Modern.az

Qənirə Paşayeva: “Şeirlərimdəki obrazlarda mən də varam” – MÜSAHİBƏ

Qənirə Paşayeva: “Şeirlərimdəki obrazlarda mən də varam” – MÜSAHİBƏ

Mədəni̇yyət

30 Avqust 2017, 10:40

“Cəmiyyət bəzi məsələləri qəbul etmirsə, zorla qəbul etdirmək olmaz”    

 

Milli Məclisin deputatı Qənirə Paşayeva Modern.az saytına geniş müsahibə verib.

 

- Qənirə xanım, son vaxtlar evinizin qapısını hər kəsin üzünə açırsız. Halbuki, bir çoxlarının düşüncəsinə görə, onların evini özlərindən başqa kimsə görməməlidir. Hətta əminliklə deyə bilərik ki, bir çox millət vəkilləri bunu etməz.

 

- Bu, normal bir haldır. Açığı, evimdə insanları qəbul etməkdən  zövq alıram. Dostlarla, tanışlarla kənar yerlərdə, restoranlarda yemək yeməyi sevmirəm. Çünki evin, ocağın istisi bir başqadır. Nənəm həmişə deyirdi ki, yeməyi hazırlayanda yaxşı əhval-ruhiyyədə olun. Çünki əhval-ruhiyyəniz yeməyin dadına hopur. Bu baxımdan hesab edirəm ki, evdə hazırlanan təamların dadı bir başqadır. Yay aylarında hamımız bu evdə bir araya gəlirik. Gördüyünüz kimi, həyət evində yaşayırıq.  Ailəlikcə  bir ocağın ətrafına toplaşırıq. Kilimlərimizi yerə sərib, samovarımızı qaynadıb çay içə-içə maraqlı ortam yaradırıq. Bundan gözəl nə ola bilər ki! Əslində, elə ailə dediyimiz budur. Uşaqlıqdan belə adət etmişik. Dostlarımla kənarda oturmaqdansa, evimdə oturub maraqlı söhbət etməyi üstün tuturam.

 

- Həm də ənənələrimizi təbliğ edirsiniz. İçəri girəndə sanki muzeyə daxil olur adam. Milli musiqi alətlərimiz, divarda asılan  xəritə, zəngin kitabxana. Belə anlamaq olur ki, əcnəbiləri evinizdə qəbul edərkən onlara bütöv Azərbaycan haqqında məlumat verirsiz.

 

- Doğrudur, xaricdən gələn dost-tanışlarımız bizdə qalır. Təsəvvür edin, onlar Azərbaycanı ilk dəfə görür. Mətbəximizlə, mədəniyyətimizlə hələ tanış deyil. Restoranda milli mətbəximiz, mədəniyyətimiz, ailə dəyərləri geniş şəkildə nümayiş oluna bilməz. Ona görə də evimizdə qonaq olarkən həm bir azərbaycanlı ailəsinin ənənələrini, həm də xalqımızın zəngin mətbəxini, mədəniyyətini yaxından görmüş olurlar. Milli musiqi alətlərimizlə tanış olurlar. Beləliklə, Azərbaycan haqqında geniş bilgi əldə edirlər. Evimin bir hissəsini kitabxana etmişəm. Yerdə isə hər bölgəyə aid olan  xalçalarımız əks olunub. Gələn qonaqlara bölgələrimiz haqqında müfəssəl məlumat verirəm. Hətta onu da deyim ki, heç vaxt bahalı qablara pul vermirəm. Gücüm çatdığı qədər tanınmış rəssamların əsərlərini alıb evimin bir küncündən asıram.

 

- Bu yay istirahət etdiyinizi də görmədik. Halbuki Milli Məclisin üzvləri məzuniyyətdə idilər. Niyə dincəlmək istəmirsiz?

 

- İstirahət anlayışım fərqlidir. Bu, 5, 10, 15 ilin işi deyil. Həmişə belə olub. Harasa gedib bir həftə qalmaq, heç nə etməmək anlayışını heç vaxt qəbul etməmişəm. Əslində, inecə stirahəti etdiyimi deyim. Gün ərzində zəruri işlərlə məşğul olsam da, axşam evimə gəlib, dəyərli dostlarla oturub masa ətrafında yemək yeyirik, maraqlı mövzuları müzakirə edirik. Bundan zövq alıram. Yay aylarında zamanım daha çox olur. Sevdiyim kitabları oxuyuram. Bəzi musiqilər var ki, onları dinləyirəm. Bəzi beynəlxalq səviyyəli filmlər var ki, izləmək imkanım olmayıb. Dostlarımın məsləhəti sayəsində izləməyə çalışıram. Ümumiyyətlə, işlə istirahət məndə paraleldir. Heç vaxt işimi qoyub harasa gedə bilmərəm. Getsəm belə telefonları nə edəcəm?! Telefonlarım bağlı şəkildə istirahət edə bilmərəm. Bu, mənə yad haldır. Hər kəsin bir cür istirahət etmək anlayışı var. Buna da hörmətlə yanaşıram.

 

- Sosial şəbəkələrdə də aktivsiz. Ölkədə və dünyada baş verən olaylara dərhal reaksiya verirsiz. Belə olan təqdirdə  işlərinizə qısqanclıqla yanaşanlar olmamış olmaz.

 

- Əslində, belə hallara fikir vermirəm. İnsan kiçik məsələlərə fikir verdikcə xırdalanmağa, böyük ideyalara, xəyallara fikir verdikcə böyüməyə başlayır. Həyatda ən çox nifrət etdiyim şeylər dedi-qodularda adımın hallanmasıdır. Kimsə deyə bilməz ki, Qənirə xanım mənimlə oturub filankəsin dedi-qodusunu edirdi. Düşünürəm ki, ən yaxşı insan olmaq üçün 4 məqama diqqət etmək  lazımdır. Dilini dedi-qodudan , mədəni haramdan, qəlbini paxıllıqdan, əməlini isə riyakarlıqdan uzaq tutmalısan. Bunları təmiz saxladınsa, hər şey yaxşı olacaq. Ona görə də özümü tərbiyə etməyə çalışıram. Həmişə deyirəm ki, paxıl adama başqa düşmən lazım deyil, paxıllıq elə içində oturub da. Heç vaxt kiməsə paxıllıq etmirəm. Düşünürəm ki, yaradanım mənə layiq olduğumdan da çox şey verib. Əvvəla sağlam yaradıb. İkincisi, normal ailədə böyümək şansım olub. İki dəyərli ziyalının övladıyam. Üçüncüsü, yaxşı təhsil ala bilməyi nəsib edib. Ona görə də içimdə paxıllıq yoxdur. Atamın gözəl sözü var. Yaxşılıq tərbiyənin ən sərtidir. O pislik etsə də, sən yaxşılıq et. Bəzən sual edirlər ki, ən böyük uğur sizin üçün nədir. Cavab verirəm ki, 42 yaşlı Qənirə Paşayevanın ən böyük uğuru rahat vicdanla yata bilməsidir. Bəlkə də bəzi şeylərə gücüm çatmayıb. Amma heç vaxt heç kimə pislik etməmişəm. Atam həmişə deyirdi ki, alim olmaq asandı, adam olmaq çətin. Düşünürdüm ki, görəsən, atam niyə belə deyir? 41 yaşımda elmlər doktoru olanda atamın nə demək istədiyini başa düşdüm. Doğrudan da, 41 yaşında elmlər doktoru olmaq olar, amma 60 yaşında da adam olmaq bəzən çox çətin olur. Ona görə də özümü hər zaman tərbiyə edirəm. Hətta, hər zaman içimdə iki Qənirə danışır. Çox vaxt bir-birilə vuruşur.

 

-Hər halda,  iki Qənirə üz-üzə gəlirsə, biri digərindən mütləq narazı olur.

 

- Yox, deməzdim. Onların biri deyir ki, bunları et. O biri isə deyir ki, yox, axı sən vicdanınla rahat yatmaq istəyirsən.

 

- Nəsə maraqlı gəldi. İki Qənirə baş-başa qalanda biri hansı sualı vermək istəyir, amma illərdi verə bilmir.

 

-Onlar həmişə danışır. Amma onların danışdıqlarını heç vaxt heç kəs bilmir.

 

- Amma özəl həyatı bir-birinə danışa bilərlər. Yoxsa, ona heç vaxt toxunmurlar?

 

- Özəl həyatla bağlı onu deyə bilərəm ki, burada söhbət hansısa kaprizdən getmir. Bunu kapriz olaraq etmirəm. Dünyada mənəviyyatın sərhədlərini müəyyənləşdirmək üçün olar-olmazlar, toxunulan-toxunulmazlar var.  Toxunulmazlara Allahla ünsiyyət və özəl məsələlər daxildir. Əgər siz bunların hər ikisinə hamının toxunmasına icazə verəcəksinizsə, gündəlik həyatınızda danışıb paylaşacaqsınızsa artıq içinizdə toxunulmaz deyə bir şey qalmayacaq. Bu, çox yaxşı olmayan haldır. Həmişə deyirəm ki, insanın Allahla olan münasibətləri çox özəl bir şeydir. Bəzi məsələləri eşidəndə dəhşətə gəlirəm. “Övladım universitetə daxil olsun qurban kəsəcəm”, yaxud da, “qızım ailə qursun nəzir verəcəm”. Bunun adı Allahla rüşvətdir. Bir anlıq düşünün.  Allahla bu cür münasibətdə olan kəslərin vətənlə, millətlə, torpaqla münasibəti necə ola bilər?! Ailəsi ilə alver edən vətənlə, millətlə dostluqla alver etməz?! Ona görə də bəzi məsələlər ülvidir. Onun ülviliyini zədələmək olmaz. Cəmiyyətə mənim fikir və düşüncələrim maraqlıdır. İsrarla “sənin özəlinə toxunmaq istəyirik” dedikdə,  bu zaman ora heç kəsi buraxmırıq. Təkrar edirəm. Bu, bir kapriz deyil.

 

- Adətən kaprizli insanların inancları da tam bəlli olmur. Qənirə Paşayeva kaprizli olmadığına görə taleyə, qədərə inanırmı?

 

- İnanıram. Qədərə iki cür inananlar var. Birincisi, hər şeyi qədərlə ölçənlər. İkincisi isə ağılı önə çəkənlər. Həmişə deyirəm ki, bizə qədər yol ayrıclarıdır. Yolu seçmək ixtiyarımıza buraxılıb. Allah bizim yolumuza nişanələr qoyur. Bir çox şeylər onu doğru dəyərləndirib-dəyərləndirməməyə bağlıdır. Allah şüuru canlılardan bir tək insana verib. İnsan hər şeyə kor-təbii yanaşa bilməz axı!  Baxın, dini kitabımız ikra ilə başlayır. İkra “oxu” deyir. İndi sən oxuma, heç bir işlə məşğul olma. Sonra da de ki, elə mənim qədərim belə idi. Bu qədər deyil. Mənim inandığım qədər odur ki, Allah sənə ağıl və şüur verib. Qədər yol ayrıclarında da addımını doğru ata bilirsən.

 

- Siz həm də maraqlı şeirlər yazırsız. Hisslərinizi misralara hopdurursuz. Şeirlərinizdə duyğusal bir obraz yer almaqdadır. Maraqlıdır, o obrazlarda Qənirə Paşayeva varmı?

 

- Şeirlərimdəki obrazlarda mən də varam, başqaları da. Yazan adamların digərlərindən fərqli bir xüsusiyyəti var. Düşünün ki, bir hadisə baş verir.Hadisə ətrafında 20 adam olur. Həmin 20 adamın 18-i evinə gedir, 2 nəfərdən biri isə düşünməyə başlayır. Hadisə 2 nəfərdən birinə elə təsir edir ki, məcbur olub onu ya misralara, ya da notlara köçürür. “Masa örtüsü” Müşəmbə adlı yazım var. “Təbriz qoxusu” adı ilə də gedir. Təbii ki, ordakı qəhrəmanın adını dəyişmişdim. Gerçək adının bilinməsini istəmirdim. Sənətçi dostlarımızdan biri də orda olmuşdu.O evlərinin necə muzeyə çevrilməsini və Təbrizi anladırdı. O anlatdıqdan sonra dərindən nəfəs aldı və “oxayy, hava necə Təbriz qoxuyur” dedi. Mən onu qələmə aldım. Bir axşam o hadisəni dinləyən dostlardan biri zəng edib dedi ki, Qənirə, o hekayə mənə elə təsir edib ki!  “Axı sən o hekayəni dinləmişdin”-dedim. Həmin hekayənin şahidi olsa da, unutmuşdu. Mən isə o əhvalatı unuda bilmədim və qələmə aldım. Heç də başqalarının acısını yazmaq asan deyil. O sənin içindən axıb gedir.

 

- İnsanların acısını həm dinləyirsiz, həm də qələmə alırsız.  Halbuki, bir çox insanlar başqalarının acısını dinləmək istəmir ki, neqativlərə köklənəcək. Siz acı hekayələri dinlədikcə, bir yorğunluq hiss edirsinizmi?

 

- Atam tez-tez bir atalar misalını nümunə gətirirdi. Sevinc paylaşınca çoxalır, dərd paylaşınca azalır. Cəmiyyətimizdə məni narahat edən məsələ laqeydliyimizin, biganəliyimizin artmasıdır.  Bir çox insanlar “mənə nə” deyib keçir. Axı o insanlar da dərdlərini paylaşmalıdır. Kimlərsə ona fikir bildirməlidir. Əgər paylaşmasa, intihara gətirib çıxaracaq. Biz duyarlı toplumuq. Ona görə də “mənə nə” sözünə nifrət edirəm. İnsanlar var ki, qonşusu acından ölür. Onlar isə yeyir, içir və kef içində yaşaya-yaşaya “mənə nə” deyirlər. Bu cür insanların keyfiyyət problemi var. İnsanların acısını dinləməkdən yorulmuram.

 

- Bu qədər gərginliyin içində hər bir insanın qoruyucu mələyi olur. Əsasən analarımız daha həssas davranır. Bu mənada daima qızını gərgin iş rejimində görən ananız Tehran xanım nə deyir, hansı məsləhətləri verir?

 

- Hər bir ana övladı üçün narahat olur. Övladını anasından artıq kimsə tanıya bilməz. Mənim də anam artıq övladını tanıyır. Anam görür ki, bir insanın dərdini bölüşmək mənə ağırlıq gətirirsə, bilir ki, bir insanın rahatlıq tapdığını görməkdən gözəl mənim üçün heç nə ola bilməz. Artıq anam bilir ki, “mənə nə” deyib yaşaya bilmərəm. Çox gecdi. Belə doğulmuşam və bizi belə də tərbiyə ediblər. Arada anam səhəti ilə bağlı illərlə tanıdığı həkim belə diaqnoz qoyur. “Humanizmin həddindən artıq olmasından əziyyət çəkirsiz”. Anam da başqalrının dərdini özündə yaşadır. Tez-tez mənə “sağlamlığına fikir ver, bir az daha çox yat” kimi məsləhətlərini verir.

 

- Ananızın məsləhətlərindən yararlanmağa çalışırsınızmı?

 

- Ananın dediyindən gözəl dərman yoxdur. Arada zarafatla deyirəm ki, başım ağrıyır. Gəl əlini başımın üstünə qoy. Sənin əlin başıma dəyəndə pozitiv enerji alıram. Ağrılarım azalır.

 

- Son vaxtlar cəmiyyətdə anormal hallar yaşanmaqdadır. Ailədaxili münaqişələrlə paralel olaraq azyaşlıların zorlanması halları müşahidə olunur. Toplum olaraq uşaqların ətraf aləmdən mühafizə olunması məsələsi gündəmə gəlir. Cəmiyyəti çirkin bəlalardan necə xilas edək? Bu yerdə ölüm hökmünün bərpasına ehtiyac varmı?

 

- İnsanlar arasında maarifləndirməni gücləndirməliyik. Mətbuat və mediada, televiziya kanallarımızda verilişlər ər-arvadın, gəlin-qaynananın bir-birini ittiham etməsinə həsr olunmamalıdır. Bu cür verilişlərdən daha çox cəmiyyətin maarifləndirmə proqramlarına ehtiyacı var. Məsələlərə köklü yanaşmaq lazımdır. Mütaliənin zəruriliyi önəmlidir. Bu cür məsələlər mənəviyyat qıtlığından qaynaqlanır. Televiziyalarımız yaxşı ailə modellərini nümunə göstərməklə cəmiyyətə təqdim etməlidir. Bu gün televiziyalarımızı problemli ailələr zəbt edib. Hər bir dövlətdə bu cür hallar var. Sadəcə bu cür məsələləri davamlı qabartmaqdansa, örnək ailə modellərini nümunə göstərsinlər. Bölgələrdə millət vəkilləri, QHT-lər daha çox iş aparmalıdır. İnsanlarla söhbətlər etməliyik. Bölgələrdə icra nümayədələri, bələdiyyə sədrləri ailələrdə xoş olmayan halları birinci xəbər tuturlar. İlk duyduqları zaman “mənə nə” deməməlidirlər. Çünki icra nümayəndələri, bələdiyyə sədrləri, müəllimlər bir bölgənin ziyalısıdır. Müəllimin vəzifəsi məktəbdə sadəcə dərs deməklə bitməməlidir. O, bu kəndin ziyalısı kimi doğru yol göstərməlidir. Yanlışları düzəltməyə çalışmalıdırlar. İctimai qınağı gücləndirməliyik. Bir çox məsələlər ictimai qınağın zəifliyindən yaranır.  Mütaliənin vacibliyini qeyd etdim. Ona görə ki, uşaq kiçik yaşlarında mütaliəyəyə başladıqca psixoloji olaraq güclənir. Mənəvi çəkisi böyük olan əsərləri müəllimlər uşaqlara oxutdurmalıdırlar. Məktəblərdə uşaqların məktəbi bitirməsinə qədər oxunması vacib olan ədəbiyyat adlanan bir siyahı hazırlanmalıdır. Uşaq  sadədən mürəkkəbə doğru ədəbiyyatları oxumalıdır. Bunlar həm psixoloji, həm mənəvi, həm də ruhi məsələlərə kömək edən hallardır. Mütaliəsi zəifləyən toplum cəhalətə tez sürüklənir. Axundovdan bu tərəfə böyük aydınlarımız həmişə cəhalətlə mübarizə aparıblar. Ən alternativ mübarizə  üsulu kimi  mütaliəni, oxumağı qoyurdular. Uşaqlara qarşı zorakılıqlar da çoxalıb. Bu adamlar Azərbaycan qanunvericiliyində ən ağır cəzanı almalıdırlar. Hər zaman  ölüm hökmünün əlehinə olan adam olmuşam. Bu cür əxlaqsız və şərəfsiz insanlar bizi  “kaş ki ölüm hökmü olsaydı” deməyə məcbur edir. Düşünürəm ki, cəmiyyət səksəki içində yaşaya bilməz. Bunlara qarşı sərt mübarizə üsulu seçilməlidir.

 

- Səhv etmiriksə, neçə illərdir ki, “Reproduktiv sağlamlıq haqqında” qanun  layihəsi ətrafında da söhbətlər səngimir. Surroqat ana və donorluq məsələsi qanun layihəsindən niyə çıxarıldı? Digər tərəfdən süni mayalanma məsələsi qanunda necə öz əksini tapıb?

 

- Amma süni mayalanma məsələsi qalır. Süni mayalanmada bir qadın təkbaşına süni mayalanma edə bilməz. Süni mayalanma üçün nikah lazımdı. Qanunda da göstərilir ki, iki tərəfin razılığı olmalı və birgə gəlməlidir. Bu prosedur belə həyata keçiriləcək. Başqa cür mümkün deyil. Burada ailə təməli zədələnmir. Nikahda olan və uzun müddət övladı olmayanlara şamil olunur. Burada  iki nəfərin övladı olur. Başqa donor olmur. Süni mayalanma dinimizə də zidd deyil. Bütün müsəlman ölkələrində də qəbul olunub ki, bu, ailəni dağılmaqdan qorumaq üçün tətbiq oluna bilər. Bu yolla bir qisim ailələri dağılmaqdan qoruyuruq. Layihədə göstərilib ki, 10 il ərzində  övlad olmursa, ailələr  bir dəfə dövlət tərəfindən pulsuz yardımı ala biləcəklər. Düşünürəm ki, bunu 7 ilə endirsək, yaxşı olar. Qanun layihəsi bunu da özündə əks etdirmir. Bizim cəmiyyətdə reproduktiv sağlamlıqla bağlı işlərin artırılmasına ciddi ehtiyac var. Bu olmadan gələcəkdə ana sağlamlığı təhlükə altında qalır. Əlil uşaqlar doğulur. Zamanında işləri daha da çox görsək, əlil uşaqların sayını azalda bilərik. Ümid edirəm ki, Milli Məclisin payız sessiyasında bu qanun layihəsi gələcək.

 

- Surroqat ana məsələsinə vaxtilə Qafqaz Müsəlmanları İdarəsi də etiraz etmişdi.

 

- Bəzi müsəlman ölkələrində buna icazə verilir. Görünür, cəmiyyət bəzi məsələləri qəbul etmirsə, zorla qəbul etdirmək olmaz. Bu cür məsələləri cəmiyyət düşüncəsinə, fikrinə zidd qəbul edir. Biz surroqat ana və donorluq məsələsini müzakirəyə çıxaranda artıq cəmiyyətin bəzi qruplarından etiraz gəldi. Parlamentdə də bu nəzərə alındı. Ümumiyyətlə, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin qəbul edilməsi lazımdır.

 

- “Reproduktiv sağlamlıq haqqında” qanun  layihəsi qəbul olunarsa, ailə məsələləri ilə bağlı nə kimi dəyişikliklər olacaq?

 

- Öncə,  reproduktiv sağlamlığın nə qədər ciddi olduğunu düşünməliyik. 2017-ci ilin ilk 6 ayı ərzində statistika boşanmaların sayını açıqladı. Bu bizi çox ciddi şəkildə düşündürməlidir.  Boşanmaların əsl səbəbi nədir? Bunların hamısı analiz olunmalıdır. Bunlar ailə institutlarında önəmli məsələlərdir. Ailə dağılmalarının səbəblərini harada ala biləriksə, orada da almalıyıq. Dağılan ailələrin bir çoxunda uşaq ortada qalır. Bu dəhşətli haldır. Bəzi ailələrimiz var ki, mədəni şəkildə ayrıla bilmirlər. Uşaq anada qalırsa ata tərəfə qarşı aqressiv bir fikir formalaşır, yaxud da əksinə. Sanki bir-biri ilə mübarizə aparan tərəflərin savaşında uşaqlar alətə çevrilir. Amma bir məqam da var. Tutaq ki sabah süni mayalanmaya icazə verildi. Bəs sonra nə olacaq? Çünki icazə verilsə belə insanların yarıdan çoxu istifadə edə bilməyəcək. Yenə ailələr dağılacaq. Elələri olacaq bir dəfə istifadə etməklə övlad sahibi olacaqlar. Elələri də var ki, alınmayacaq. İstənilən halda neqativə köklənməməliyik.

 

-Bir müddət əvvəl orqanlarınızın  bağışlanması ilə bağlı vəsiyyət etdiyinizi dediniz. Sizcə, cəmiyyət olaraq buna nə dərəcədə hazırıq?

 

- Bu məsələdə bütünlüklə toplumun hazır olmasını gözləmək lazım deyil. Burada məcburiyyətdən söhbət gedə bilməz. Bu insanların könüllü seçimidir. Dünyanın istənilən ölkəsində bu cür hal məcburi həyata keçirilmir.

 

Sadəcə maarifləndirməklə bu sahədə insanların sayını artırmaq olar. Ən önəmlisi odur ki bunu könüllü olaraq etmək istəyənlər üçün mexanizm yaradılmalıdır. Bu məsələ qanunda var. Amma qanunun praktik olaraq həll edilməsi mümkün deyil. O demək deyil ki, istənilən xəstəxana bunu edə bilər. Xeyr orada bir mərkəz yaradılır, məlumatlar ora göndərilir. Qardaş Türkiyə bu məsələdə ən yaxşı örnəkdir. Bu gün transplantasiya ilə bağlı bizdə yaxşı mütəxəssislər yetişib. Amma məhdud sayda həyata keçirilir. Böyrək və qaraciyər transplantasiyası mümkündür. O biri orqanlar mümkün deyil. Axı niyə digər orqanlarında problem olan insanlar ölümə məhkum olunsunlar ki?! Əgər dünyadan köçəndə bir neçə şəxsə can verə bilərəmsə, niyə bunu etməyim?! Amma bunun mexanizmi olmayandan sonra nə mənim arzum yerinə yetə, nə də ondan insanlar yararlana bilir.

 

Dünyanın ən savadlı həkimi belə deyə bilməz ki, insandan 2 böyrəyindən birinin götürülməsi orqanizmə zərər vurmayacaq. Təbii ki, vuracaq.  Risk faktorunu artıracaq. Qara ciyər də belədir. İnsanlar bəzən evini satıb gedib xaricdə donor axtarmağa başlayır. Elə adamlar da var ki, onların həyatları 2-3 saatdan asılı olur. Şəxsi təyyarə tutmaq imkanları olsa belə xəstənin həyatını qurtara bilmirlər.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı