Modern.az

Vəfa Quluzadə: “Azərbaycan bu Hərəkata çox nahaq yerə qoşulub" (MÜSAHİBƏ)

Vəfa Quluzadə: “Azərbaycan bu Hərəkata çox nahaq yerə qoşulub" (MÜSAHİBƏ)

27 May 2011, 15:57

“Neytrallar Hərəkatına qoşulsaq da, Qərb Azərbaycanın yaxasını buraxmayacaq”

Azərbaycan Prezidentinin beynəlxalq məsələlər üzrə sabiq müşaviri, politoloq Vəfa Quluzadənin Modern.az-a müsahibəsini təqdim edirik.

- Vəfa müəllim, ABŞ, Rusiya, Fransa prezidentlərinin “Dovil bəyanatını” necə qiymətləndirirsiniz?

- Mən açıq-aydın demək istəyirəm ki, üç prezidentin biri Dimitri Medvedevdir. D.Medvedev Rusiyanın real prezidenti deyil. Rusiyada real prezident Vladimir Putindir. Putin də güc strukturlarını və hərbi sənaye kompleksini təşkil edir. Qarabağ problemini yaradanlar, bu problemi bu vəziyyətdə saxlayanlar onlardı. Hər hansı sülh cəhdinə zərbə vuranlar da məhz onlardır. Ona görə, bu üç prezidentin dediyi yalnız xoş niyyətdir. Əgər gələcək seçkidə Medvedev qalib gəlsə, bəlkə də onda bu üç prezident bir şey edə bildi. Onun qalib gəlməsi də ağılasığan deyil. Sizə deyim ki, analoji bəyanatla Bill Klinton, Boris Yeltsin və Jak Şirak 1998-ci ildə Amerikanın Denver şəhərində çıxış etmişdilər. Onlar demişdilər ki, “gələn il Qarabağ məsələsinin həlli ili olacaq”. Amma olmadı. Erməni parlamenti güllələndi, Qarabağ məsələsi gündəmdən çıxdı. İndiyə qədər də heç bir irəliləyiş yoxdur. Əksinə, geriləmələr var. Cəbhə xəttində atəşkəs tez-tez pozulur. Hər iki tərəfdən də çoxlu itkilər var. Hiss olunur ki, hər iki tərəf müharibəyə hazırlaşırlar. Ermənilər bizim gözümüzün qabağında daim əsgəri təlimlər keçir. Biz də məcbur olub onların qabağında əsgəri təlim keçib öz gücümüzü nümayiş etdiririk. Mən demirəm ki, müharibə olacaq. Çünki, bütüb böyük güclər müharibənin olmamasını istəyirlər. Qeyd edim ki, Rusiyanın da bu müharibədə marağı yoxdur. Ona görə ki, Rusiya gəlib Cənubi Qafqazı tam işğal edə bilməyəcək. Qərb buna imkan verməz. Amma məsələ yerindən tərpənməyəcək, olduğu kimi qalacaq. Üç prezident də bunu xoş niyyət kimi səsləndirdilər.

- Sizin fikrinizcə, bu problemi həll edə biləcək bir təkan yeri nə ola bilər?

- Rusiya dağılmağa doğru gedir. Onların iqtisadiyyatı çıxılmaz vəziyyətdədir. İnfrastruktur dağılıb demək olar ki, yoxdur. Kənd təsərrüfatı demək olar ki, ölüb. Onların yalnız neft və qazları var. Onun qiyməti artıq olduğuna görə, pulunu verib Amerika və Avropadan yeyib-içmək alırlar. Ruslar toyuğu Amerikadan, balığı Avropadan alırlar. Özləri heç nə becərmirlər. Mən təəccüb edirəm ki, hətta Rusiya meyvə-tərəvəzlə doludur, amma almanı da Şərqi Avropadan alırlar. Düzdür, biz də o günə düşürük. Bizim bazarda da bu vəziyyət höküm sürür. Amma Rusiya boyda böyük bir imperiya buna dözə bilməyəcək. Əvvəl-axır çökəcək. 5 yoxsa, 6 ilə -bunu mən dəqiq deyə bilmərəm. Rusiyanın təcavüzkar, imperiya yönlü hakimiyyətinin yerinə demokratik hakimiyyət gəlsə, Rusiya da parçalanacaq. Yalnız demokratik Rusiya hakimiyyətinin Qarabağ problemi kimi dondurulmuş münaqişələrə marağı olmayacaq. O zaman bunların hamısı həll olunacaq.

- Vəfa müəllim, siz hesab edirsiniz Dağlıq Qarabağ problemi tam Rusiyanın inhisarındadır?

- Məsələ ondadır ki, onlar torpaqlarımızı işğal edib. Nüvə dövləti olan Rusiya... Ermənilərin nə gücü var ki... Siz ermənini ciddi qüvvə hesab edirsiniz? Onun  nə qazı, nə nefti var, nə hərbi sənayesi var. Bəs, necə olub ki, gəlib Azərbaycanın 20 faiz torpağını işğal edib. Siz media nümayəndələri gərək hər gün bu məsələyə toxunasız ki, ermənilərin ağlı başına gəlsin. Çünki rusların çoxunu inandırıblar ki, guya ermənilər gəlib buranı işğal edib. Rus qüvvələri bizim kəndlərə, rayonlara gələrək deyiblər ki çıxın burdan ermənilər gəlir. Bizimkilər də neynəsinlər, şələ-şülələrini yığışdırıb çıxırdılar. Ondan sonra ruslar ermənilərə deyiblər “indi girə bilərsiniz”. Bax, Azərbaycan torpaqları belə işğal olundu. Kəlbəcəri yadınıza salın, Kəlbəcərin bütün əhalisini köçürdülər. Ruslar elə vəziyyət yaratdılar ki, heç kəs Kəlbəcəri müdafiə etmədi. Niyə müdafiə etmədi? Çünki, Azərbaycan hələlik sovet dövləti idi. Azərbaycanın güc strukturlarına əmri oldu ki, yerinizdən tərpənməyin. Şuşa da elə getdi, Ağdam da, Kəlbəcər də belə getdi. Rusiya buraları öz torpağı hesab edirdi. Qərb də o zaman bizi Rusiyanın ərazisi  hesab edirdi. Qərb indi-indi bizi müstəqil dövlət hesab edirlər. Bizim gənclər bunları xüsusi ilə başa düşməlidirlər. Bizim əsas düşmənimiz rus imperialimzidir. Bu imperiya çökür, buna görə ümidimiz var. Bu ümidi də ölkəmizi gücləndirmək və inkişaf etdirməklə xalqımıza xidmət etdirmiş olarıq.

- Vəfa müəllim, hazırda ABŞ və Avropa Dağlıq Qarabağ münaqişəsində hansı mövqedədir?

- Onların mövqeyi beynəlxalq hüquq mövqeyi olacaqdır. Sözsüz Azərbaycanın 7 rayonunun azad olunması olacaq. Onlar öz mövqeyini artıq BMT-nin vəsiqələrində ifadə ediblər. Həmin bu mandat məsələsinə nəzər salaq. Mandatda yazılıb ki, ermənilər gərək 7  rayonu işğaldan azad etsinlər ki, Dağlıq Qarabağın statusu haqqında Azərbaycanla Ermənistan arasında danışıq olsun. İndi Rusiya çökür. Budan sonra Azərbaycan ayağını yerə vurur ki, rədd olun 7 rayondan. Azərbaycan deyə bilər ki, Qarabağa biz dünyada mövcud olan ən yüksək status yox, muxtar vilayət statusu veririk. Ya da heç vermirik. Gəlsinlər bizim vətəndaş kimi yaşayırlar yaşasınlar, yaşamırlar cəhənnəm olsunlar. Düzdü, Qərb ermənilərin xətrinə dəyməmək üçün onların nazı ilə oynayacaq. Avropada razı olacaqlar ki, biz onlara status verək. Amma bu statusun da mənası olmayacaq.

- Bildiyimiz kimi, Azərbaycan İndoneziyada Qoşulmayanlar Hərəkarına qoşuldu. Sizin buna münasibətinin necədir?

- Ölkəmiz çox nahar yerə Neytrallar Hərəkatına qoşulub. Bu Azərbaycana heç də lazım deyildi. Azərbaycan bununla nümayiş etdirib ki, Qərblə əməkdaşlıq etmək istəmir, bu əməkdaşlıqdan çəkinir. Bunu belə izah etmək olar. Bu Azərbaycana heç bir xeyir verməyəcək. Azərbaycan Qərblə əməkdaşlıq etməkdən yayına bilməyəcək. Çünki Qərb Azərbaycanın yaxasını buraxmayacaq. Azərbaycanın gücü yoxdur ki, Qərbə bir təpik vursun, Qərb də getsin o tərəfə düşsün.

- Qoşulmayanlar Hərəkatı SSRİ-nin təşəbbüsü ilə ABŞ-la balans üçün yaradılmış bir qurumdur....

- Bəli. Amma SSRİ çökəndən sonra bu qurum tamamilə mənasını itirib. Deməli bu heç nədir. Azərbaycanın bu addımı Qərbdə onun Qərblə əməkdaşlıq etməmək cəhdi kimi qiymətləndiriləcək.

- İran son zamanlar bölgədə aktivləşib. Onlar da Qarabağ kartı ilə danışırlar. İran ruhaniləri vaxtilə Qarabağda İran muzdlularının döyüşdüyünü və onların Qarabağı müdafiə etməsi kimi fikirlər səsləndirirlər. Sizin bu fikirlərə münasibətiniz necədir?

- Bunların hamısı boş söhbətdir, yalandır. İran Qarabağda heç nə eləməyib. Rusiya gəlib bütün torpaqları tutub, İranda oturub yerində. İran bunun əvəzində ermənilərə neft, yağ və yemək verib. Levon Ter-Petrosyan da öz bəyanatında etiraf edib ki, İran olmasaydı, Ermənistan artıq çökmüşdü. İranın Qarabağla bağlı danışıqlarda  tamamıilə yeri yoxdur. Özü də onların bizə qarşı münasibətləri mənfidir. İranın əlində olsa, Qarabağı da, hamısını da Ermənistana verərdi.

- Azərbaycanın hazırki xarici siyəsət prioritetləri imkan verirmi  Qarabağ məsələsində hər hansı bir irəliləyişə nail olunsun?

- Bu dəqiqə Qarabağla bağlı hər hansı irəliləyişə nail olmaq imkanları yoxdur. Mən yalnız bunu deyə bilərəm..

-Vəfa müəllim, erməni xarici işlər naziri Nalbandyanın bəyanatında deyilirdi ki, Ermənistan Azərbaycanla Qarabağ münaqişəsinin həllində sülh töfhəsini verməyə hazırdır... Faktik olaraq Ermənistan yaxasını kənara çəkmək istəyir.

- Nalbandyanın qulağına nə doldururlar, o da bəyanat verir. Onlar hamısını yalan deyir. Siz onların sözlərinə fikir verməyin. Onlar marionetkadırlar. Ermənistan əzəldən dedi ki, bu müharibə Qarabağla Azərbaycan arasındadır. Guya Ermənistanın buna heç bir dəxli yoxdur. Sonra BMT qərar qəbul eliyəndə çıxılmaz vəziyyətdə qaldılar. Ermənilər indiyə qədər də xarici aləmin Qarabağ problemindən bixəbər olan ölkələrinə deyirlər ki, “bu bizim müharibəmiz deyil, Qarabağla Azərbaycan arasında olan məsələdir”. Ermənilər yalançıdırlar. Mən arzu edirəm ki, Ermənistan bir gün normal dövlətə çevrilsin, Rusiyadan canını qurtarandan sonra orda sıfırdan dövlət qurulmağa başlansın.

Xaqani Səfəroğlu

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir