bunun digər universitetlərə nümunə ola biləcəyini deyib. İndiyədək Oslo Universiteti ilə bir sıra layihələrin həyata keçirildiyini deyən Səməd Seyidov bildirib ki, gələcək əməkdaşlıq məsələlərini müzakirə etmək çox əhəmiyyətlidir.
“Norveçlə əlaqələrimiz çox vacib layihədir və bu layihənin davamlılığı hər iki tərəf üçün məqsədə uyğundur.” - deyə o, vurğulayıb.  

Erlinq Skjonsberq layihənin davamlılığını dəstəklədiklərini bildirib. Bundan öncə Təhsil Nazirliyində görüş keçirdiklərini deyən səfir nazirliyin də  bu layihəyə böyük əhəmiyyət və dəstək verdiyini deyib. O, həmçinin, tələbə-müəllim mübadiləsinin vacibliyini vurğulayıb.

Səməd Seyidov öz növbəsində əməkdaşlıq layihəsinin davamlılığının saxlanmasının mühüm olduğunu deyib. O, ADU-da fəaliyyət göstərən norveçli mütəxəssislərdən razılığını ifadə edərək səfirə bu işdə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. O deyib ki, bütün bu görülən işlər təhsil sisteminin inkişafına xidmət edərək islahatların həyata keçirilməsinə yönəlib. ADU-nun Tərcümə fakültəsində tətbiq olunan yeniliklər, aparılan islahatlar, Esseks Universiteti ilə ADU arasında əməkdaşlıqdan danışan Səməd Seyidov Norveç universitetləri ilə layihələrin bu istiqamətdə görülən böyük işlərdən biri olduğunu deyib.

Görüşdə, eyni zamanda, bu ilin oktyabrında ADU-da keçirilməsi planlaşdırılan və  Norveç - ADU əməkdaşlığına xidmət edəcək beynəlxalq konfrans - Tur Heyerdala həsr olunmuş konfrans haqda da fikir mübadiləsi aparılıb. Konfrans Azərbaycan Dillər Universiteti və Oslo Universiteti tərəfindən təşkil ediləcək. Konfransın keçirilməsinin məqsədi Tur Heyerdalın nəzəriyyələrini müzakirə etməkdən ötrü müxtəlif ekspertiza sahələrindən olan alimləri bir araya gətirməkdir. Azərbaycan, Norveç və digər ölkələrdən olan alimlər konfransa dəvət olunacaq. Konfrans 2 əsas hissədə olacaqdır: akademik müzakirə və məruzələr. Konfrans zamanı tərəflər sərgi təşkil edəcək və xarici qonaqlar Heyerdalın öz tədqiqatlarında adıni dəfələrlə çəkərək istinad etdiyi Qobustana ekskursiya edəcəklər. Bununla yanaşı, konfransda olan təqdimatlardan ibarət kitab çap olunması da planlaşdırılır.

Xatırladaq ki, Tur Heyerdal tanınmış norveçli səyyah, etnoqraf və alim-antropoloqdur. Məşhur Kon-Tikki ekspedisiyası ilə Cənubi Amerikadan Tomatu adalarına qədər 7000 km-lik məsafəni sadəcə sal üzərində keçməklə dünyanı təəcübləndirib.

Tur Heyerdal həmçinin Azərbaycanda da məşhurdur. O 1980 və 2000-ci illərdə müxtəlif vaxtlarda Azərbaycanda olub. O özünün “Odinin axtarışı ilə” adlı kitabında vikinqlərin köklərinin Azərbaycanda axtarılmasının lazım gəldiyini faktlarla göstərib. T.Heyerdal deyib ki, Azərbaycan özünün qədim mədəniyyəti ilə fəxr etməlidir. Azərbaycanın mədəniyyəti Çin və Mesopotomiyanın mədəniyyəti qədər zəngin və qədimdir.

Qeyd edək ki, ADU-da Skandinaviya mərkəzi 2007-ci ilin may ayında açılıb. Elə həmin ildən də ADU-nun Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsində Skandinaviyaşünaslıq ixtisası açılıb.

ADU ilə Oslo Universiteti arasında olan əməkdaşlıq çərçivəsində bu il iyun ayının 24-dən avqustun 5-dək ADU-nun Skandinaviyaşünaslıq ixtisası üzrə təhsil alan 10 tələbəsi Oslo Universitetində Beynəlxalq yay məktəbində olacaq. Onları ADU-nun 2 müəllimi də müşayiət edəcək. 12 nəfər nümayəndə heyəti iyunda Norveçə yola düşəcək.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür