Modern.az

Həccdən gətirilən malları satmaq olarmış

Həccdən gətirilən malları satmaq olarmış

11 Sentyabr 2017, 15:43

Məlumdur ki, başqa ölkəyə səfər edənlər adətən cibiboş, əlidolu geri qayıdır. Eynilə Həcc ziyarətindən dönənlər də özləri ilə müəyyən mallar gətirirlər. Kimisi hədiyyə, kimisi ziyarətdən xatirə, kimisi isə öz ölkəsində satmaq niyyəti ilə müxtəlif əşyalarla geri dönür.

Maraqlıdır, Həccdən qayıdarkən alınan malları satmaq olarmı?

 

İlahiyyatçı Elşad Mahmudov Modern.az-a açıqlamasında məsələyə aydınlıq gətirib. O bildirib ki, Həcc ziyarəti edən şəxs bu və ya digər şəkildə ticarətlə və alış- verişlə də məşğul ola bilər:

 

“Həcc mərasimi, İslamın əsaslarından biri olan mühüm ibadətlərdən biridir. İslamda ibadətlər sırf Allah rızası üçün edilir. Həcc ibadəti də yalnız və yalnız Allah üçün və Allahın razılığını əldə etmək üçün həyata keçirilən bir ibadətdir. Həccə gedənin niyyəti yalnız bu ibadəti Allah rızası üçün həyata keçirməkdən ibarət olmalıdır.

 

Lakin ilk növbədə belə bir niyyəti həyata keçirdikdən sonra orada bu və ya digər şəkildə ticarətlə və alış- verişlə də məşğul olmaq olar. Oradan gətirilən malların alqı-satqısını həyata keçirmək mümkündür.  Bu prosseslə əlaqəli şəriətdə hər hansı bir qadağa yoxdur”.

 

İlahiyyatçı qeyd edib ki, bununla belə  Həccə ticarət sırf niyyəti ilə getmək olmaz:

 

“Lakin burada əhəmiyyətlə bir daha üzərində durmaq istənilən məsələ ondan ibarətdir ki, Həccə hər hansı dünyalıq mənfəət üçün və ya ticarət niyyətilə getmək olmaz. İlk niyyət bu olmamalıdır. Əgər ticarət niyyəti ilə Həccə gedilərsə, bu niyyətlə ziyarət edənin həcci Allahın razılığı olmadığı üçün batil olur. Lakin ibadət niyyəti və Allahın razılığını əldə etmək üçün Həccə gedib bu mərasim yerinə yetirilirsə, bundan sonra orada və ya hacının qayıtdığı vətənində ticarət və alqı-satqı ilə məşğul olmasında hər hansı bir qəbahət və ya qadağa yoxdur”.

 

Azərbaycanın builki zəvvar kvotası 600 nəfər nəzərdə tutulsa da, ümumilikdə 900 zəvvarın Azərbaycandan Həccə yola düşməsi planlaşdırılıb. Kvota aşılsa da, bu il zəvvarların sayı ötən ildən azdır.

 

2016-cı ildə Azərbaycandan 1040 zəvvar Həcc ziyarətində olub. Əvvəlki illərdən fərqli olaraq, bu il zəvvarlar üçün fərqli paketlər (VİP və nisbətən ucuz) təqdim edilməyib. Bir nəfərlik ziyarət paketinin qiyməti 3850 dollardır. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar bu il də zəvvarlar avtobusla yox, təyyarə ilə Səudiyyə Ərəbistanına gedəcəklər. Uçuşları AZAL həyata keçirəcək. Azərbaycanda Həcc ziyarətinin təşkilatçısı yalnız Qafqaz Müsəlmanları İdarəsidir.

 

Qeyd edək ki, bu il azərbaycanlı zəvvar qrupu avqustun sonları yola düşüb. Zəvvarların qayıdışı sentyabrın 12-si, 13-ü və 14-nə nəzərdə tutulub. 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir