Modern.az

Ziyafət Əsgərov Zakir Həsənov, Mədət Quliyev və Zakir Qaralovla necə işləyir....

Ziyafət Əsgərov Zakir Həsənov, Mədət Quliyev və Zakir Qaralovla necə işləyir....

28 Avqust 2017, 12:50

Milli Məclisdə 15 komitə fəaliyyət göstərir. Əsasən qanun layihələrinin hazırlanması ilə məşğul olan komitələr müvafiq icraedici orqanlarla – nazirlik və komitələrlə əməkdaşlığı hansı müstəvidə qurub?


Bu dəfə suallarımızla Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinə müraciət etdik.

Maraqlıdır, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə əlaqələrini necə qurub?

 

Məsələ ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə Modern.az-a açıqlama verib.

 

Deputat bildirib ki, parlamentin vəzifəsi qanun yaradıcılığı ilə məşğul olmaqdır.

 

“Azərbaycan prezidentli respublikadır. Yəni birbaşa qanunların icrası və ona nəzarət məsələsi Konstitusiya ilə bizim səlahiyyətimizdə deyil. Biz Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə əməkdaşlıq edirik. Bu və ya digər aspektləri tənzimləyən qanunların qəbulu və sonradan onların təkmilləşdirilməsi ilə məşğuluq. Şübhəsiz ki, müvafiq dövlət orqanları ilə sıx əlaqələrimiz var. 

 

Həmin orqanların əməkdaşları ilə məsləhətləşmələrimiz olur. Ehtiyac yarandıqda bu sahələr üzrə qanunları daha da təkmilləşdiririk. Bu gün Azərbaycanda hər bir sahə üzrə qanunlar var. Təhlükəsizliyimizin təmin edilməsi, müdafiə sahəsinin möhkəmlənməsi və fəaliyyəti, eyni zamanda korrupsiya ilə bağlı Azərbaycanda qanunlar mövcuddur. Ancaq ehtiyac yarandıqca onların daha da təkmilləşdirilməsi, dünya təcrübəsindən istifadə edilməsinə də ehtiyac yarana bilər. Bu məsələdə həm müvafiq orqanların, həm də bizim təkliflərimiz səsləndirilir. Ümumi razılığa gəlinərək ya yeni bir qanun hazırlanır, ya da qanuna dəyişiklik edilir”.

 

A.Mirzəzadə bildirib ki, təmsil etdiyi komitədə hər hansı bir qanun layihəsinin müzakirəsində Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları birbaşa olaraq iştirak edir.

 

“Həm işçi qrup, həm də rəhbər orqanlar səviyyəsində qanunların qəbulu və yenilənməsində birbaşa iştirak edirlər”.

 

Deputat bildirib ki, müvafiq orqanlar Milli Məclisə qanun layihələri ilə bağlı təkliflər göndərmək səlahiyyətinə malik deyil.

 

“Onların hansısa təklifi olarsa, bununla bağlı daha yüksək dövlət orqanına müraciət edirlər. Həmin orqan da bu təklifləri nəzərdən keçirdikdən sonra müvafiq təkliflər Milli Məclisə yönləndirilir. Ancaq bununla belə əlaqələrdə həm onlar, həm də bizlər müvafiq fikirlərimizi səsləndirik”.

 

Qeyd edək ki, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir