Modern.az

Şeyxülislam Qareginlə görüşdə Dilqəmlə Şahbazın məsələsini qaldıracaq - MÖVQE

Şeyxülislam Qareginlə görüşdə Dilqəmlə Şahbazın məsələsini qaldıracaq - MÖVQE

8 Sentyabr 2017, 13:59

Bu  gün Moskva Qarabağla bağlı daha bir görüşə ev sahibliyi edir. Bu dəfə dini liderlər bir araya gəlir. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə və bütün ermənilərin katalikosu II Qaregin arasında hazırda görüş keçirilir. Görüşün təşəbbüskarı isə bütün Rusiyanın və Moskvanın patriarxı Kirilldir.

 

Qeyd edək ki, dini liderlərin iştirakı ilə sonuncu belə görüş2011-ci ildə baş tutub. Hazırkı görüş də digər görüşlər kimi sülhməramlı xarakter daşıyır.

 

Dini liderlərin görüşünün əsas müzakirə predmeti nədir?

Hansı məsələlər müzakirə edilir?

 

Ermənistanın girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin geri qaytarılması istiqamətində bütün Qafqazın şeyxi  məsələ qaldıra bilərmi?

 

Mövzu ilə bağlı Modern.az-ın suallarını keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli cavablandırıb.

 

“Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi müzakirə oluna bilər”

 

“Zənnimcə, dinlərarası münasibətdə nə qədər tolerantlıq olursa, bu, dərhal xalqlararası münasibətlərə transfer edir və millətlər arasında illərlə toplanmış kin-küdurətin, qarşıdurmanın aradan qaldırılmasına böyük töhfə verir. Bu baxımdan da din xadimlərinin görüşməsi mövcud qarşıdurmanın aradan qaldırılmasına müəyyən töhfələr verə bilər.

 

Eyni zamanda, Dilqəm Əsgərov və Şahbaz Quliyevin geri qaytarılması məsələsi də müzakirə edilə bilər. Çünki bu, humanitar məsələdir. Ermənistanda 5500-dən çox azərbaycanlı əsir və girov var. Ermənistan bunu dansa da, bu məsələləri kompleks halında gündəmə gətirə bilərik. Güman ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini şeyx qaldıracaq. Amma görüşün əsas mövzusu müharibə problemləri və iki ölkə arasında qanlı savaşların təkrarlanmasının aradan qaldırılması yolları ilə bağlı olacaq”.

 

“Ermənistan kilsə başçısının Qarabağ məsələsində obyektiv mövqe tutacağına inanmıram”

 

Politoloq, erməni kilsəsinin rəhbərinin obyektivliyinə şübhə ilə yanaşdığını deyib.

 

“Deməzdim ki,  dini liderlərin görüşü formal xarakter daşıyır. Çünki Rusiya patriarxı II Kirilin başçılığı ilə həyata keçirilir. Son zamanlar mətbuatda belə fikir səslənir ki, Moskva problemin həlli ilə bağlı konkret təkliflə çıxış edib. Bu səbəbdən bir çox strukturları, şəxsiyyətləri dövriyyəyə daxil edib və onların potensialından istifadə etməyə çalışır. Hamının diqqəti din xadimlərinin hansı təkliflərlə çıxış etməsi ilə bağlıdır. Ermənistan kilsə başçısının Qarabağ məsələsində obyektiv mövqe tutacağına inanmıram, amma görüş sülh danışıqlarına töhfə verə bilər”.

 

“Din xadimlərinin böyük təsiri var”

 

Qabil Hüseynli dili liderlərin görüşünün əhəmiyyətindən də söz açıb.

 

“Bu sarıdan hər iki ölkələrin dini liderlərinin öz dövlətlərinə və xalqlarına böyük təsiri var. Ermənistan kimi ölkədə 2000 il ərzində  dövlətçilik ənənələri olmayanda din həm dövlətçilik funksiyasını yerinə yetirib, həm də erməni xalqının mənafelərini müdafiə edib. Ona görə də Ermənistanda Qriqoryan kilsəsinin və katolikosunun böyük hörməti var. Azərbaycanda da şeyxülislam tanınmış din xadimlərindən biridir. Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində rolu olan şəxsiyyətlərdən biridir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir