Modern.az

Rusiyada ən qatı cinayətkarların saxlanıldığı həbsxananın azərbaycanlı rəisi - FOTO

Rusiyada ən qatı cinayətkarların saxlanıldığı həbsxananın azərbaycanlı rəisi - FOTO

12 Sentyabr 2017, 12:06

Rusiyada 56 saylı cəzaçəkmə müəssisəsi daha çox “Qara Berkut” adı ilə tanınır. Xüsusilə ağır cinayətlər törətmiş şəxslərin saxlanıldığı bu həbsxanada hazırda 260 məhkum çəza çəkir.  

 

Bu həbsxana Şimali Uralda tayqa meşələrinin ortasında yerləşən Lozinski qəsəbəsinin ərazisində tikilib. Qəsəbədən Uralın paytaxtı Yekaterinburqa 615 kilometr məsafə var. Sovet vaxtı “Qara Berkut” ölüm hökmünü gözləyən məhbusların saxlanıldığı yeganə həbsxana idi. 1993-cü ildə Rusiyada ölüm hökmünə qadağa qoyulduqdan sonra burdakı məhbuslar iki qrupa bölündü: ölüm hökmü 25 il həbs cəzası ilə əvəzlənənlər və ömürlük azadlıqdan məhrum edilənlər.

 

Hazırda Rusiyada ömürlük həbs cəzası çəkənlər üçün 4 həbsxana var ki, onlardan saxlanma şəraitinə görə ən öndə olanı “Qara Berkut”dur. Azərbaycan oxucusu üçün maraqlı olacaq fakt bu strateji obyektin rəisinin məhz azərbaycanlı olması ilə bağlıdır.
“Qara Berkut”un rəisi daxili xidmət polkovniki Sübhan Dadaşbala oğlu Dadaşovdur. O, 30 ildən artıq müddətdir ki, Rusiyanın penitensiar sistemində xidmət edir.

 

Sübhan Dadaşov həbsxanaya gələn jurnalistlərə ölüm hökmünün bərpa olunmasının vacibliyindən danışırkən məhbusların heç birinin burada təsadüfən düşmədiyini bildirib. O, həyatının 30 ilinin bu həbsxana ilə bağlı olduğunu xatırladaraq, bəzi məhkumlardan daha çox burada olduğunu deyib.


“Məhbuslar burada məhkəmə hökmü ilə, mən isə dövlətlə müqavilə əsasında qalırıq” – deyə azərbaycanlı rəis zarafat edib.

Sübhan Dadaşov 1997-ci il iyulun 5-dən bu ciddi rejimli cəzaçəkmə müəssisəsinə rəhbərlik edir. Azərbaycanlı polkovnikin şəxsi həyatı ilə bağlı rəsmi informasiya olmasa da, Sübhan Dadaşovun 1961-ci il sentyabrın 2-də Azərbaycanda anadan olduğu məlumdur.

 

Onun uzun illər rəhbərlik etdiyi “Qara Berkut” həbsxanasına gəlincə, ömürlük azadlıqdan məhrum olunmuş şəxslər təkadamlıq kameralarda saxlanılırlar. Sutkanın 23 saatı onlar kamerada tək qalır,1 saatını isə damı olmayan xüsusi ərazidə gəzirlər. Onlar yatarkən işıqlar söndürülmür, gündüz məhbuslar öz çarpayılarında oturaq vəziyyətdə olmalıdırlar.

“Qara Berkut”da məhbuslara uzanmağa icazə verilmir. Kitab oxumaq, yaxud məktub yazmağa icazə verilir. Televizora icazə verilmir, kanalizasiya sisteminin yoxluğuna görə vedrədən istifadə olunur, hamam isə həftədə 1 dəfə təşkil edilir.

 

Müəssisəsnin şəxsi heyəti cinayətkarlarla münasibətdə sayıqlığı itirməmək üçün hər səhər onlara məhbusların törətdikləri cinayətlə bağlı məlumat oxunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir