Modern.az

Günel Musəvi: “Televiziyadan getməyimin səbəblərindən biri sponsor söhbəti oldu” (FOTOLAR)

Günel Musəvi: “Televiziyadan getməyimin səbəblərindən biri sponsor söhbəti oldu” (FOTOLAR)

Media

29 May 2011, 15:24

“Bəzi televiziya rəhbərlərimiz aparıcının şəxsiyyətinə hörmət etmirlər”


Azərbaycan telekanallarında müxtəlif proqramların hay-küylü aparıcısı kimi tanınan Günel Müsəvi çoxdandır ki, ekranlarda görünmür. Modern.az teleaparıcının “Burlaxatun.az” qadın saytına verdiyi müsahibəni oxuculara təqdim edir. Bu müsahibədə Günel televiziyadan niyə getdiyi və hara getdiyi barədə maraqlı açıqlamalar verib.

- Günel televiziyadan ayrılmağından başlayaq... Bu gün efirləri demək olar ki, peşəkarlıq baxımından çox aşağıda dayanan teleaparıcılar bəzəyir, sənsə kifayət qədər sözünü demişdin...

- Sadəcə eyni yerdə tapdalanmaqdan, inkişafsızlıqdan bezib efirdən çıxdım. Madam ki, işlədiyim kanal verilişin zamanla ayaqlaşmasını istəmədi, mən də zamandan geri qalmış verilış aparıcısı olmaqdan imtina etdim.

- Telekanallarımızın sponsor xəstəliyi də sənin televiziyadan uzaq düşməyinə səbəb sayıla bilər? Bəlkə də etmək istədiyin layihələr var... Lakin sponsor yolu gözləyir?

- TV-dən getməyimin səbəblərindən biri də məhz elə bu sponsor söhbətinin ortalıqda dolaşmasından oldu. Təbii ki, hər şey inkişaf etdiyi kimi, mən də öz verilişlərimdə inkişaf edib, tamaşaçılarıma dövrə və tələbata uyğun layihələr təqdim etmək istəyirdim. Amma təəssüf ki, bizim bəzi televiziya rəhbərlərimiz aparıcının şəxsiyyətinə hörmət etmirlər. “Kimə lazımdır getsin özünə sponsor axtarsın” deyirdilər.Və mən də eyni vəziyyəti yaşadım. Hərçənd ki, bunu reklam agentləri, menecerlər etməlidirlər.
Mən illərlə qazandığım adı, qapıları döyüb, harınlamış sponsorlardan hansısa TV-yə gəlir gətirmək üçün xərcləyə bilmərəm. Mən deyil, TV mənim kanalda işləməyim üçün mənə şərait yaratmalıdır. 

- Bu gün sən nəinki televiziyanı, deyəsən Azərbaycanı da tərk etmisən?

- Mənim ailəm ABŞ-da yaşayır və Azərbaycanı tərk etməyimin səbəblərindən biri də anama-atama yaxın olmaqdır. 

- Hazırda nə işlə məşğulsan?

- Mən hal-hazırda ABŞ-da Uşaq Psixoloqiyası üzrə ikinci təhsilimi alıram. 

- Okeanın o tayından sənin üçün Azərbaycan televiziyası və həmkarların necə görünür?
        
- Çox uzaq. Mənim üçün onlar hazırda bir başqa dünyanın adamlarıdır. Amma hər birisi üçün dünyalar qədər darıxıram. Hamıya böyük sevgim və hörmətim var. 

- Günel səhv etmiriksə sənə uğur gətirən “100%” verilişi ilə mükafatlara layiq görülməklə yanaşı, bu tip verilişlərdə yenilik etmişdin... O zaman üçün kifayyət qədər sərbəst aparırdın özünü...

- Əslində tək o zaman deyil, mən hər zaman bütün apardığım verilişlərimidə özüm kimi- olduğum kimi olmuşam. Yəni sərbəst olmuşam, amma yerimi də bilmişəm. Hər tamaşaçıya və qonağıma hörmətlə və diqqətlə yanaşmışam.

- Azərbaycan televiziyasında hansı verilişləri və aparıcıları bəyənirsən?

- Bəyəndiyim verilişlər və aparıcılar çox azdır. Nəzərə alsaq ki, mən 1 il 6 aydır Azərbaycandan uzağam, obyektiv fikir söyləyə bilməyəcəyəm. Amma sevdiyim aparıcı və verilişlər olub. Sevinc Muradovanın “Eybi yox” verilişini maraqla izləyirdim. Daha sonra Murad Dadaşovun ” Maşın Şou”sunu yüksək səviyyəli bir layihə olaraq çox bəyənirdim. Və daha bir-iki veriliş və aparıcı var, amma adlarını sadalamağa davam etməyəcəm…

- Bu zərurət necə yarandı? Niyə məhz uşaq psixologiyası ilə maraqlandın?

- Birincisi mən psixoloqiyanı çox sevirəm. Mənə həmişə maraqlı olub niyə insanlar ağlayır, gülür, əsəbləşirlər və s . Və ən əsası, çünki uşaqları çox sevirəm. Baxmayaraq ki, özüm hələ ana olmamışam, amma həyatımı uşaqlarla bağlamaq istəyərdim. 

- Hesab etmək olar ki, Günel TV karyerası ilə vidalaşıb? Yoxsa möhtəşəm dönüş olacaq?

- Bilmək olmaz. Hər şey ola bilər! 

- ABŞ-da Azərbaycan xanımı olaraq hansı oxşar və fərqli cəhətləri müşahidə edirsən?

- Şəxsən mən heç bir oxşarlıq görmürəm. Avropa və Amerika qadınları mənim qadın barədə anlayışlarıma sığmayan bir psixoloqiyaya malikdirlər. Məncə Azərbaycan qadınları dünyada ən gözəl, ən təmizkar, ağıllı, və əsl xanım adına layiq olan qadınlardır! Bizim azəri qadınlarımızdan yoxdur, heç yanda!

- Amerikada gündəlik həyatın necə keçir?

- Adətən həftəiçi mən yalnız dərsdə oluram, olmayanda da dərs oxuyuram. Şənbə-bazar günlərim isə ailəmlə gəzintilərdə, əsasən də anamla shoppinq-də keçir. 

- Ailə qurmaq barədə nə düşünürsən?

- Mən həmişə ailə qurmaq istəmişəm və indi də bunu hər şeydən çox arzulayıram. Amma nə olur-olsun, təki ərə gedim heç vaxt istəməmişəm. Yəni kimlərdənsə ötru toy edim, desinlər Günel də ərə getdi, yox!  Mən ailə həyatımı yalnız sevdiyim biri ilə quracam. İnşallah!

- Seçdiyin insan azərbaycanlı olmalıdır? Yoxsa əcnəbi də ola bilər? Səncə sevgi sərhəd tanıyır?

- Sevqidə sərhəd və milliyətçilik yoxdur. Amma şəxsən mən yalnız Azerbaycanlı ilə ailə həyatı quracam.






Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?