Modern.az

Deputatlar xaricdə istirahətdən imtina ediblər  

Deputatlar xaricdə istirahətdən imtina ediblər  

Parlament

30 Avqust 2017, 15:56

Qanunvericiliyə əsasən, Milli Məclisin deputatları bu ilin iyulun 15-dən avqustun 30-na qədər rəsmi qaydada məzuniyyətdə olublar. Maraqlıdır, görəsən Milli Məclisin deputatları məzuniyyəti harda keçiriblər?

 

Modern.az saytı deputatlar arasında keçirdiyi sorğunu təqdim edir.

 

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev məzuniyyətini ailəsi ilə birlikdə müxtəlif rayonlarda keçirib.

“Bununla yanaşı, bu müddət ərzində bir neçə şəxslə görüşmüşəm. İstirahət vaxtlarımda seçicilərimlə də görüşüb onların problemləri, qayğıları ilə maraqlanmışam. Daha sonra istirahətimi Bakıda davam etdirmişəm. Düşünürəm ki, istirahət üçün ən gözəl yerlər Azərbaycandadır”.

 

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov isə istirahətini Quba və Qusarda edib.

“İstirahət müddətimi hər zaman olduğu kimi, bu il də Quba və Qusarda dostlarım və ailəmlə birlikdə keçirmişəm. Daha sonra seçicilərimi qəbul edib, problemlərini dinləmişəm”.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, tətil müddətinin çox hissəsini Bakıda keçirib.

“Arada Qubada olmuşam. Az müddət xaricdə də oldum, ancaq əsas vaxtımı Bakıda keçirmişəm. Bu müddət ərzində seçicilərimlə də görüşlərim olub”.

 

Milli Məclisin Müdafiə, təhlükəsizliik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirəzadə bildirib ki, istirahətini yalnız Azərbaycanda keçirib.

“Həmçinin ölkəmizin bir neçə dilbər guşəsində olmuşam. Daha sonra Mingəçevirə gedib, seçicilərimlə, dostlarımla görüşmüşəm”.

 

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa da məzuniyyətini Bakıda keçirib.

“Bu il də istirahətimi ailəmlə birlikdə Bakıda keçirmişəm. Bu müddət ərzində dostlarımla, müxtəlif ziyalılarımızla görüşümüşəm”.

 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı istirahət etmək üçün Oğuz və Qəbələni seçib.

“Mən istirahətimi Qəbələdə və Oğuzda etdim. Bildiyiniz kimi, mən bu iki rayonun da deputatıyam. Oğuza həm anamı görməyə, həm də ailəmlə, nəvələrimlə istirahət etməyə getmişdim. Düşünürəm ki, istirahət etmək üçün ən yaxşı yer elə ölkəmizdi. Həmçinin, istirahət zamanı seçicilərimlə təmsil olunduğum hər iki rayonda görüşlər keçirdim”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar