Modern.az

Azərbaycanlı tələbələr xaricdə fərqlənirlər, üstündürlər - AÇIQLAMA

Azərbaycanlı tələbələr xaricdə fərqlənirlər, üstündürlər - AÇIQLAMA

12 Sentyabr 2017, 09:38

İctimaiyyətin formalaşmasında, dövlətin gələcəyi istiqamətində gənclərin, xüsusilə də tələbələrin rolu danılmazdır. Onlar cəmiyyətin aktiv və fəal üzvləridir. 

 

Hazırda azərbaycanlı tələbələrin inkişafı göz qabağındadır. Müxtəlif sahələr üzrə, həmçinin tələbələr mövzusunda dünya ölkələri ilə müqayisə zamanı üstün və çatışmayan cəhətləri müəyyən etmək olar. Xüsusilə də region ölkələrini nəzərə almaq mütləqdir.

Bu baxımdan maraqlıdır, azərbaycanlı tələbələr MDB ölkələri tələbələri sırasında hansı yerdədir?

 

Milli Məclisin deputatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov Modern.az-a açıqlamasında bildirib ki, azərbaycanlı tələbələrin üstünlükləri daha çoxdur:

 

“Biz artıq uzun müddətdir, tələbələrlə işləyirik. İşimizlə əlaqədar mütəmadi olaraq beynəlxalq əlaqələrimiz də olur. Bu səbəbdən müəyyən mənada müşahidə etmək imkanlarımız yaranır. Beynəlxalq platformalarda, qarşılıqlı səfərlərdə  fikir mübadiləsi zamanı və ya  hansısa məsələyə yanaşma baxımından  müqayisə edə bilirik.

 

Bu zaman biz öz tələbələrimizi istər dünyagörüşü, savadlılıq, istərsə də məsələlərə  çevik reaksiya baxımından dəyərləndirə bilirik. Hazırda kifayət qədər savadlı tələbələrimiz var və onlar Azərbaycanı müvəffəqiyyətlə təmsil edə bilirlər. Bunlar boş sözlər deyil, reallığı əks etdirir. Bu gün Azərbaycan gənclərinin, xaricdə təhsil alan tələbələrimizin  uğurlu addımları çoxdur. Bizi digərlərindən fərqlədirən başlıca amil isə  məsələlərə yanaşma tərzidir. Azərbaycanlı tələbələr məsələlərə bu günkü mühit qaydalarına uyğun münasibət göstərə bilirlər. Eyni zamanda onların beynəlxalq tədbirlərdə çıxışlarını nəzərdən keçirən zaman gələcəkdə elm sahəsində ölkəni yaxşı təmsil etmə potensialına malik gənclərimiz olduğunu görürük. Tələbələrimizi hansısa beynəlxalq yarışlara göndərəndə yalnız və yalınız xoş sədalarını eşidirik”.

 

Ş.İsmayılov qeyd edib ki, əvvəlki illərdə azərbaycanlı tələbələrin özünüifadə baxımından müəyyən çətinlikləri var idi:

 

“Hər il aidiyyatı qurumlar vasitəsilə 200-300-ə yaxın tələbəmizi mübadilə proqramlarına cəlb edirik. Mübadilə proqramları bəzən bizim əməkdaşlıq etdiyimiz təşkilatlar da olur.

 

Əvvəllər hər hansı meyarları müqayisə edəndə zaman ölçüsü kimi məsələn, beş il öncəki tarixi götürürdük. Amma indiki tələbələr yaxşı nəticə əldə etdikləri üçün 2 il öncənin tələbələrini də ötür. Təbii ki, bu çox uzun müddət deyil. Amma tələbələrimiz buna baxmayaraq artıq daha yaxşı müqayisələr edir, məsələlərə obyektiv və çevik yanaşa bilir.

Əslində  daha əvvəlki illərdə azərbaycanlı tələbələrin özünüifadə baxımından müəyyən çətinlikləri var idi. Amma tədricən bunların hamısı aradan qalxır.

 

Əksinə axır zamanlar azərbaycanlı tələbələr tədbirlərdə iştirak edir, müəyyən dostluq əlaqələri qurur və fikirlərini gözəl ifadə edə bilirlər. Bəzən hansısa məsələyə aidiyyatı olmayan insanlar münasibət bildirəndə ümumi nöqteyi-nəzərdən çıxış etməyə çalışırlar. Amma tələbələrlə gündəlik əlaqədə olanda, onların layihələrini nəzərdən keçirib müzakirələr aparanda müsbət irəliləyişlərin olduğunu görə bilirsən. İctimai sahədə fəaliyyət göstərən tələbələrin dünya üzrə göstəriciləri təqribən 15-17 faizdir. Lakin bir il  bundan öncənin sorğusuna əsasən Azərbaycanda bu göstərici 22-24 faizdir. Bu gün kifayət qədər bacarıqlı, özünü ifadə edən gənclərimiz var.

Əlbəttə, hər sahədə MDB ölkələrinin tələbələrindən irəlidəyik deyə bilməyik. Bizim də müəyyən sahə istiqamətində görməli olduğumuz işlərimiz mövcuddur”.

 

İtaliyada təhsil alan azərbaycanlı tələbə Emin Rüstəmov düşünür ki, azərbaycanlı tələbələr MBD məkanından olan tələbələr arasında hərtərəfli üstündürlər:

 

“Ümumiyyətlə  günü-gündən dünyada, o cümlədən Avropanın müxtəlif yerlərində təhsil alan azərbaycanlıların sayı çoxalır. Bu birmənalı şəkildə müsbət haldır.

 

Əlbəttə, bunların hamısı patriot, Lütfi Zadə qədər savadlı ola bilməz. Amma o demək deyil ki, yoxdur. Azərbaycanı kənarda həm savadı ilə, həm elmi bilikləri ilə kifayət qədər yaxşı şəkildə təmsil edən gənclərimiz var. Şəxsi təcrübəmə əsasən deyə bilərəm ki, İtaliyada mənim gördüyüm MBD məkanından olan tələbələr arasında azərbaycanlı tələbələr hərtərəfli üstündürlər. Bu həm dünyagörüşü, həm savadı, həm vətəninə bağlılığı, həm də bir-birilərinə  arxa durmaq baxımından belədir.

Bizə orada hərdən sual verirlər ki, bir quru parçasını, bir torpağı bu qədər sevmək olarmı? Bəli, biz sevirik. Çünki hər bir azərbaycanlının içində az da olsa,vətən sevgisi var”.

 

E.Rüstəmov qeyd edib ki, azərbaycanlı tələbələr  hərtərəfli biliyə malikdirlər:

 

“Həmçinin təkcə MDB məkanından yox, dünyanın müxtəlif yerlərindən olan tələbələrin savadları bir istiqamətlidir. Amma bizim gənclər kimya mühəndisi olsa da, tarixdən agah olur. Yaxud coğrafiya müəllimi olsa da, ədəbiyyata bələddir. Yəni azərbaycanlı tələbələr çox məlumatlıdır.

 

Düzdür, tələbədən asılı olaraq özünü ifadə edənlər və edə bilməyənlər var. Lakin tədricən bu çətinlik də aradan qalxır. Məsələn, semester ərzində ən azı üç-dörd dəfə auditoriya qarşısında çıxış edən azərbaycanlı tələbələr kifayət qədərdir.  Ümumiyyətlə Avropada təhsil patriotluğu həddindən artıq çoxaldır, elm, dünyagörüşü istiqamətində müsbət təsir edir, eyni zamanda tələbələrdə dözümlülük yaradıb onları çətinliyə öyrəşdirir. Açığı, MDB məkanından olan tələbələrin sayı heç bizim yarımız qədər də deyil.  Təbii ki, İtaliyanı nəzərdə tuturam”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir