Modern.az

“Dövlətimizə və Prezidentimizə ləkə yaxmağa çalışırlar”  

“Dövlətimizə və Prezidentimizə ləkə yaxmağa çalışırlar”   

5 Sentyabr 2017, 16:36

“Biz dəfələrlə şahidi olmuşuq ki, bəzi ölkələrin siyasi rəhbərləri tərəfindən, həmçinin ABŞ-ın keçmiş dövlət katibi Con Kerrinin ofisində vaxtilə Azərbaycana qarşı qarayaxma kampaniyası aparılırdı. İndi də müəyyən ölkələrdə Azərbaycana qarşı qarayaxma kampaniyasının aparılması davam edir. Düzdür, əvvəlki illərə  baxanda bu, xeyli zəif və gücsüz görünür. Amma yenə də pis niyyətdə olan insanlar var. Hesab edirəm ki, növbəti belə hesabat da Azərbaycana qarşı aparılan xaricdəki müəyyən dairələrin kampaniyasının tərkib hissəsidir”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə 2017-ci il sentyabrın 4-də Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı layihəsi tərəfindən hazırlanan yazı, bu yazıya istinadən “BBC News” saytında 2017-ci il sentyabrın 5-də dərc olunan “Azərbaycan - 3 milyard dollar dəyərində gizli çirkli fondu idarə edib” başlıqlı və “Guardian” qəzetində bu məsələ ilə bağlı gedən məqalələrə münasibət bildirərəkən deyib.

 

Deputat bildirib ki, dünyanın bir çox ölkələrinin, təşkilatlarının aparıcı liderləri, ictimai xadimləri Azərbaycan haqqında son zamanlar çox düzgün, obyektiv və müsbət fikirlər səsləndirməyə çalışırlar.

“Hesab edirəm ki, bu məqalə Azərbaycanın artan nüfuzuna, eyni zamanda cənab prezidentin dünyada yüksələn nüfuzuna  və ailəsinin imicinə xələl gətirmək üçün bir qrup insanın hazırladığı kampaniyadır. Mən hüquqşünasam. Birmənalı olaraq bildirirəm ki, faktlara söykənməyən fərziyyələrin heç bir əsası yoxdur. Bu hesabat da fərziyyələr əsasında hazırlanıb. Ona görə də heç bir şəxs bunu ciddi qəbul etmir”.
 

Ç.Qənizadə qeyd edib ki, bu yazının hazırlanmasında fəal iştirak edən və bu təşkilatın rəhbərlərindən biri erməni əsilli Dina Naqapetyandır.

“Dina Naqapetyanın məqalə müəllifləri sırasında olması artıq hər bir Azərbaycan vətəndaşına siqnaldır ki, bu yazının hazırlanmasında erməni lobbisinin əli var. Bu təsir nəticəsində Azərbaycan dövlərinə, prezidentinə və ailəsinə qarşı qarayaxma kampaniyasının reallaşdırılmasına cəhd olunur. Hesab edirəm ki, bunların heç bir təsiri olmayacaq. Həm Azərbaycanın, həm də cənab prezidentin dünyada artan imicinə bu cür çirkin əməlli insanlar tərəfindən hazırlanmış qeyri-ciddi fərziyyələrə sökənən hesabatların heç bir təsiri ola bilməz. Azərbaycan iqtisadi və siyasi baxımdan son zamanlar irəliyə doğru addım atmış dövlətlərdən biridir. Həmçinin, Azərbaycan Cənubi Qafqazın ən güclü və Avropanın sayılıb-seçilən  dövlətlərindən  biridir. Bizim dövlət kimi tanınmağımızda cənab prezidentin xüsusi  çəkisi və rolunun olmasını da nəzərə alan bu cür insanlar həm dövlətimizə, həm də prezidentimizə ləkə yaxmağa çalışırlar. Ataların bir misalı var: “İt hürər, karvan keçər”. Bu cür sərsəm fikirlərin və bəyanatların bizə heç bir təsiri ola bilməz. Prezidentin fəaliyyəti şəffaf və göz qabağındadır. O, hər gün insanların əhatəsində müəyyən açılışlar edir. İcra başçıları, nazirlər, məmurlara konkret xalqın maraqlarına söykənən göstərişlər verir. Həmin göstərişlərin həyata keçməsinə nəzarət edir. Xalqın sevimlisinə çevrilən bir şəxs haqqında bu cür qarayaxmalar heç vaxt ayaq tutub yeriyə bilməz”.

 

 

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi