Modern.az

Redaktorlar Birliyi bərpa oluna bilər?

Redaktorlar Birliyi bərpa oluna bilər?

Media

26 Avqust 2017, 11:33

Əvvəllər Redaktorlar Birliyi var idi. Yəni qurum zamanın mətbuat olaylarına təsir göstərir, bütün mətbu hadisələrin və proseslərin önündə gedirdi.

 

Məlumdur ki, “Turan” informasiya agentliyində baş verənlər və təsisçisi Mehman Əliyevin həbs olunması son günlər  müzakirə  obyektinə çevrilən əsas məsələlərdəndir.  Qeyd etdiyimiz Redaktorlar Birliyi jurnalistlərə yönələn təzyiqlər və ya onların həbs olunması məsələlərini də diqqətdə saxlayırdı.

 

Bu baxımdan maraqlıdır, Redaktorlar Birliyinin bərpasına ehtiyac varmı?

 

"Bakı-xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev Modern.az-a açıqlamasında bildirib ki, Redaktorlar Birliyinin bərpası yalnız keçmişə qayıdış ola bilər:

 

“Hər dövrün önəmli prosesləri və o proseslərə uyğun olaraq inteqrasiya modelləri olur.  Redaktorlar Birliyinin fəaliyyət göstərdiyi vaxt  Azərbaycan mediasında tamamilə başqa  vəziyyət hökm sürürdü. O zaman medianın özünütənzimləmə mexanizmləri, mediaya dövlətin dəstəyi indiki qədər strukturlaşmamışdı. Eyni zamanda Azərbaycan mediasının üzərində daha çox müəyyən naməlum xarici mərkəzlərin  təsirləri duyulurdu. Bu baxımdan həmin dövrdə Redaktorlar Birliyinin yaranması və fəaliyyəti bir növ zamanın tələbatı idi. Amma bu gün  vəziyyət tamam fərqlidir. Mənə elə gəlir ki, belə vəziyyətlərdə həm ayrı-ayrı jurnalistlərin, həm media orqanlarının hüquqlarının müdafiəsi üçün  Redaktorlar Birliyi formasında  qurumun yaradılması adətən keçmişə qayıdış olardı”.

Baş redaktor qeyd edib ki, hazırda bu məsələləri tənzimləyən  müasir mexanizmlər var:

“İndi həm medianın, həm də jurnalistlərin hüquqlarının müdafiəsi üçün daha  müasir mexanizmlər var. Burada müəyyən dövlət orqanlarının fəaliyyəti də qeyd olunmalıdır. Medianın hüquqları dövlət, o cümlədən Mətbuat Şurası tərəfindən qorunur. İndi mövcud olan mexanizmlərdən istifadə etmək və onların təsdiq  olunması daha perspektivdir, nəinki keçmişdə mövcud olmuş hansısa qurumun  yenidən bərpası haqqında düşünmək”.

A.Quliyev  Mehman Əliyevin həbs qərarı ilə bağlı Mətbuat Şurasının prezidentə müraciətini yetərli hesab edir:

 

“Mətbuat Şurası bu günlərdə ölkə prezidentinə müraciət edərək  Mehman Əliyevin  media rəhbəri kimi mətbuat tarixindəki rolu  barədə müəyyən xatırlatmalar edib. Bunun nəticəsini gözləməliyik. Bilirsiniz ki,  Mətbuat Şurası Azərbaycan jurnalistlərinin ictimai özünütənzimləmə  mexanizmi olduğundan  onun  bu istiqamətdə  keçirdiyi  tədbirləri yetərli saymaq olar”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər