Modern.az

Komitə sədri: “Vasif Talıbovun sərəncamı kitaba yenidən qayıdışdır”

Komitə sədri: “Vasif Talıbovun sərəncamı kitaba yenidən qayıdışdır”

Ədəbi̇yyat

31 Avqust 2017, 18:03

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov avqustun 28-də “Oxunması zəruri olan kitablar haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılmasına xidmət edən "Oxunması zəruri olan kitabların siyahısı” təsdiq edilib. Buna uyğun olaraq təhsil və mədəniyyət müəssisələrinin kitabxanalarında müvafiq kitab guşələri yaradılmalıdır. Siyahıya 30 kitab daxil edilib.

Vasif Talıbovun sərəncamı ictimaiyyət arasında və sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Hətta bu sərəncama görə onu qınayanlar da olub.

 

Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, AMEA-nın vitse prezidenti, akademik İsa Həbibbəyli Modern.az-a açıqlamasında məsələyə münasibət bildirib.

 

İsa Həbibbəyli Naxçıvan Muxtar Respublikasında təhsil islahatlarının ardıcıl olaraq həyata keçirildiyini bildirib.

“Muxtar Respublika müasir tipli məktəb tikintisi problemini çoxdan həll edib. Məktəblərdə kompüterləşmə problemi də öz həllini tapıb. İndi Naxçıvan Muxtar Respublikasının bütün məktəblərində, hətta ən ucqar dağ kəndindəki məktəbdə də internetdən istifadə olunur. Artıq bir neçə ildir ki, burada həftənin konkret bir günündə eyni dərs saatında internet vasitəsilə Naxçıvandakı muzeylərdən birində dərs keçirilir, hər yerdə həmin dərs dinlənilir və müzakirə olunur. Beləliklə, həm də yeni nəsil muzeylərdə nümayiş etdirilən nadir materiallarla tanış olmaq imkanı qazanır.
“Muzeydən-məktəbə” internet-dərs proqramı Azərbaycan təhsil sistemində tam yeni və çox faydalı layihədir. Bu yolla maarifçi xarakterli tədris materialı ilə tarix və mədəniyyət düşüncəsi birləşir. Yeni nəslin vətənpərvərlik tərbiyəsi və milli-mənəvi özünüdərk dünyagörüşü zənginləşir və daha da möhkəmlənir. Bundan başqa, Naxçıvan Muxtar Respublikasının ali təhsil müəssisələrində və Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində çalışan alimlərin hamısı ayda bir dəfə doğulduqları kəndlərdəki məktəblərdə açıq dərslər keçirirlər. Şagirdlər akademiklərin, elmlər doktorlarının, fəlsəfə doktorlarının dərslərini dinləyir, onlardan suallarına cavab alırlar. Eyni zamanda, elm adamlarının da məktəblərlə normal əlaqələri formalaşır. Bunlar isə çox fayda verir. Həm yeni gənc nəsl inkişaf edir, həm də yerlərdə ziyalılığın səviyyəsi artır”.

 

Deputat deyib ki, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun təsdiq etdiyi “Oxunası zəruri olan kitabların siyahısı” Naxçıvanda ardıcıl olaraq aparılan təhsil islahatlarının məntiqi davamıdır.

“Artıq kitab, internet və açıq dərs kompleks halında məktəblilərin formalaşmasında iştirak edəcək. Bu, Azərbaycanın yeni nəslinin bütün maraqlarının, daxili-mənəvi tələbatının ödənilməsinə xidmət edəcək. Onu da deyim ki, Qori Müəllimlər Seminariyasında da seminaristlərin mütaliə etməsi zəruri sayılan kitablara dair tövsiyələr tətbiq olunmuşdur. Bu, Azərbaycanın böyük bir görkəmli ziyalı nəslinin inkişafında mühüm rol oynayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təsdiq etdiyi siyahıda gənc nəslin dövlətçilik və vətənpərvərlik tərbiyəsinə, habelə şəxsiyyət kimi formalaşmasına daha çox təsir edə biləcək kitablara üstünlük verilməsi müstəqil dövlətçilik idealları üstündə köklənmiş kamil Azərbaycan vətəndaşlarının daha yetkin səviyyədə formalaşdırılmasına kömək etmək məqsədi daşıyır. Zəruri ədəbiyyatın siyahısı azərbaycançılıq dünyagörüşünün inkişaf etdirilməsi üçün də istiqamətverici imkanlara malikdir”.

 

Komitə sədri hesab edir ki, siyahıdakı dünya ədəbiyyatının şedevrləri olan qiymətli əsərlər gənc yaşlarından dünyagörüşün zənginləşdirilməsi üçün düşünülmüş əhəmiyyətli addımdır.

 

““Oxunması zəruri olan kitabların siyahısı” orta məktəb proqramında öyrənilməsi nəzərdə tutulmuş bədii əsərlərə qiymətli əlavədir. Yaxud da bu, tədris proqramlarında yer ala bilməyən ən zəruri kitablara diqqətin cəlb olunmasıdır. Siyahıda olan kitabların əksəriyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı əsasında latın qrafikası ilə çap olunmuş əsərlərdir. Bu kitablar dövlətin qayğısı ilə bütün məktəb kitabxanalarına göndərilib. Yəni mütaliə edilməsi zəruri hesab olunan kitabları tapmaqda məktəblilər çətinlik çəkməyəcəklər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin sərəncamında oxunması zəruri olan kitabların siyahısının daim zənginləşdirilməsinə dair ayrıca bəndin olması bu prosesin gələcəkdə yaradıcılıqla davam etdirilməsini təmin edəcək. Bütün bunlara görə “Oxunması zəruri olan kitabların siyahısı” müasir dövrdə kitaba yenidən, həm də məqsədyönlü şəkildə qayıdışa çağırışdır. Bu çağırışın həyata keçirilməsi işığında ölkənin hərtərəfli inkişafa malik olan, vətəninə, xalqına və dövlətinə sadiq əsl vətəndaşların böyük gələcəyini görmək mümkündür”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir