Modern.az

Qarabağı görənlər azalır...

Qarabağı görənlər azalır...

Ədəbi̇yyat

31 Avqust 2017, 12:52

Nicat Nəsirli

Dünən şuşalı Əjdər kişi haqq dünyasına qovuşdu..Səksən yaşını haqlamış bu qoca Şuşanın canlı tarixi idi, hər daşını, yetişdirdiyi şəxsiyyətlərini əzbər bilirdi. Şuşanı görmüş, yaşamış, tanımış daha bir canlı tarixi itirdik. Bir neçə il əvvəl isə Cəbrayılın tanınmış siması Səfiyar müəllim rəhmətə getmişdi. O da Cəbrayılın canlı tarixi idi...

İllər ötür, itirdiyimiz torpaqlara qayıda bilmədikcə, Qarabağın tarixinə, yollarına, izlərinə, dərələrinə, keçidlərinə bələd olan insanların sayı azalır. Dünyasını dəyişən ahıllar Qarabağla aramızda ən güclü bağdır, bu bağ boşalır və qopur. Onun yerini nə ilə doldurururuq?

Qocalar ölür, əvəzində yeni nəsil yetişir. Ölənlərlə bərabər minyonlarla qiymətli informasiyalar, məlumatlar torpağa gömülür, gənc nəsil isə yalnız mənsub olduğu yerin adını bilir. Hamımız anlayırıq ki, Qarabağı görməyən nəsil itirmək duyğusunu dərindən yaşaya bilmir. Ha təbliğat aparaq, ha danışaq..söz başqa, görmək başqadır...

Düşməndə yatmayıb. İlhaq etdiyi torpaqları yeni yetişən gənc nəsilə sevdirməklə məşğuldur. Şuşaya, Xankəndinə məktəblilərin ekskursiyalarını təşkil edirlər, yalançı abidələr qoyub “ bu yaşayış məskəni neçə min il əvvəl ermənilər tərəfindən salınıb” mesajını verirlər, müharibədə iştirak etmiş canlı “qəhrəman”ların master- klasslarını təqdim edirlər. Nəticədə o baş verir ki, bizdə Qarabağı görməyən, onlarda isə Qarabağı görən, havasını udan, gözəlliyini duyan bir nəsil yetişir. Sizcə, hansının psixoloji nəticəsi daha güclü olar?

Biz heç yalançı da olsa qəhrəmanlıq hekayələri də uydura bilmirik. Mən heç görməmişəm ki, zəngin döyüş yolu keçmiş, müharibənin barıt  qoxusunu udmuş, erməni öldürmüş zabit və döyüşçülərimizin hər hansı bir orta və ya ali məktəbdə şagirdlərlə görüşü keçirilsin. Ümumiyyətlə, müharibə əhval-ruhiyyəsinə söykənmiş ideoloji-siyasi təbliğat maşını işləyirmi? İşğal edilmiş rayonların icra hakimiyyətlərinin rüblük hesabatlarında tez-tez quru, yalana çox bənzəyən cümləyə rast gəlirik:” Gənc nəsilin vətənpərvər ruhdan tərbiyə olunması sahəsində genişmiqyaslı işlər həyata keçirilir”.  Doğrudanmı, sifətindən yağ daman, bahalı avtomobil və geyimlərdə yaşayan başçılarımız gənc nəsilə vətənpərvərlik ruhunu aşılaya bilirlər?!

Bu gün gənclərimizin günlük həyat tərzini qəhrəmanlarımızın uğur hekayələri deyil, “papanın gül balaları”nın eyş-işrət məcaraları məşğul edir. Qarabağı az xatırlayır gənclərimiz...

İllər keçir, hər keçən il bizi Qarabağdan uzaqlaşdırada bilər, yaxınlaşdıra da. Baxır biz mübarizəmizə nə qədər inanırıq..

Dahilərdən biri belə deyir:” Kütlənin illuzayalarını idarə etmək bacarığı ən ali hakimiyyətdir”. Bunu idarə edə bilməyən isə məğlubiyyəti ilə barışmaq məcburiyyətində qalacaq...

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?