Modern.az

Dərdlərinin 25 yaşı mübarək, ŞƏHİD BACISI, ŞƏHİD XANIMI

Dərdlərinin 25 yaşı mübarək, ŞƏHİD BACISI, ŞƏHİD XANIMI

5 Sentyabr 2017, 20:59

Hələ dünyanın düz vaxtları idi...

Hələ Xankəndi şəhərində yaşayan ermənilərin igidlər məskəni Kərkicahanı göz dağı kimi seyr etdiyi zamanlar idi...

Və bu kiçik, baxımsız qəsəbədə Əmirxan kişinin ailəsində Təranə adlı bir qız böyüyürdü. Şıltaq, səsli-küylü, bir az da oğlansayağı. Bütün bunlar da təbii idi. Gözünü açandan qonşu ermənilərlə dava-dalaş görən bir məkanda başqa cür böyümək də olmazdı.

Təranə yaşıdlarından bir az fərqli idi. Əmirxan kişinin qayğısı, Fayizə ananın nəvazişi, qardaşları Natiqin, Namiqin dayağı Təranəni bir az da ürəkli böyüdürdü. Və illər keçəcəkdi, Tanrının ona bəxş etdiyi bu ürəkli ömür çox dərdləri çəkməyə məcbur və məhkum olacaqdı...

Təranə Şahmuradova Kərkicahanda Səməd Vurğun adına səkkizillik məktəbi bitirdikdən sonra təhsilini Nizami Gəncəvi adına 4 saylı orta məktəbdə davam etdirib. O, 1983-cü ildə   Xankəndi Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olub. Tələbəlik illərində əla qiymətlərlə oxumaqla yanaşı, institutun komsomol təşkilatının katibi və həmkarlar ittifaqının sədr müavini işləyib. Ali təhsilini 1988-ci ildə başa vurub.

Həmin il  Dağlıq Qarabağda, o cümlədən Xankəndində ermənilər açıq şəkildə azərbaycanlılara qarşı mitinqlər keçirir, Dağlıq Qarabağı Ermənistana birləşdirmək üçün cinayət tərkibli əməllər törədirdilər. Kremldən dəstək alan daşnak xislətli ermənilər yerli azərbaycanlıları incidir, evlərini yandırır, onlara hədə-qorxu gəlir, şəhərdən çıxıb getmələrini tələb edirdilər. Təranəgilin ailəsi də digər azərbaycanlılar kimi  bu təzyiqlərə dözməyərək  doğma Xankəndini - Kərkicahanı tərk edirlər.

Məcburi köçkünlük həyatına başlayan Təranə   Şahmuradova   Xocalıdakı orta məktəbdə əvvəlcə müəllim, sonra tədris işləri üzrə direktor müavini işləyir.   Xocalı soyqırımı zamanı Təranə Şahmuradova ikinci dəfə köçkünlük həyatı yaşayır, həm də təkcə doğma torpağını deyil, iki qardaşını Natiq və Namiqi, həyat yoldaşı Tahiri itirir...

Kərkicahanın bu üç igid oğlu ermənilərə qarşı döyüşlərdə son damla qanlarınadək qəhrəmancasına vuruşaraq şəhid olurlar, beləliklə də Qarabağ savaşı öz acı-ağrısından Təranəyə “səxavətlə” pay verir.

Batmanla gələn dərd Təranəni nə qədər sarsıtsa da o, bu dərdləri qüruru, iradəsi, kişi qeyrəti ilə çəkməyi bacarır. Və onun qarşısında bir missiya dayanır, Şahmuradovlar ailəsinin gələcək övladlarına Natiqin, Namiqin, Tahirin nəfəsini, qoxusunu çatdırsın. Bəli, o, dözməyi, ayaq üstə qalxmağı bacardı. İşlədi, çalışdı, bilik və bacarığını cəmiyyətdə realizə edə bildi...

Təranə Şahmuradova 1998-ci ildə Azərbaycan Respublikasının XXI Qadınlar Qurultayının nümayəndəsi seçilib, həmin il daxili işlər orqanlarında işə qəbul olunub. 2010-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirərək ikinci ali təhsilini alıb. Hazırda polis polkovnik-leytenantı Təranə Şahmuradova Gəncə şəhər Baş Polis İdarəsinin Qeydiyyat və şəxsiyyət şöbəsinin rəisidir.

Bu gün Təranə xanımın doğum günüdür. Dəbdəbə və təmtəraqdan uzaq olan polis zabiti 1992-ci ildən öz ad gününü dərdləri ilə qarşılayır. Çünki bu gün həm də onun əkiz qardaşı şəhid Namiq Şahmuradovun doğum günüdür.

Dərdlərinin 25 yaşı mübarək, şəhid bacısı, şəhid xanımı...

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir