Modern.az

Mətbuatda ciddi araşdırmalar yoxdur  - Tanınmış jurnalistlər səbəblərdən DANIŞDILAR  

Mətbuatda ciddi araşdırmalar yoxdur  - Tanınmış jurnalistlər səbəblərdən DANIŞDILAR  

Media

5 Sentyabr 2017, 14:10

Bu gün Azərbaycan mətbuatında  jurnalistikanın müxtəlif janrlarından istifadə olunur. Xüsusilə xəbər və müsahibə janrlarına daha çox müraciət edilir.  Lakin jurnalist araşdırmalarına çox az rast gəlirik. Halbuki, jurnalist araşdırması önəmli yenilikləri ehtiva etməsi və cəmiyyət üçün böyük əhəmiyyətə malik olması ilə digər janrlardan fərqlənir.

Bəs jurnalist araşdırmalarının az olma səbəbi nədir?

Modern.az bu sualla bir neçə tanınmış jurnalistə müraciət edib.

Qulu Məhərrəmli mətbuatda jurnalist araşdırmalarının az olmasının bir neçə səbəbindən söz açıb:

“Birinci səbəb jurnalistlərin bu janra meylli olmamasıdır. Çünki  araşdırma peşəkarlıq və cəsarət tələb edir. İkincisi, media qurumları başlarını salamat saxlamaq, üz-göz olmamaq üçün  araşdırma janrına müraciət etmirlər. Üçüncü, jurnalist araşdırması üçün ciddi maliyyə, vaxt  və peşə vərdişi lazımdır. Məhz bu səbəblərdən Azərbaycan mediasında jurnalist araşdırmaları ya azdır, ya da qəhətə çəkilir. Bəzi insanlar düşünür ki, bu janr statistik məlumatlar, tarixi faktlar əsasında müxtəlif sahələri araşdıraraq material hazırlamaqdır. Əslində dünya jurnalistikasında  araşdırma janrı deyiləndə daha çox cəmiyyətdən gizlədilən, qapalı saxlanan mövzulara toxunmaq və sənədləri ortaya çıxarmaqdır. Sənədlərlə işləmək, mənbələri müəyyənləşdirmək, müqayisə aparmaq, lazım olan yerləri aşkar etmək jurnalistdən bacarıq tələb edir. Tutaq ki, cəmiyyət üçün təhlükə törədən bir məsələ var. Jurnalist problemin  ardınca gedir və araşdırır. Bunun üçün onlar müəyyən vərdişlərə yiyələnməlidirlər”.

Q. Məhərrəmlinin fikrincə, bu gün Azərbaycan oxucularının jurnalist araşdırmalarına  tələbatı çoxdur:

“Nəinki oxucuların, həmçinin cəmiyyətin, dövlətin  bu janra tələbatı var. Hökumət ayırdığı büdcənin necə xərcləndiyini, korrupsiya faktlarını, cəmiyyətdən gizlədilən məlumatları bilməlidir. Məsələn, Amerikada ən çox oxunan material araşdırmalardır. Media cəmiyyətin hakimiyyət üzərində ictimai nəzarətidir. Əgər media qurumu  müstəqildirsə və heç kimdən asılı vəziyyətdə deyilsə, o zaman araşdırma materialları daha çox olur. Çünki “ac qulağım, dinc qulağım” deyib bu cür materiallardan kənarda qalan media qurumları da var. Halbuki, cəmiyyəti irəli aparan və dövlətin qüdrətini möhkəmləndirən amillərdən biri faktların  araşdırma janrı vasitəsilə üzə çıxarılmasıdır. Belə olan halda jurnalistika əsas missiyasını yerinə yetirmiş olur”.

Arif Əliyev düşünür ki, son zamanlar jurnalist araşdırmalarına rast gəlmək mümkündür:

“Mətbuatda xüsusilə də maliyyə sahəsində jurnalist araşdırmalarına rast gəlmək olur. Amma  böyük mənada  əlbəttə, jurnalist araşdırması bir janr olaraq Azərbaycan mediasında ən zəif təmsil olunan janrlardan biridir. Bunun da konkret və sadə səbəbləri var. Birinci səbəb maliyyədir. Çünki araşdırma uzunmüddətli və hətta ciddi xərc tələb edən əməkdir. İkincisi, nə mətbuat orqanlarında, nə də jurnalistlərdə araşdırma materialı hazırlamaq üçün həvəs var.  O cümlədən, burada professional  və texniki səbəblər mövcuddur. Jurnalist araşdırması eyni zamanda, gizli mətləbləri üzə çıxarmaq deyil. Bu, əldə olan sənədlərlə işləmək bacarığıdır. Bizdə isə bu sənədlər son dərəcədə məhduddur, informasiya əldə etmək çox çətindir. Bunun nəticəsində araşdırma materiallarının sayı da azdır.
Bu gün bəlkə də Azərbaycan oxucusunun bu janra tələbatı Qərb oxucusundan da çoxdur. Çünki qapalı mətləblər kifayət qədərdir. Bu səbəbdən ayrı-ayrı fərdlər və ya qurumların fəaliyyətini açıqlamaq lazımdır”.

Tapdıq Fərhadoğlu bildirib ki, araşdırma materialı hazırlamaq üçün  məlumatlar açıq olmalıdır:

“Jurnalist araşdırmaları üçün müstəqil jurnalist və mətbuat olmalıdır. Mətbuat çəkinmədən hər şeyi araşdırmağı bacarmalıdır. Eyni zamanda, jurnalist peşəkar olmalıdır. Digər tərəfdən araşdırma üçün lazım olan məlumatların açıq olması da önəmli məsələdir. Azərbaycanda jurnalistlərin bu janra olan marağı kifayət qədərdir. Sadəcə olaraq, məlumatlar əlçatımlı olmalıdır. Əgər siz sosial şəbəkələrdə məlumatların oxunma sayına baxsanız, araşdırma janrının oxucu sevgisi qazandığını görərsiniz”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi