Modern.az

Milli Məclis yeni Ombudsman seçəcək  

Milli Məclis yeni Ombudsman seçəcək   

11 Sentyabr 2017, 11:25

“Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovanın səlahiyyət müddətinə Milli Məclisin payız sessiyasında baxılacaq. Təbii ki, öncə buna komitədə  məsləhətləşmələr formasında aparılacaq”.

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Tahir Kərimli deyib.

Deputat, ombudsmanın səlahiyyət müddətindən danışarkən, digər məsələlərin də gündəmə gəlməsinin zəruriliyini qeyd edib.

“Bir müddət əvvəl aktual olan məsələlər vardı. Onların sırasında bəzi hakimlərin səlahiyyət müddətinin başa çatması ilə bağlı idi. Çünki bir çox hakimlərin eyni proseduru keçməsi tələb olunur. Ona görə də Milli Məclisin payız sessiyasında bu məsələlərə baxılacaq, komitələrdə  aidiyyatı orqanlarla birgə müzakirə olunacaq. Hələ ki bu məsələlər işçi qaydasında həll olunacaq. Çünki birdən-birə bu məsələləri plenar iclasa çıxara bilmərik. Artıq deputatların məzuniyyəti başa çatıb. Komitələr öz işinə başlayacaq. Komitələrin hər biri layihələrlə çıxış etməlidir. Yarımçıq qalan məsələlərin həll edilməsində və hökumətə təqdim edilməsində deputat olaraq maraqlıyam”.

Qeyd edək ki, Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovanın səlahiyyət müddəti  2017-ci ilin mart ayının 5-də başa çatıb. Lakin yeni Ombudsman seçilmədiyindən Elmira Süleymanova fəaliyyətini davam etdirir.

Xatırladaq ki, Elmira Süleymanova iki dəfə - 2002 və 2010-cu illərdə Ombudsman seçilib. Qanunvericiliyə görə, Azərbaycan Respublikasının Prezidenti Milli Məclisə yeni Ombudsmanın seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Milli Məclis 15 gün müddətində yeni müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi