Modern.az

Azərbaycanda “Super” markalı benzini hansı avtomobillər işlədir...

Azərbaycanda “Super” markalı benzini hansı avtomobillər işlədir...

7 Sentyabr 2017, 12:10

Bir neçə gün əvvəl  Azərbaycanda "Aİ-98 Super" markalı benzinin qiyməti 10 qəpik bahalaşaraq, 1,2 manatdan 1,3 manata yüksəlib. "Super" markalı benzin yalnız "SOCAR Petroleum" QSC-nin yanacaqdoldurma məntəqələrində satılır.
Adıçəkilən şirkət qiymət artımını "Super" markalı benzinin xaricdən idxal olunmasıyla əlaqələndirib. Şirkət bəyan edib ki, qiymət artımına əsas səbəb mənbədə, yəni Rumıniyada bu markadan olan benzinin bahalaşmasıdır.



Maraqlıdır, “Super” benzini işlədən avtomobillər hansılardı?



Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov Modern.az-a bildirib ki, daha çox yeni gətirilən avtomobillər “Super” benzinlə işləyir.


“Aİ-98 Super” markalı benzinlə əsasən ölkəyə yeni gətirilən, ən müasir texnologiya ilə təmin olunan minik avtomobilləri işləyir. Bu benzin markası daha çox “Avro 4” və daha yüksək ekoloji standarta uyğun avtomobillərin istifadəsi üçündür. “Aİ-98” markalı benzini daha çox son illər ölkəmizə Avropa, Amerika və Yaponiyadan gətirilən avtomobillər istifadə edir”.
 

Ekspertin sözlərinə görə,  ölkədə istənilən bir əmtəənin qiymətinin qalxması inflyasiya göstəricisidir və iqtisadi mexanizmdə digər məsələlərə də təsirini göstərir.
 

““Aİ-98 Super” markalı benzinin qalxması insanlara psixoloji təsir göstərə bilər. “Aİ-98”  markalı benzinin qiymətinin artmasından sonra insanlarda belə bir düşüncə yarana bilər ki, digər benzin markalarının da qiymətində artım olacaq”.
 

Ə. Hüseynov bildirib ki,  “Aİ-98 Super” markalı benzinlə işləyən avtomobillər elə də çox deyil.


“Yük avtomobilləri, taksilərin və avtobusların əksəriyyəti “Aİ-92” və ya “dizel” yanacağı ilə işləyir. Bununla yanaşı, “Aİ-98” markalı benzinlə işləyən taksilər də var, bunların sayı çox deyil. Bu yalnız onlara müəyyən problem yarada bilər”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir