Modern.az

Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr

Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr

17 Noyabr 2009, 13:53

 

«Media əhvalatları» rubrikasında jurnalistlərin iş prosesində başlarına gələn maraqlı əhvalatları onların öz dilindən veririk. Rubrikamızın bu dəfəki iştirakçıları həmkarlarımız Xaqani Səfəroğlu, Nicat Sadıqlı, Araz Zeynalov və Jalə İsmayıldır.  

Xaqani Səfəroğlu, “Ayna” qəzetinin müxbiri Polis və ATƏT nümayəndəsi - 2003-cü ilin oktyabr hadisələrini yəqin ki, hamı xatırlayır.  Mən həmin gün Azadlıq meydanından reportaj hazırlayırdım.  Vətəndaşlarla polis arasında qarşıdurmanın ən qaynar vaxtında bir də gördüm ki, bir nəfər balacaboy adam dağınıq kütlənin içindən aralanıb qaranəfəs “Abşeron” otelinə tərəf qaçır. Bir polis də onu var gücü ilə qovur. Qarmaqarışıqlıda mən həmin adamı tanıdım. Bu, o zaman ATƏT-in Bakı ofisinin rəhbəri Burxard idi. Zavallı Burxard bütün diplomatik etiketi yaddan çıxarıb öz canını otelə salmaq üçün qacır, polis də onu qovurdu. Polis bir az kök idi deyə, Burxarddan geri qalırdı. Nə səbəbə isə polis ATƏT rəsmisini “qara camaat”dan hesab eləmişdi və girəvəyə salıb ona bir –iki dubinka vurub “diri” tutmaq istəyirdi. Təngnəfəs polis mənim yanımdan keçəndə birdən özümdən asılı olmadan qışqırdım ki, “rəis, rəis, o adam ATƏT-in rəhbəridi”. Polis birdən dayandı, çevrilib mənə baxdı. Həmin an özüm-özümə dedim “vəssalam, bir dənə də dubinka mən “yeyəcəm””.  Onsuz da bir qədər əvvəl qarışıqlıqda möhkəm bir təpik “qazanmışdım”. Nə isə, polis mənə tərs-tərs baxıb “elə bütün bunların günahı bu sarı oğ.....dadı da!” deyib yenidən Burxardın dalınca götürüldü. Deyəsən Burxard özünü otelə sala bilmişdi. Çünki otel mühafizəçiləri qapıya çatan polisi güc-bəla ilə sakitləşdirməyə çalıçırdılar.  Deputat zalın yolunu səhv salmışdı - 2005-ci ildə, üçüncü çağırış Milli Məclisin ilk sessiyasının açılış iclası idi. Biz-jurnalistlər  parlamentin foyesinə toplaşıb iclasın başlanmasını gözləyirdik. Həm də ilk dəfə seçilmiş deputatları müşahidə edirdik. İclas başlanması barədə xəbərdarlıqdan sonra deputatlar zala daxil oilmağa başladılar. Jurnalistlər də onlar üçün ayrılmış ikinci mərtəbədəki yerlərə qalxmağa başladılar. Birdən parlamentin qapısından ilk dəfə deputat mandatı qazanmış Bakı Dövlət Unversitetinin rektoru Abel Məhərrəmov tələsə-tələsə foyeyə daxil oldu və dərhal da işgüzar görkəmdə ikinci mərtəbəyə qalxan jurnalistlərə qoşuldu. Xülasə, Abel müəllim bizimlə medianın oturduğu yerə kimi gəldi və birdən aşağı baxıb “ə, deputatlar aşağıda oturub ki” deyib yerindən qalxdı. Biz əvvəl elə bildik ki, Abel müəllim kiminsə yanına yuxarı qalxır. Bizim oturduğumuz yerə girəndə başa düşdük ki, ilk dəfə Milli Məclisdə olan professor sadəcə zalın yolunu səhv salıb.  

 

Nicat Sadıqlı, «Mərkəz» qəzetinin redaktoru

 

«Salam, Şair müəllim»

 

- Bir dəfə jurnalist Aybəniz Vəlixanlı mənə zəng edib Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbərinin adını və telefon nömrəsini soruşdu. Mən də təəccübləndim ki, nə əcəb sosialdan yazan Aybəniz Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbərini tanımır. Zarafatla dedim ki, «40 ildir sosialdan yazırsan. Məşhur şairi tanımırsan?». Bunun da ardınca mətbuat xidmətinin rəhbəri Əjdər Olun (Maliyyə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri - L.M.) adını və telefon nömrəsini verdim. Aybənizlə danışığımın üstündən 5-6 dəqiqə keçmiş mənə yenidən zəng etdi. Bu dəfə isə gözünü yumub ağzını özünəməxsus sözlərlə açdı:

- Başına daş düşməsin, ay Nicat. Niyə məni aldatdın? Mən ömrümdə belə vəziyyətə düşməmişdim.

Ürəyini boşaldandan sonra məlum oldu ki, Aybəniz mənim danışığımdan elə başa düşüb ki, mətbuat xidmətinin rəhbərinin adı Şairdir. Buna görə də Əjdər müəllimə «Şair müəllim» deyə müraciət edib. Əjgər müəllim də yəqin düşünüb ki, Aybəniz onunla zarafat edir və tanımadığı adamın zarafatından xoşlanmadığından jurnalist həmkarımıza sərt cavab verib. 

«Ceyhun Qəlbiqırıq»

 

- 2001-ci ildə «Hürriyyət» qəzetində işlədiyim vaxtlar idi. Bir gün həmkarım Ceyhun Musaoğlu idman müxbirimiz İxtiyara yalvardı ki, bir informasiya var, onu öz səhifəsində versin. İnformasiya da bundan ibarət idi ki, Ceyhunun yaşadığı Mehdiabad qəsəbəsi ilə Bakı kəndlərindən hansınınsa gəncləri futbol oynayıb və Mehdiabad futbolçuları 6:3 hesabla qalib gəlib. Ceyhun da onlara söz verib ki, bu barədə qəzetdə informasiya gedəcək. İxtiyar həmkarımızın sözünü yerə salmadı və informasiyanı idman səhifəsində verməyə razılaşdı. Sabahısı gün gəlib gördük ki, informasiya «Ceyhun Qəlbiqırıq» imzası ilə gedib. Həmin gün Ceyhun doğrudan da qəlbiqırıq gəzdi. Yəqin utandığından heç informasiyanı həmyerlilərinə də göstərə bilmədi. 

 

 

Araz Zeynalov, JUHİ İdarə Heyətinin üzvü

«Mürdəşir deyil eee, mənim orta məktəb müəllimimdir»

 

- «Bu gün»də işlədiyimiz vaxt həmkarım Rəvan Soltanov Bakı məscidlərindən birində işləyən mürdəşirdən müsahibə götürmüşdü. O vaxt texniki imkanlar yaxşı olmadığından mürdəşirin şəklini çəkə bilməmişdi. Axşam yazı səhifəyə gedəndə dizaynerimiz Emil kompüterin yaddaşındakı şəkillərin arasından yaşlı, bir az da “bomj”a oxşayan bir kişi şəkili tapdı və səhifəyə qoydu. Hazır səhifələrin mətbəəyə aparılmasına 5-10 dəqiqə qalmış mürdəşirlə bağlı yazı baş redaktor Nəsib İsmayılovun diqqətini cəlb etdi və üzünü dizaynerimizə tutaraq soruşdu. 

- Bu nə şəkildir, Emil?

- Nəsib müləlim, mürdəşirdir də.

- Mürdəşir deyil ee, mənim orta məktəb müəllimimdir.

Qeyd edim ki, o vaxt Nəsib İsmayılov parlament seçkilərində namizədliyni irəli sürmüşdü. Seçicilərə paylamaq üçün özü barədə xüsusi qəzet də çap etdirmişdi. Qəzetdə baş redaktorun həm qohumu, həm də müəllimi olan həmin yaşlı kişi də onun haqqında danışmışdı. Buna görə də şəkil qəzetin arxivində qalmışdı.  

 

«Yaman bərk yellənirsən ha…» 

- «Bü gün» qəzetində işlədiyim vaxtlar idi. Vüsaldə Mahirqızı ilə eyni otaqda otururduq. 2000-ci il zəlzələ olan gün Vüsalə qayıtdı ki, «deyəsən, işin yaxşı gedir, yaman yellənirsən». Mən də dedim ki, «hə, niyə də yellənməyim. İşim əla gedir». Vüsalə qayıtdı ki, «amma yaman bərk yellənirsən ha». Elə bunu demişdi ki, redaksiyanın dəhlizindən dizaynerimizin səsi gəldi «Qaçıııın... zəlzələəəə». Dəhlizə çıxanda məlum oldu ki, hamı qaçıb, redaksiyada qalan elə üçümüzük. Deməyəsən məni yellədən zəlzələymiş…

 

 

Jalə İsmayıl, müstəqil jurnalist «Aktrisa ilə hüquq müdafiəçisini dəyişik saldı»

 

- İşlədiyim qəzetlərdən birində adını çəkmək istəmədiyim mədəniyyət müxbirimiz vardı. Həftədə bir dəfə sənət adamları ilə bağlı sorğu aparırdı. Sənətçilərə zəng edir, həmkarları barədə onların fikirlərini öyrənirdi. Suallarını asanlıqla və hərtərəfli cavablandırdığı üçün bir neçə ay ərzində aktrisa Səidə Quliyevaya daha çox müraciət etdi. Bir gün yenə bizim yanımızda Səidə xanıma zəng etdi.

- Salam, Səidə xanım, necəsiz?

- Sağ ol, yaxşıyam, siz necəsiz? Yenə sorğudu?

- Xeyir (gülür). Bu dəfə özünüzlə bağlı bir xəbər almaq istərdim.

- Özümlə bağlı?... Vallah, nə məlumat vardı, bu gün mətbuat konfransında uşaqlara verdim.

- Aaa, nə mətbuat konfransı? Nə vaxt keçirmisiz?

- Bu gün də. Hamı gəlmişdi.

- Tədbir nə ilə bağlı idi ki?

- İnsan haqlarının qorunmasına dair tədbirə getmişdim xaricə, bununla bağlı.

- (uzun fasilədən sonra) Nə insan haqları?

- İnsan haqları də. Siz bizim tədbirləri izləmirsiz ki? Tez-tez hüquq müdafiəsilə bağlı tədbirlərimiz olur. Siz də gəlin.

-??? (Həmkarımızın üzündə dəhşətli təəccüb ifadəsi yarandı və əliylə bizə işarə edir ki, bu nə danışır?)

- Səidə xanım, sizsiz?

- Bəli, mənəm.

- Səidə Quliyeva, hə?

- Xeyr. Səidə Qocamanlı...

 

 

Anar Nağılbaz və HİV

 

- Başqa bir mədəniyyət müxbirimiz tədbirdən gəlib şəkilləri dizaynerə verdi və bərk-bərk tapşırdı ki, onun yazısına mütləq verdiyi şəkilləri qoysun. O vaxt Anar Nağılbaz bir təşkilat yaratmışdı. Təşkilatın adının abbreviaturası da HİV idi. Qız danışdı ki, reper tədbirdə bəzi jurnalistlərin savadsız olduğunu, onunla bağlı yazılara SPİD yazılan şəkil qoyduqlarını deyib və çox xahiş edib ki, bunu nəzərə alsınlar. Sabah qəzet çıxanda gördük ki, Anar Nağılbazın tədbirinə ucundan qan damcılayan şpris şəkili qoyulub. Qan damcıları ilə də “HİV” yazılıb.

 

 

 

Hazırladı: Lalə MUSAQIZI

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi