Modern.az

Xarici İşlər Nazirliyindən Livanda ölmüş idmançımızla bağlı AÇIQLAMA

Xarici İşlər Nazirliyindən Livanda ölmüş idmançımızla bağlı AÇIQLAMA

Ölkə

31 Avqust 2017, 11:44

“Azərbaycan Respublikasının Livandakı Səfirliyindən aldığımız məlumata əsasən bildiririk ki, Azərbaycan Respublikasının vətəndaşı, 06.02.1994-cü il təvəllüdlü Əliyev Xəzər İntiqam oğlunun iştirakı ilə Livanın Beyrut şəhərində 28 avqust tarixində səhər 5.30 radələrində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsində Əliyev Xəzəri avtomobil vurub.

Əliyev Xəzər hadisəni törədən şəxsin iştirakı ilə təcili tibbi yardım xidməti vasitəsilə xəstəxanaya çatdırılıb və ona ilkin yardım göstərilməsinə baxmayaraq həmin gün təqribən saat 11.00 radələrində vəfat edib. Mərhumun üzərində olan pasport sənədi əsasında Beyrut şəhər polisi Azərbaycan Respublikasının səfirliyi ilə əlaqə saxlayıb”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən açıqlamada bildirilib.

Qeyd edilib ki, dərhal səfirliyin konsulluq xidmətinin əməkdaşları xəstəxanaya gedib, polis və tibb işçiləri ilə birlikdə cənazəyə baxış keçirilib və mərhumun şəxsiyyətini müəyyən edilib.


XİN mətbuat xidməti daha sonra bəyan edib:


“Səfirlik tərəfindən XİN-nin Konsulluq İdarəsinin təlimatı əsasında zəruri tədbirlər görülüb, ilk növbədə mərhumun ailəsinə məlumat verilib və faktla bağlı cinayət işi açılması təmin edilib.

Livanda olduğu müddətdə Əliyev Xəzər səfirlikdə konsulluq qeydiyyatında olmayıb. Onun səyahət sığortasının da olmadığı bildirilir. Xəstəxana göstərilən tibbi xidmətin müqabilində ödəməni tələb edir.

Digər ölkələrdə olduğu kimi, büdcə təşkilatları olan Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin büdcəsində bu kimi hallar üçün büdcə vəsaiti nəzərdə tutulmayıb.

Azərbaycan Respublikasının Livandakı səfirliyi Beyrut polisi, xəstəxana və hadisəni törədən şəxs və onun vəkili ilə təmasları davam etdirərək cənazənin Azərbaycana göndərilməsinin təmin edilməsinə çalışır.

XİN-nin Konsulluq İdarəsi məsələni diqqətdə saxlayır”. 
 

Qeyd edək ki, mərhum Xəzər Əliyev idmançıdır. Onun ölümü barədə ilk xəbəri gənc idmançının dostları sosial şəbəkələrdə yayıblar.
İdmanın qarışıq döyüş sənəti olan MMA növü ilə məşğul olan X.Əliyev 3 gün əvvəl Beyrut şəhərində dünyasını dəyişsə də, onun meyitinin ölkəyə gətirilməsi problemə çevrilib.

Dostlarının verdiyi məlumata görə, Xəzərin meyiti 3 gündür ki, morqda qalıb. Onun yaxınlarından  12 min dollar əməliyyat pulu, 7-8 min dollar da meyitin göndərilməsi üçün pul istəyirlər.

X.Əliyevin Naxçıvanın Şərur rayonundan olduğu, Ordubadda internatda böyüdüyü bildirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir