Modern.az

Azərbaycanın vitse-prezidentləri nə vaxt təyin ediləcək…  

Azərbaycanın vitse-prezidentləri nə vaxt təyin ediləcək…   

Ölkə

31 Avqust 2017, 12:16

Azərbaycanda bu ilin əvvəlindən hakimiyyətin yuxarı pilləsində ciddi struktur islahatlarına start verilib. 2017-ci ilin fevralında Prezident Administrasiyasında edilən dəyişiklik nəticəsində I vitse-prezident institutu formalaşdırıldı. Nəticədə birinci xanım Mehriban Əliyeva Azərbaycan Respublikasının I vitse-prezidenti təyin olundu. Daha sonra bu il iyununda Prezident Administrasiyasında dövlət başçısına yeni köməkçilər təyin edildi, eyni zamanda yeni vəzifələr yaradıldı və onlara da təyinatlar gerçəkləşdi.
Hazırda isə Nazirlər Kabinetində struktur islahatları həyata keçirilir.


Təyinatı gözlənilən vəzifələr sırasında vitse-prezident postları da var. Belə ki, Azərbaycanın bir və ya iki vitse-prezidentinin təyin ediləcəyi gözlənilir.

Bəs bu təyinatların yaxın vaxtlarda gerçəkləşməsi mümkündürmü?


Məsələ ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc Modern.az-a açıqlama verib.

Zahid Oruc  bildirib ki, vitse-prezidentlik institutu 26 sentyabr 2016-cı il tarixdə keçirilmiş ümumxalq səsverməsi – referendumla Azərbaycan Respublikasının Konstitusiyasına edilən dəyişikliklərin nəticəsində meydana çıxıb.


“Düşünürəm ki, bu institutun yaradılması dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi baxımından çox əhəmiyyətli bir tədbirdir. Bu institut prezident hakimiyyətinin daha uğurla çalışmasına, möhkəmlənməsinə və hakimiyyəti dayanıqlı etməsinə xidmət edir. Digər tərəfdən də islahatların sürətlə həyata keçirilməsinə mühüm vasitədir.

 

Mehriban Əliyevanın I vitse-prezident təyin olunması onun prezidentin xanımı olmasından daha çox, son illər ərzində həyata keçirdiyi genişmiqyaslı fəaliyyəti ilə əlaqədardır. Düşünürəm ki, belə bir çevik, kifayət qədər ciddi və möhkəm iradəyə malik olan, ən mühüm humanitar missiyanı daşıyan xanım liderin bu vəzifəyə yüksəlişi cəmiyyət tərəfindən də müsbət qarşılanıb. Çünki başqa heç bir namizəd o komponentləri özündə daşımır”.


Deputat hesab edir ki,  vitse-prezidentlər postuna yaxın zamanlarda təyinatlar ola bilər.

“Bu təyinatların olmasının insanlar tərəfindən gözlənilməsi başadüşüləndir. Hesab edirəm ki, hər hansı bir təyinat sadəcə adlardan ibarət deyil. Həmin şəxslərin yerinə yetirəcəyi missiya önəmlidir. Biz bu gün iqtisadi, sosial sahədə daha dərin islahatların həyata keçirildiyini görürük. Bir neçə il öncə sosial yardımların verilməsindəki problemləri açıq şəkildə görürdük. Lakin həmin sahədə yeni innovativ proqramlar tətbiq olundu. Gerçək ünvanlılığının təminatı üçün imkanlar yarandı. Ancaq bu proses hələ də davamlı olmalıdır. Hələ də iqtisadi sahədə islahatların həyata keçirilməsinə baxmayaraq, idxaldan asılı qalırıq. Cənab prezident də hər zaman bu sahədə ən önəmli məsələləri qarşıya qoyur. Belə olan təqdirdə həmin sahələrə təyin olunacaq vitse-prezident orada işlərin koordinasiya edilməsinə və ölkə başçısı tərəfindən verilən tapşırıqların uğurla həyata keçirilməsinə dəstək verə bilər. Hesab edirəm ki, bu hakimiyyətdə idarəçiliyin ahəngdarlığına müsbət təsir edər. Vitse-prezidentlərin təyin olunması birbaşa olaraq ölkə başçısının səlahiyyətində olan məsələdir”.

Z.Oruc deyib ki, son bir il ərzində edilən dəyişiklər bizə müəyyən bir tablonu canlandırır.

“Bu ondan ibarətdir ki, Prezident Administrasiyasının sistemi daha da optimallaşdırılıb. Administrasiya dövlət və hakimiyyət sisteminin idarəçiliyində ən yüksək rol oynamaqda davam edir. Administrasiyada müavinlik institutu tətbiq olundu. Həmçinin digər strukturları real hallara gətirmək üçün ölkə başçısının mühüm addımları oldu.

Nazirlər Kabinetinin də fəaliyyəti struktur baxımından optimallaşmaqdadır. Düşünürəm ki, burada hər hansı bir paralelçilik yoxdur. Vitse-prezidentlik institutu müydana çıxanda bir çoxları fərqli proqnozlar verirdilər.  Amma qətiyyət bu qurumların biri digərinin ləğvini zəruri etmir”.

“Yaxın zamanlarda dövlət qurumların birləşdirilməsi gözlənilirmi?” sualına isə Zahid Oruc belə cavab verib:

 

“Qərb təcrübəsində belə bir yanaşma var ki, qeyri-rentabelli olan strukturların, nazirliklərin, dövlət orqanlarının, şirkətlərin fəaliyyətini özəl sferanın çərçivəsində qurmaq istəyirlər. Belə olan təqdirdə Azərbaycanda uğurlu bir şəkildə “Publik hüquqi şəxs” məsələsi meydana çıxır. Bu bir qədər yeni sahədir. Mənaca bu özünün xidmət sahəsindən gəlir əldə edən və onlarla komponenti özündə daşıyan struktur deməkdir. Azərbaycanda bir sıra dövlət qurumları bu sistemə keçdilər.

 

Bunlar Maliyyə Bazarlarına Nəzarət Palatası, Dövlət İmtahan Mərkəzi və s-dir. Hesab edirəm ki, müxtəlif qurumlarla bağlı da belə qərarlar verilə bilər”.

Deputat bildirib ki, Azərbaycanda nazirliklərin sayı bir sıra aparıcı ölkələrlə müqayisədə çoxdur.

“Amma həmin strukturları sadəcə olaraq say mənasında ləğv etmək, onların içərisində çalışan insanların taleyini düşünmədən addımlar atmaq da düzgün olmazdı. Bununla yanaşı, həmin dövlət orqanlarının fəaliyyəti xarici ölkələrlə də əlaqələnib. Bütün bunlar onu nəzərdə tutur ki, dövlət idarəçilik sistemində varislik ənənələri qorunmalıdır. Söhbət şəxslərdən getmir. Düşünürəm ki, bizdə strukturlar əhalinin 100 min nəfərinə düşən məmur sayı komponentinə görə müəyyənləşməlidir. Bu yöndə tədbirlər görülməkdədir. Ölkə başçısının qarşısına qoyduğu hədəflər var. Elə hesab edirəm ki, qarşıdakı dövrlərdə optimallığıa doğru gedəcəyik”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir