Modern.az

“Hədəflərin məmləkət qədər böyüksə...” - Cocuq Mərcanlı səfərinin TƏƏSSÜRATLARI 

“Hədəflərin məmləkət qədər böyüksə...” - Cocuq Mərcanlı səfərinin TƏƏSSÜRATLARI 

9 Sentyabr 2017, 09:30

Sitarə Cabbarlı


Son vaxtlar yuxudan belə həyəcanla oyanmağım yadıma gəlmir. Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə gedirik. Bu kənd indi ölkəmizdə çox məşhurdur, hətta sorağı sərhədlərimizi də aşıb. 24 il sonra azadlığına, sakinlərinə qovuşan kəndin “ziyarət”inə gedənlərin ardı-arası kəsilmir. Bizim də arzumuz gerçəkləşib. Binəqədi Rayon İcra Hakimyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının təşəbbüsü ilə səfərə çıxırıq. “Cocuq Mərcanlı – Böyük Qayıdışın başlanğıcı” şüarı ilə “bəzənən” avtobusumuz səhər obaşdan Binəqədi rayonu Heydər Əliyev adına İstirahət parkından yola düşür.

Yolu qısaltmaq üçün xəbərlərlə tanış oluram. İnternet kara gəlir. Deyəsən, xəbər bolluğudur bu gün. Şad xəbərlərlə yanaşı, bəd xəbərlər, ürək bulandıran xəbərlər də yenə saytlarda baş alıb gedir...

“AZƏRTAC”a baxıram...

“Prezient İlham Əliyev Bakı Gəmiqayırma zavodunda BP şirkətinin sifarişi ilə “Şahdəniz-2” layihəsi çərçivəsində inşa edilən “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimində iştirak edib...”

Bu, səhər-səhər ikiqat sevinc deməkdir. Biz Bakıdan Qarabağa, Qarabağın işğaldan azad olunmuş kəndinə gedirik. Bakıda isə “Xankəndi” sualtı tikinti gəmisi istismara verilir. Yox, bu, təsadüf ola bilməz! Bu, bir işarədir – sabah Xankəndinə gedəcəyimizə bir işarədir! Prezident İlham Əliyevin mərasimdəki çıxışını oxuyuram, yox, sanki oxumuram, onun qürurlu səsini eşidirəm: ““Xankəndi” gəmisinin istifadəyə verilməsi, doğrudan da, tarixi hadisədir. Şadam ki, bu nəhəng gəmi Azərbaycanda, Bakıda inşa edilib. Bu gəmiyə “Xankəndi” adı verilib. Onun da çox böyük mənası var. Xankəndi bizim qədim şəhərimizdir. Xankəndinin adı bizim üçün əzizdir, doğmadır. Təsadüfi deyil ki, dünyada nadir standartlara cavab verən bu gəmiyə məhz bu ad verilmişdir...”

Avtobusumuz rahat yollarla Cocuq Mərcanlıya doğru şütüyür...    

Daha bir ürəkaçan xəbər oxuyuram. Təhsil naziri Mikayıl Cabbarov məktəblərdə yeni tədris ilinin ilk dərs məşğələsinin “Cocuq Mərcanlı – tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunması ilə bağlı əmr imzalayıb. Məqsəd uşaq və gənclərə Azərbaycan Ordusunun 2016-cı il Aprel döyüşlərində göstərdiyi qəhrəmanlıq və işğaldan azad olunmuş torpaqlaımıza qayıdışın rəmzinə çevrilən Cocuq Mərcanlı haqqında daha dolğun məlumat verilməsini təmin etməkdir... İnanıram ki, əla dərs olacaq! Şagirdlərə elə ilk dərsdəcə (yaş xüsusiyyətlərinə uyğun səviyyədə - əmrdə belə deyilir) yaxın tariximizinn parlaq qələbəsi – Aprel döyüşləri və tarixi qayıdışın başlanğıcı olan Cocuq Mərcanlı haqqında məlumatlar çatdırılacaq!..    

Daha bir xəbər diqqətimi çəkir. “Bu il iyunun 4-də Füzuli rayonunun Alıxanlı kəndinin erməni silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində 2 yaşlı Zəhra və nənəsi Sahibə Allahverdiyevanın ölümünə səbəb olan mərmi parçası Milli Azərbaycan Tarixi Muzeyinə təqdim edilib. Bu mərmi parçası muzeydə Azərbaycan tarixinin qanlı səhifələrinin sübutu olaraq nümayiş etdiriləcək...” Yaxşı ideyadır. Dünyanın hər yerindən muzeyə gələn ziyarətçilər vəhşilərin gülləsi ilə gülüşü dodağında donan, nənəsinin qucağında oyuncağı ilə birgə qanına bələnən bir günahsız körpə(lər)nin ölümünə acıyacaq, on(lar)a atəş açanları lənətləyəcək...

Mən də min dəfə lənətləyirəm. Bu gün Zəhranın və nənəsinin də məzarını ziyarət edəcəyimizi düşünüb, dərindən nəfəs alıram...

Bu da məcburi köçkünlərin öz yurdlarına qaytarıldığı ilk yaşayış məskəni kimi tarixə düşən Cocuq Mərcanlı. 6 saatlıquzun yoldan sonra mənzil başına çatırıq. Qəribə hisslər keçirirəm. Ayağımız dəyən torpaq illər uzunu düşmənin tapdağı altında əzilib, xarabalığa çevrilib. Yaxşı ki, kəndin o görkəmini ancaq ekranda, şəkillərdə görmüşük. İndi gözümüzün önündəki mənzərə isə tamam fərqlidir: abad yollar, səliqə ilə sıralanmış evlər, müasir yaşayış məskəni və bu məskənin halal sakinləri...

Cənab Prezident İlham Əliyevin ali iradəsi və qətiyyətinin təcəssümüdür bu kənd...

2016-cı il aprelində Ermənistanın cəbhə bölgəsində növbəti təxribatına Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuzun tutarlı cavabı və layiqli qələbəsi, minlərlə hektar torpağımızın azad olunması, strateji əhəmiyyətli “Lələ təpə” və digər yüksəkliklərin Ordumuzun nəzarəti altına keçməsi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin də əsarətdən qurtulması, dövlət başçısının rəhbərliyi ilə burada aparılan misilsiz quruculuq işləri, cəbrayıllıların doğma yurda dönüşü... Çox yaxın tariximizin qəlbimizi qürurla dolduran hadisələridir bunlar...

Bu qüruru bir daha yaşayırıq Cocuq Mərcanlıda – göz yaşlarına boğulan sevinclə...

Lələtəpə yüksəkliyindəki üçrəngli bayrağımız Azərbaycan Ordusu qədər qüdrətli, güclü görünür mənə. Hətta o qədər güclü ki, o yüksəklikdə məğrurcasına düşmənə meydan oxuyur, sakinlərə dəyanət verir, əminlik bəxş edir. Qəsəbənin girişindəki böyük yol nişanına baxanda da gözlərim dolur. Füzuliyə, Cəbrayıla, Zəngilana, Qubadlıya, Laçına, Şuşaya, Xankəndinə aparan yolların uzunluğu əks olunub bu lövhədə. Ta nə qaldı ki...

Cocuq Mərcanlı məktəbi şəhər məktəblərindən fərqlənmir. Yeni dərs ilində yüzə yaxın şagird oxuyacaq bu müasir təhsil ocağında. Cocuq Mərcanlı məscidində dilimizdə ancaq bir dua səslənir: “Tezliklə Şuşa məscidini ziyarət edək...”

Balaca Zəhranın və nənəsinin məzarı önündə isə hamımız susuruq. Nənəsinin qucağında elə “xoşbəxtdir” ki Zəhra! Onun daşa həkk olunan gül çöhrəsi, məsum baxışları adamın ürəyini parçalayır! Leyla Əliyevanın misralarını xatırlayıram: “Bağışla ki, mən səni tanımırdım...” 

Gün başa çatır, elə səfərimiz də. Yox... səfər yox, “Cocuq Mərcanlı ziyarətimiz”...

Sanki Kəbəni ziyarət etdik...

Bu qələbəni, bu ziyarəti, bu sevinci dövlətimizin başçısına, Prezident İlham Əliyevə borcluyuq!..

Var olun, cənab Prezident, Ali Baş Komandan!..

Sizin müdrikliyiniz, Sizin qüdrətinizlə belə zəfərlərimiz, belə ziyarətlərimiz çox olacaq hələ...

Hədəfləri məmləkət qədər böyük LİDERlərin qarşısında kim dura bilir ki...

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi