Modern.az

70 yaşlı deputat: “Yaşar Əliyevə dedim ki, qadınların etirazına mane olmayın” – MÜSAHİBƏ

70 yaşlı deputat: “Yaşar Əliyevə dedim ki, qadınların etirazına mane olmayın” – MÜSAHİBƏ

26 Avqust 2017, 15:20

Fəzail Ağamalı: “Ad günümdə ən böyük hədiyyəni prezident verdi”

 

“Surət Hüseynovla üz-üzə gələndə dərin psixoloji anlar yaşayırdım”

 

Bu gün Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının 70 yaşı tamam olur. Bununla əlaqədar Modern.az saytı Fəzail Ağmalıdan müsahibə alıb. Onunla söhbəti təqdim edirik.

 

- Fəzail müəllim, öncə doğum gününüzü təbrik edirik.  Fəzail Ağamalı doğum gününü necə keçirirməyi xoşlayır?

 

- Bizim ailə ənənəmiz var. Bu ənənənin əsasını da özüm qoymuşam. Biz bir qayda olaraq, doğum günümüzü ailə çərçivəsində qeyd edirik. Baxmayaraq ki, doğum günü olan şəxs hansı yaşdadır və sair. Yubiley xarakterli doğum günlərimizi də ailə ilə bir yerdə qeyd edirik. Bu gün də elə olacaq. Ancaq ailə üzvləri ilə birlikdə mənim doğum günüm keçiriləcək. Mən bu ənənəni pozmaq niyyətində deyiləm.

 

- Dostlarınızdan necə, sizi doğum gününüz münasibətilə təbrik edənlər olubmu?

 

- Bəli olub. Ad günümlə bağlı təbriklər dünəndən başlayaraq gəlir. Təbrik edənlər çoxdur. Modern.az-ın da vasitəsilə bir daha onlara öz təşəkkürümü bildirirəm. Allah cavanlara 70 yaşa çatmaq və onu ötüb keçmək, həmyaşıdlarıma isə 100-ü aşmağı arzulayıram.

 

- Belə özəl günlərin şah əsəri hədiyyə sayılır. Bəs sizin hədiyyə ilə aranız necədir?

 

- Mənim ən böyük hədiyyəmi dünən cənab prezident verdi. Ölkəmizdə xalqımıza, dövlətimizə göstərdiyim kiçik xidmətlər böyük dəyərləndirildi. Cənab prezidentin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olundum. Bu mənim üçün ən böyük hədiyyədir. Mənə ünvanlanan mesajları, telefon zənglərini də hədiyyə kimi qəbul edirəm. Cənab prezidentə ünvanladığım məktubda öz təşəkkürümü, minnətdarlığımı bildirmişəm. Bir daha da sizin vasitənizlə cənab prezidentə mənə göstərmiş olduğu qayğıya, diqqətə görə təşşəkkür edirəm.

 

- Fəzail müəllim, adətən yaş artıqca insanların fikirləri dəyişir. Bəs siz fikirlərinizin dəyişməsini hiss edirsinizmi?

 

- Yox, fikirlərim dəyişmir. Sadəcə olaraq hər bir yaşın insan psixologiyasına, fiziki durumuna təsiri qaçılmazdır. Yəni 25 yaşımda nə fiziki imkanlar, nə də düşüncə tərzi 70 yaşımdakı ilə müqayisə oluna bilməz. 70 yaşın özünə görə düşüncə tərzi var.  Bu düşüncə tərzi isə hər hansı bir dəyişikliyə məruz qala bilməz. Çünki illərdən bəri həmin düşüncə cilalanır, formalaşır və insanın həyat tərzinə çevrilir. 70 yaşında da kimsə həyat tərzini, düşüncəsini dəyişirsə, artıq onun sağlam düşüncə sahibi olduğu qənaətində deyiləm. Mənim əqidəmin, məsləkimin formalaşması gənc yaşlarımdan başlayıb. Bu Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda mübarizə olub. 1988-ci ildən Azərbaycanın müstəqilliyi üçün əlverişli durum yarananda öndə olan bütün xalqımız kimi mən də o proseslərdə iştirak etməyə çalışmışam. Şükürlər olsun ki, bütün qorxu doğura biləcək stiuasiyalardan çıxa bildim. Öz məsləkimə, əqidəmə sadiqliyimi davam etdirdim.  Bu gün də müstəqil Azərbaycanın içərisində yaşamaqdayam. Düşünürəm ki, bu çox uğurlu bir taledir. Bu böyük bir xoşbəxtlikdir ki, 45-50 il düşündüyüm, arzu etdiyim müstəqil bir ölkənin vətəndaşıyam. Bundan böyük xoşbəxtlik yoxdur. Belə bir əqidənin, məsləkin dəyişilməsini belə təsəvvürümə gətirmək istəmirəm.  Çünki əqidəli və məsləkli insanlarda bu dəyişilməz qalır. O kəslər ki, fikirlərini dəyişir, onlar qeyri müəyyən insanlardır. Onlar özlərinin yol xəritəsini cıza bilməyiblər. Təbii ki, bu cür insanlar da var.

 

- Fəzail müəllim, keçmişdə elə bir addım olub ki, onu “kaş belə yox, elə edərdim” demisiniz? Xüsusilə də siyasətdə..

 

- Siyasətdə nə etmişəmsə, bu gün də o qənaətdəyəm ki, düzgün, doğru etmişəm. Şükürlər olsun ki, məsləkimə, əqidəmə xələl gətirəcək addım atmamışam. Bir daha təkrar edirəm ki, mənim əqidəm, məsləkim Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda mübarizə olub. Bu yolda bir vətəndaş kimi əlimdən nə gəlirsə, etməyə çalışmışam. Bu yoldan dönməmişəm. Hətta mən deyərdim ki, Azadlıq Hərəkatında iştirak edən müəyyən adamlarla ciddi fikir ayrılığımın olmasına, həyatımı ciddi təhlükələr gözləməsinə baxmayaraq yenə də düşüncələrimə sadiq qalmışam. Mən hər zaman deyirdim ki, azadlıq uğrunda mübarizə aparmaq , onu qələbəyə qədər gətirmək hər bir xalqın arzusu, istəyi və nailiyyətidir. Hərəkata xalqın içərisindən çıxan fəallar, liderlər, ziyalılar  rəhbərlik edir və onun istiqamətini müəyyənləşdirir.

Mən 1990-cı ildən bəri bütün çıxşlarımda, mitinqlərdə dəfələrlə demişəm ki, biz Azadlıq Hərəkatında öz missiyamızı demək olar ki, yerinə yetirdik. Hər zaman demişəm ki,  müstəqilliyimizi qorumaq üçün çox çətin vəzifə qarşımızda durursa, bunu bacaranın yanında olmalıyıq. Həmin şəxs də Heydər Əliyevdir. Bu yolda mən sözümü demişəm. Hətta 1992-ci ilin martın 9-da Demokratik Qüvvələr Birliyinin yığıncağında fəallığı ilə seçilən Azərbaycan Xalq Cəbhəsi (AXC), rəhbəri olduğum Ana Vətən Partiyası və digər partiyaların qarşısında mən Heydər Əliyevin Naxçıvandan Bakıya gətirilməsi təklifi ilə çıxış etdim. Bu Ayaz Mütəllibovun istefasında 3 gün sonra idi. Lakin mənim bu təşəbbüsüm düzgün qiymətləndirilmədi. Əksinə hücumlara məruz qaldım. Bütün bunlara baxmayaraq mən sözümün üstündə qaldım. Həyat sübut etdi ki, mənim yolum düzgün yoldur. Ona görə düzgündür ki, mən bu yolda təmənnasız olaraq Azərbaycan vətəndaşı kimi üzərimə düşən missiyanı sona qədər yerinə yetirmişəm. Düşünürəm ki, belə bir missiyanın keçib gələn insanın çox xoşbəxt taleyi var.

 

- Bayaq qeyd etdiniz ki, Azadlıq Hərəkatı zamanı sizin həyatınız üçün təhlükələr vardı. Bu təhlükələr nələrdən ibarət idi?

 

- Bu təhlükələr həmin dövrdə Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan hər bir vətəndaşımız üçün vardı. 1969-ci ildən fəaliyyət göstərdiyimiz gizli tələbə fərnəyindən başlayaraq ta ki, 1990-cı illərin ortalarına qədər həyatım hər zaman təhlükədə olub. Sovet imperiyası dağılana qədər mən tamamilə Dövlət Təhlükəsizlik Komitəsinin tam nəzarətində olmuşam. Evimə gələn məktublar belə əvvəlcə Dövlət Təhlükəsizlik Komitəsində oxunub, sonra mənə ünvanlanıb.

 

Dövlət Təhlükəsizlik Komitəsinin nə dərəcədə böyük bir işgəncə maşını olduğu həmin dövrü yaşayan insanlara bəllidir. Ondan sonra da hakimiyyət uğrunda gedən mübarizədə müxtəlif dəstələrin, klanların kimisə bəyənməməyi vardı. O zaman Ayaz Mütəllibovu dəstəkləyən Qardaşlar Birliyi, Hatəminin dəstəklədiyi təşkilatda radikal qruplar vardı ki, onlar da Ayaz Mütəllibovla bağlı idi. O zaman mən Ayaz Mütəllibova qarşı radikal mövqedə dayanan, onun istefasında fəal rol oynayan şəxslərdən biri idim. Xatırladım ki, 1992-ci ilin martın 5-6- da indiki Milli Məclisin binasının mühasirəyə alınması və fasiləsiz mintinqlərin keçirilməsinin təşəbbüskarı mən olmuşam. Cəbhəçilərə müraciət etdim və onlar bundan imtina etdilər. Bir-iki nəfər məni müdafiə etsə də, qalanları bunu avantüra adlandırdılar. Ancaq mən öz fikrimdən dönmədim. Həmin dövrdə hərəkatda iştirak edən fədəkar qadınlar da vardı. Onların içərisində Gülnarə (Gülya deyirdilər) də bu hərəkatın fəal iştirakçılarından biri idi. Mən ona yaxınlaşdım və qadınların yuxarıya çıxmasını dedim. O dedi ki, milislər bizə mane olacaqlar. Dedim ki, 50-60 nəfər qadınları yığ və mənim işarəmlə yuxarı qalx.

 

Sonra indiki Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Yaşar Əliyevə yaxınlaşdım. Yaşar Əliyevə dedim ki,qadınlar yuxarı çıxıb etirazlarını bildirəcəklər, buna mane olmayın. Yaşar Əliyev çox düzgün bir addım atdı. Bu addım onun Heydər Əliyevə rəğbətindən, Ayaz Mütəllibova nifrətindən irəli gələn yanaşmaydı. Qadınları yuxarı buraxdı. Daha sonra mən mikrofona yaxınlaşdım, hər kəsi qadınların yanında olmağa və onları müdafiə etməyə dəvət etdim. Sonra isə müraciət etdim ki, kişilər, oğlanlar, qadınlarımızı tək qoymayın! Siz də Ali Soveti (indiki Milli Məclisi) mühasirəyə alın.

 

Ayaz Mütəllibovun istefasını almayana qədər buradan getmək Xocalı faciəsinin qurbanlarına təhqirdir kimi fikirlər səsləndirdim. Beləliklə kişilər də qoşuldular.

 

Daha sonra yataqxanalara adamlar göndərdik ki, tələbələri də dəvət etsinlər. Yunus Oğuzla Sovet ordusunun hissələrinin - səhv etmirəmsə Daxili Qoşunların hissələri idi - Milli Məclisə yaxınlaşmasını gördük. Bunu Milli Məclisdə olan cəbhəçi deputatlara çatdırdıq. Onlar da həmin qoşunu oradan uzaqlaşdırdılar. Biz də 36 saatdan sonra Ayaz Mütəllibovu istefaya göndərdikdə düşündüm ki, artıq Heydər Əiyevi hakimiyyətə gətirməyə geniş imkanlar var. Buna görə də mən çıxış etdim və təəssüflər olsun ki, bu, düzgün başa düşülmədi. Həyat sonra göstərdi ki, səhv etməmişəm.

 

Biz hərəkatçılar əlbəttə ki, Azərbaycanın uğrunda xalqımızla bərabər mübarizə apardıq. Onların Azərbaycanın müstəqilliyi uğrunda yerini və fəaliyyətini danmaq ədalətsizlik olar. Lakin bu müstəqilliyi qoruyub saxlamaq üçün Heydər Əliyev kimi nəhəng bir siyasətçinin hakimiyyətə gəlməyi vacib idi. Belə bir zaman təhlükələr gözlənilirdi. 1992-ci ilin aprelin 24-də evimin yanında bir maşın məni ölümcül yaraladı. Evimin yanında olan insanlar dərhal məni xəstəxanaya apardılar. 20 günə yaxın xəstəxanada qaldım. Mayın 15-də Ayaz Mütəllibovun hakimiyyətə gəlməsinin məntiqi göstərdi ki, məni vuranlar Ayaz Mütəllibovun adamları idi. Mən o zaman bunu açıb-ağartmadım. Həmçinin indiki Göygöl rayonunda 3 kəndin azad olunmasında (1 rus, 2 erməni kəndi) komandirlərdən biri kimi iştirak edirdim. Orada aparıcı insanlardan biri AXC-nin Xanlar rayon təşkilatının sədri Əli, mən və könüllülər idi.

 

Biz orada 16 erməni əsgərini öldürdük. İki kəndi azad etdik və Azərbaycandan bir nəfər də olsun itki vermədik. Orada ruslara məxsus iki vertalyot hücum etdi. Ondan atılan mərmi mənim yanımdan keçdi. Orada bizim iki soydaşımız - Neman və Əli - şəhid oldu. Sonrakı illərdə də hədələr, qorxular, mənəvi-psixoloji hücumlar oldu. Təhlükəli vəziyyətlərdən biri 1994-cü ildə mənimlə o zamanki baş nazir olan Surət Hüseynovun üz-üzə gəlməsi oldu.

 

Surət Hüseynov Moskvanın müəyyən qüvvələrinin tapşırığı ilə Heydər Əliyevə qarşı çıxırdı.  Xüsusilə neft srategiyasının reallaşmasına maneçilik törətməyə çalışırdı. Bununla bağlı mən “Millət” qəzetinə müsahibə verdim. Surət Hüseynovun istefa etməsini dedim. Mən həmin dövrdə əmək və əhalinin sosial müdafiəsi nazirini əvəz edirdim. Mən Surət Hüseynovla üz-üzə gələndə çox çətin anlar yaşadım. Bir ay tam təzyiq altında oldum. O zaman çox qorxulu idi. Çünki Surət Hüseynovun qılıncının önü-arxası kəsən dövr idi. Surət Hüseynovun kəsdiyi başa sorğu-sual yox idi. Lakin nədənsə, Surət Hüseynov mənə qarşı psixoloji təsirlər etdi.  Bu da mənə indiyə kimi çox qəribə gəlir ki, Surət Hüseynov mənə nə əcəb fiziki təsir göstərmədi. Çünki onun bir göstərişi kifayət idi ki, yaşadığım evin blokunda durub gülləni başıma sıxmaq kifayət idi. Etiraf edim ki, Surət Hüseynovla üz-üzə gəldiyim anlarda dərin psixoloji anlar yaşayırdım. Lakin Allahın vermiş olduğu ömürü ondan başqa heç kim ala bilməz. Deməli Allahın vermiş olduğu ömür bütün çətinliklərə baxmayaraq məni 70 yaşına gətirib çıxardı.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi