Modern.az

Baş redaktorlar: “Prezident Mehman Əliyevin məsələsində ziyalıların müraciətinə yüksək dəyər verdi”  

Baş redaktorlar: “Prezident Mehman Əliyevin məsələsində ziyalıların müraciətinə yüksək dəyər verdi”   

11 Sentyabr 2017, 14:55

Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev ölkə başçısının müdaxiləsindən sonra həbsdən ev dustaqlığına buraxılıb.

Mehman Əliyevin azadlığa buraxılmasını ictimaiyyət sentyabrın 11-də günün xəbəri adlandırıb. Bir sıra KİV rəhbərləri də Modern.az-a açıqlamalarında hadisənin xoş assosiasiya doğurduğunu vurğulayıb.


“Yeni Musavat” qəzetinin baş  redaktoru Rauf Arifoğlu:

“Mehman Əliyevin həbs olunması hamımızı narahat edirdi. O saxlanıldığı gündən biz onu müdafiə edəcəyimizi bəyan etmişdik. İllərin jurnalisti olan Mehman Əliyevin həbsinin Azərbaycana fayda verməyəcəyini demişdik. Həm Mətbuat Şurası rəhbərliyi, həm ayrı-ayrı jurnalistlər, media quruluşu rəhbərləri, ictimai-siyasi xadimlərin iştirakı ilə prezidentə çoxsaylı müraciətlər edilmişdi. Eyni zamanda, Mehman Əliyevin özü də prezidentə müraciət ünvanlamışdı. Mən hesab edirəm ki, bu məsələ ancaq prezidentin müdaxiləsindən sonra həllini tapdı. Düşünürəm ki, prezidentin müdaxiləsindən sonra digər jurnalistlərin həbsinə də son qoyular. Mehman Əliyevin həbsdən azad olunması Azərbaycan jurnalistləri üçün ən xoş hadisələrdən biridir. Bu cür gözəl insan, həmkarımız həbsxanada olmamalıdır. Mehman Əliyev mən həbsdə olarkən məni müdafiə edib. Mehman Əliyev həbs olunanda bütün ziyalılarımız kimi biz də üzüldük, azad olmasına isə çox sevindik”.

 

“Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev:

“Ona qarşı irəli sürülən ittihamlar nə qədər ciddi olsa da, bir media rəhbərinin, həm də tarixi olan agentliyin direktorunun həbsdə qalması yaxşı görüntü deyildi. Mehman bəyin azadlığa buraxılması birinci növbədə cənab prezidentin Azərbaycanda cəzaların yüngülləşdirilməsi ilə bağlı bir neçə ay əvvəlki sərəncamının praktiki şəkildə təcəssümüdür. Digər tərəfdən, Mehman Əliyevin özünün birbaşa ölkə prezidentinə müraciətinin nəticəsidir. Ölkədə bir qrup şəxsin, ziyalıların bu cəzanın yüngülləşdirməsi ilə bağlı prezidentə etdiyi müraciətin həyata keçməsidir. Cənab prezident ziyalıların müraciətinə yüksək dərəcədə dəyər verdi. Hesab edirəm ki, bu çox məqbul hadisədir”. 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir