Modern.az

Rəsulzadə adına medal təsis edilib - Yubileydə təqdim olunacaq - AXC-100  

Rəsulzadə adına medal təsis edilib - Yubileydə təqdim olunacaq - AXC-100   

7 Sentyabr 2017, 17:10

Gələn il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək.

Mədəni-humanitar qurumlar, QHT-lər, eləcə də dövlət təşkilatları, elmi müəsssisələr bu istiqamətdə nə kimi işlər görməyi planlaşdırır?

 

Modern.az silsilə şəklində aiddiyyatı orqan və mədəni-humanitar təşkilatların “AXC-100”  mövzusunda görəcəyi işlərlə bağlı ictimaiyyəti bilgiləndirməyə çalışacaq.

Həmçinin, ayrı-ayrı ziyalılar, araşdırmaçı, tarixçi  və yaradıcı adamların da bu yöndə hər hansı iş görmələri böyük maraq doğurur.

Hazırda Moskvada yaşayan şair-publisist, AYB-nin Moskva filialının ən fəal üzvlərindən olan Sultan Mərzili Modern.az-a açıqlamasında həm aid olduğu bölmənin, həm də Rusiya paytaxtındankı digər təşkilatların bu yöndə iş görəcəklərini bildirib: 

 

“Burada bir neçə təşkilat var, biri də  “Məhəmməd Əmin Rəsulzadə”  adına təşkilatdır və aparıcı tədbirləri o görəcək. Biz də bu işlərdə onlara dəstək verəcəyik.

AYB-nin Moskva filialı isə hələ o barədə toplantı keçirməyib. Yəqin ki, tezliklə yığıncaq keçirilib bu məsələlər də orada müzakirə ediləcək”.

 

Sultan Mərzili Moskvada fəaliyyət göstərən “Məhəmməd Əmin Rəsulzadə” təşkilatı və oranın təsis etdiyi eyniadlı medaldan da danışıb:

 

“Məhəmməd Əmin Rəsulzadə adına təşkilat təkcə yubileylər keçirməklə deyil, həm də ADR hökuməti və Rəsulzadə haqqında arxiv materiallarını üzə çıxarıb çap etdirmək kimi işlər görür. Moskvada bu işlərdə tarixçi alim, Rəsulzadə irsinin araşdırmaçısı Nəsiman Yaqubluya dəstək olub.

Təşkilat həm də Rəsulzadənin adına medal və mükafat təsis etdirib. Təsisçi ziyalı, iş adamı Füzuli Fərəcovdur. Biz də o tədbirlərdə yaxından iştirak etmişik. Konfranslar da olub. Rəsulzadənin adını daşıyan medal və mükafat hər il Məhəmməd Əmin Rəsulzadənin ad günündə, ADR hökuməti və Rəsulzadəni tanıdan, irsini təbliğ edən ictimai xadimlərə verilir.

Şübhəsiz, gələn il medal və mükafatın daha təntənəli təqdimetmə mərasimi olacaq”.

 

N.Nihad

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir