Modern.az

Azərbaycan niyə bu filmi Oskara təqdim etdi? - Komissiya katibindən AÇIQLAMA  

Azərbaycan niyə bu filmi Oskara təqdim etdi? - Komissiya katibindən AÇIQLAMA   

5 Sentyabr 2017, 14:56

Kinorejissor İlqar Nəcəfin “Nar bağı” filmi “Xarici dildə ən yaxşı film” nominasiyası üzrə Amerika Kino Akademiyasının Oskar Mükafatına təqdim edilib.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının nəzdində fəaliyyət göstərən Amerika Kino Akademiyası Azərbaycan üzrə Oskar Komissiyası əsas  rollarda Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayevin çəkildiyi filmi uyğun nominasiya üzrə təqdim edib. Təbii ki, bu, hələ təqdimatdır. Qarşıda  çox mərhələlər- uzun və qısa siyahılar var. Fakt isə odur ki, mütəxəssislərdən ibarət Azərbaycan üzrə  komissiya bu il üçün ən yaxşı Azərbaycan filmi kimi məhz  “Nar bağı”nı seçiblər.

Komissiyanın katibi rejissor Şamil Əliyev Modern.az-a açıqlamasında deyib…

 

“Bəli, biz “Nar bağı” filmini Oskar komissiyasına təqdim etmişik. Amma bu ancaq təqdimatdı. Azərbaycan hər il çalışmalıdır ki, bir filmi təqdim etsin. Bu təqdimat prosesinin müəyyən reqlamenti, qayda-qanunları var. Biz o qayda-qanuna tam riayət olunmaqla “Nar bağı”nı təqdim etmişik.  Heç bir qanun pozuntusu olmadı. Qaydalara tam riayət etməklə bu filmi seçdik. İndi “uzun siyahı”ya düşəcək-düşməyəcək, bu, artıq bizim işimiz deyil. Bu artıq Amerika Kino Akademiyasının qərarından asılıdır. “Uzun siyahı”ya düçəndən sonra da dünya üzrə 6000 nəfər olan jüri üzvündən seçilən 30 jüri Oskar Komissiyasında bu filmlərə baxır və yekun qərarı verirlər. “Nar bağı” hara qədər gedib çıxacaq, bunu biz bilə bilmərik.
“Nar bağ”ının potensialı haqqında hələlik danışmaq istəməzdik. Bu, hələ tezdir”.

Qeyd edək ki, film Anton Çexovun məhşur “Albalı bağı” pyesinin motivləri əsasında çəkilib. Hadisə əyalətlərdən birində baş verir. Şamilin (aktyor Qurban İsmayılov) iri nar bağı var, onu kəndin imkanlı adamlarından biri almaq istəsə də o, satmır. Onun oğullarından biri ölüb, digəri Qabil isə evlənib, sonra heç kəsə nəsə demədən ailəsini də atasının yanında qoyaraq Rusiyaya gedib. Baba gəlini Sara və 11-12 yaşlı nəvəsi Cəlalla yaşayır. Günlərin birində gözlənilmədən oğul qayıdır. O, atasına ailəsini Rusiyaya aparacağını deyir, nar bağını satdırır və pulu da götürərək ailəsindən gizlin tək Rusiyaya qayıdır. Çünki onun başqa ailəsi var və borcu olduğundan qızı girov götürülüb. Bu pul ona qızının xilası üçün lazımdır...

Kəskin dramatik xətt üzrə inkişaf edən film 13-cü Avrasiya Beynəlxalq Film Festivalında mükafatlarla təltif olunub. Qurban İsmayılov filmdə ifa etdiyi roluna görə “Ən yaxşı kişi rolu”, film “Münsiflər heyətinin xüsusi mükafatı” və FIPRESCI (Beynəlxalq Kinotənqidçilər Federasiyası) tərəfindən “Xüsusi vurğulama”ya layiq görülüb.


N.Nihad

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır