Modern.az

Sənə əjdaha lazımdır? – MARAQLI

Sənə əjdaha lazımdır? – MARAQLI

Ədəbi̇yyat

12 Sentyabr 2017, 12:06

"İnsan özünü əjdaha kimi göstərməli deyil"

 

Mifin bitdiyi yerdən tarix başlayır. Lakin bu istiqamətdə zaman-zaman fərqli düşüncələrin şahidi olmuşuq. Məsələyə bir qədər aydınlıq gətirək. Bəzi insanlar mifoloji varlıqların reallığına inanır, hətta sübut etməyə çalışırlar. Digərləri isə onların yalnız xəyal məhsulu olduğunu düşünür. Götürək elə əjdaha obrazını. Əjdaha mifik obraz olsa da, bəziləri onun real olduğunu, həqiqətən yaşadığını düşünür. Bu baxımdan yəqin ki, hər kəsə əjdaha  obrazının necə yarandığı maraqlıdır.

 

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun mifologiya şöbəsinin əməkdaşı, folklorşünas Elçin Qabiloğlu Modern.az-a açıqlamasında bu obrazla bağlı maraqlı fikirlər səsləndirib. O bildirib ki, əjdaha yalnız mifdir, yaşayan varlıq deyil:

 

“Düşünə bilən, yaradıcılıqla məşğul olan, mifoloji şüur tarixinə malik dünya xalqlarının çoxunda əjdaha obrazı var. Eynilə Azərbaycan mifologiyasında da əjdaha obrazı mövcuddur. Folklor nümunələri, filmlər, danışılan hekayələr bunu deməyə əsas verir. Təbii ki, belə varlıq yoxdur. Amma əjdaha mifi insan yaşamı boyunca onun düşüncəsində, ağlında qorxunc obraz kimi  olub. Azərbaycan nağıllarında bu, daha çox  insanlara hücum edən, qalaçada məskunlaşan, ilan formalı obraz timsalında mövcuddur. Nağıllarda əjdahanın mahiyyət etibarı ilə pula hərisliyi, insanlara qarşı amansız görkəmdə qorxunc və çoxbaşlı formasına rast gəlmək mümkündür. Digər xalqların folklor nümunələrində də bu və ya digər formada əjdaha obrazını görmək olar. Bu, bütövlükdə özündə şərq obrazını ehtiva edir. Eyni zamanda bu obraz güc simvoludur. Çində əjdaha  obrazı xüsusi şəkildə formalaşıb”.

 

Bu cür obrazlar nədən yaranır?

 

E.Qabiloğlu qeyd edib ki, əjdaha obrazı insan qorxusunun məcmusu kimi ortaya çıxıb:

 

“Adətən  mifoloji obrazlar, demonik varlıqlar insan şüurunda daha çox qorxduğu obraz kimi yaranır. Yəni bu, insanın anlamadıqlarının məcmusu kimi formalaşır və özünü əjdaha, cin, div kimi obrazlarda göstərir. Əjdaha obrazı bütövlükdə insanın təbiətdə qorxduqlarının məcmusu kimi ortaya çıxıb. Əslində bu, mahiyyətcə insanın daxilindəki şər obrazı, onun qorxusunun, həyəcanının, tərəddüdünün, özünü tapmamasının ifadəsi kimi yaranır. İnsanın ikili dünyası var: özünü dərk edən və özünə bələd olmayan insan. İllər öncəki insan demək olar ki, həyatı, özünü anlamırdı və onun üçün hər şey sirli, o cümlədən qorxulu idi. Əjdaha obrazı da min illərdir belə yaranıb. İnsan təbii ki, zamanla formalaşmağa başlasa da, bu kimi qorxu düşüncələri onun altşüurunda qalır. Ədəbiyyat, mədəniyyət inkişaf etdikcə bu düşüncə onun yaradıcılığına keçir. Artıq o, həmin fikirləri ədəbiyyata gətirir. Amma bu cür obrazlar insanın altşüurundan ədəbiyyata keçid etsə də, onun təsviri ifadəsi yenə də insanlarda qorxu yaradır. Əjdaha obrazını təqdim edənlər də bunu çox gözəl bilirlər”.

 

Əjdaha mifini hansısa xalqın adı ilə bağlamaq mümkün deyil

 

Folklorşünas əjdaha mifinin ifadə etdiyi anlamlardan da söz açıb:

 

“Azərbaycanda əjdaha obrazı klassik ədəbiyyatda işlədilib. Məsələn, Nizaminin yaradıcılığında buna rast gəlmək mümkündür. Eynilə Azərbaycan xalçaçılığında əjdaha obrazı mövcuddur. Ümumiyyətlə xalçaçılıqda xeyir və şər obrazları canlandırılır. Əjdaha isə  şəri təmsil edən simvoldur. Bununla yanaşı, filmlərimizdə əjdaha obrazından oxşar məqsədlə  istifadə edilib. Nümunə kimi “Bir qalanın sirri” filmini göstərə bilərik. Orada xalqa zülm edən hökmdarların əjdahadan istifadə etmə motivi var. Amma gec-tez şər və onun daşıyıcısı yenilir. Yəni bu motiv folklorumuzdan filmlərə də keçib. Azərbaycan folklorunda əjdahanın yenilməli olduğuna inanılır. Bu dünya xalqlarında da belədir. Şər qüvvələrin ölümlü olması fikri hələ də yaşayır.

Əjdaha mifini hansısa xalqın adı ilə bağlamaq mümkün deyil. Dünya xalqlarının mifologiyasında ayrı-ayrı obrazlar mövcuddur. Onların bu və ya digər xalqda daha güclü ifadəsi var və bu, xalqın qüdrəti, ruhu ilə bağlıdır. Azərbaycan folklorunda bu cür obrazlar min illik düşüncələrin ifadəsi kimi formalaşıb. Bizim yanaşmamız özümüzəməxsusdur.

Əjdaha obrazı mifoloji şüur məhsuludur. Bunun da mahiyyətcə tarixi yoxdur.  Bu obrazın yaranması birbaşa qorxu ilə bağlıdır”.

 

“Yenilməzliyini anlayan insan  özünü əjdaha kimi  göstərməz”

 

E.Qabiloğlu düşünür ki, əjdaha kimi mifik obrazlarinsan xəyalının formalaşmasında ciddi rol oynayır.

“Bu gün özünü əjdaha adlandıranlar var. Bu, insanın özünə əminlik duyğusu ilə bağlıdır. Burada şər yox, yenilməzlik düşüncələri mövcuddur. Bu, şəxsin idrakının səviyyəsindən asılıdır. İnsan yenilməzliyini anlayırsa, özünü əjdaha və ya div kimi göstərməz. Özünə əmin olan insan özünü mənasız titul və ya pafoslarla təqdim etmir. Əslində əjdaha ifadəsi ironik şəkildə, güc mənasında işlədilir. Məsələn, filankəsi əjdahaya bənzətmək. Şübhəsiz ki, burada kiminsə gücünü, böyüklüyünü göstərməkdən daha çox ironiya var.

 

Adətən əjdaha ağzından alov püskürən formada təsvir edilir. Bu düşüncə Azərbaycan mifologiyasında odla bağlı  düşüncələrlə qarışıb. Odun ikili xüsusiyyəti var: dirildici və dağıdıcı. Azərbaycan düşüncəsindəki od yunan mifologiyasında Promoteyin gətirdiyi odla eynilik təşkil etmir. Bizdə od ağlı, düşüncəni işıqlandırmağı simvolizə etsə də, yunan mifologiyasında sadəcə soyuqdan qorunmaq anlamını ifadə edir. Bizim folklardakı baxış daha dərindir.

 

Folklor düşüncəsində obrazlaşdırma, buna ürəkdən bağlanmaq var. Bu səbəbdən zaman-zaman əjdahanın həqiqətən yaşadığına inananlar olub. Bütün bunlar xalqın xəyalının inkişafında ciddi rol oynayır. Əvvəllər əjdaha kimi obrazlara inam daha güclü idi. Amma indi texnologiyanın sürətli inkişafı uşaqlarda, o cümlədən digərlərində xəyal gücünü zəiflədir. Bu baxımdan əjdaha və bunun kimi obrazları yaşatmaq lazımdır. Bu cür düşüncələr yaradıcı nəsillərin yetişməsində rol oynayır. Şübhəsiz ki, idraklı yanaşma gərəkdir”. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu