Modern.az

“Ancaq kəmsavad adamlar təkamülü inkar edə bilər” - MÜSAHİBƏ

“Ancaq kəmsavad adamlar təkamülü inkar edə bilər” - MÜSAHİBƏ

12 Sentyabr 2017, 12:38

Elçin Sultanov: “Elm bəzi suallara cavab tapanda din məcbur olub geri çəkiləcək”

 

“Azərbaycanda bəzi ekoloqlar ekologiyanı gözdən salırlar”

 

Modern.az saytının elmi mövzuda silsilə müsahibələri davam edir. Budəfəki müsahibimiz orntitoloq, ekoloq Elçin Sultanovdur. Onunla müsahibəni təqdim edirik.

 

- Elçin müəllim, öncə sizi tanıyaq.

 

- 1981-ci ildə Moskva Dövlət Universitetini bitirmişəm. 1985-ci ildə isə elmi işimi müdafiə etmişəm. Diplomumda yazılan ixtisas zoologiya və botanikadır. Zoologiya sahəsində quşlara aid tədqiqat aparmışam. Buna görə də dar ixtisasım ornitologiyadır. Ornitologiya zooloji elmlərin içərisində ən inkişaf edənidir. Demək olar ki, müasir təkamül təlimi də quşların üzərində qurulub.

 

Mən oxuyan vaxtlarda ən məşhur təkamülçü Ernst Mayr idi. Onun özü də ornitoloq olub.

Ümumiyyətlə, birinci dəfə təkamül haqda düşünən iki nəfər olub – onun da biri ornitoloq idi. Bu, Uollis idi. Uollis Darvinlə eyni vaxtda bu fikrə gəlib. Lakin Darvin daha əvvəl tədqiqat apardığına, kitabı daha əhatəli, əsaslı, qalın olduğuna görə Uollis özü təklif etmişdi ki, Darvin qabağa düşsün.

Amma Darvinin qətiyyəti çatmırdı. Kitabını çap etməyə qorxurdu, çünki bu kitabı inqilab edəcəkdi. Uollis dedi ki, Darvin kitabını çap etməsə o özünün broşürünü çap edəcək.

 

Bundan sonra Darvin ürəkləndi və kitabını – “Növlərin mənşəyi”ni çap etdirdi.

 

- Bakı Mühəndislik Universitetində dərs deyirsiniz. Bəs bura Qafqaz Universiteti olanda təkamüllə bağlı tələbələrə nəsə danışırdınız?

 

- Bilirsiniz ki, əvvəl bu universitetdə təkamül təlimi tədris edilmirdi. Amma bura Qafqaz Universittei olanda təkamül təliminin tədris edilməsi planda var idi.  

Təkamül təlimi isə bu ildən tədris olunmağa başladı. Mən ekologiya və zoologiyadan dərs deyirdim. Bu ixtisasların hər ikisi təkamülə bağlıdır.

 

Amerika dərsliklərini götürəndə görərik ki, ekologiyanın içərisində çoxlu təkamül məsələləri var. Sadəcə onlar bunu ayrıca təkamül kimi vermirlər, ekologiyanın içində verirlər. Çünki bilirsiniz ki, Amerikanın özündə də təkamülə münasibət birmənalı deyil. Bəzi ştatlar hələ də təkamül məsələsinə neqativ baxırlar.

İngilis dilindəki ekologiya dərsliklərində təkamül məsələləri çox yaxşı verilir. Biz isə onları ayrıca təkamül dərsliklərində keçmişik.

Əsas müəllif isə Ernst Mayr idi. O vaxtdan 40 ilə yaxın zaman keçib. Müasir dövrdə isə artıq genetika da inkişaf edib. Genetika da təkamülü dəstəkləyir.

Vaxtı ilə bir şotland mühəndisi Darvinə belə sual verib: “Siz deyirsiniz ki, təkamül gedir, amma burada bir məsələ var. Tutaq ki, müasir bir fərd əmələ gəldi. Bu ətraf isə çoxu köhnə fərdlərdən ibarətdir. Köhnə fərdlə yeni fərd cütləşir və bala verir. Bala verəndə qanı bölünür – 50 faiz qan müasir fərdə, 50 faiz isə köhnəyə aid olacaq. Onlar cütləşəndə isə müasir 25 faiz olacaq, beləcə proses davam edəcək və sonda bunlar yoxa çıxmalıdır. Əksəriyyət də köhnə fərdlər olacaq”.

 

Darvin buna cavab verə bilməmişdi. Çünki o zaman genetika elmi hazırki yeni nailiyyətlərdən xəbərsiz idi. Darvinlə eyni vaxtda yaşayan Qreqor Mendel bunların hamısını tapmışdı. 1861-ci ildə jurnalların birində Qreqor Mendelin genetikanın əsaslarını qoyan bir məqaləsi çıxmışdı.

Məsələ burasındadır ki, elmi dünya da iyerarxikdir. Məsələn, eyni sözü tələbə deyəndə səhv olur, amma professor deyəndə düz. Yəni vacibdir ki, sözü kim deyib. Qreqor Mendel də tanınmış alim deyildi, adi rahib idi. Bu adam boş vaxtlarında elmlə məşğul olub.

 

Qreqor Mendel genetikanın qanunlarını tapmışdı, ancaq elmi dünya bunu eşitmədi, görmədi. Təzədən 1912-ci ildə 3 müxtəlif alim eyni vaxtda həmin qanunları təzədən tapdılar. Sonra göstərdilər ki, bunlardan qabaq da bu qanunları Qreqor Mendel tapıbmış. Darvin isə genetikanı bilmirdi

 

- Anti-təkamülçülərə görə, genlər də mükəmməl yaradılışın nişanəsidir. Bəs genlərlə təkamülü necə izah etmək olar?

 

- Genetika sübut edir ki, qan qarışmır. Həmişə 50-50 olur. Çünki 2 gen var. Bir erkəkdə, biri də dişidə.

Hər orqanizmin gen toplusu cüt olur. Bu genlər fərqli olanda fərd hetroziqot olur. Eyni olanda isə homoziqot.

Mendel göstərmişdi ki, gen hər iki partnyorda- erkəkdə və dişidə - eyni tiplidirsə, bu homoziqot olur. Bu xüsusiyyət balalarda da təkrar olur. Yox əgər bir fərddə bir cür, digərində isə fərqli gen varsa, bu artıq hetroziqot olur. Bu zaman bir məsələ ortaya çıxır. İki gen eyni vaxtda üzə çıxa bilmir.

 

Bəs hansı gen üzə çıxır? Burada dominantlıq, resessivlik ortaya çıxır. Gen var ki, bədənimizdə oturub, amma özünü biruzə vermir. Gen də var ki, bədənimizdə var və özünü bildirir. İki gen olanda biri o birini üstələyir.

Bir ailədə bir də görürsən ki, övladlardan biri sarışın, göygözdür. O biri uşaq isə qarasaç, qaragözdür. El arasında deyirlər ki, bunlar sanki bir ailənin uşağı deyil. Halbuki bunun izahı sadədir – ata-anaları hetroziqot olub. Balalarda 2 dənə resessiv rast gələndə o üzə çıxıb.

Bütün bunlar  bilməyən adamlara, təkamülə qarşı çıxanlara bir az qəliz görünür.

Onlara məsləhət görürəm ki, əllərinə kitab götürüb oxusunlar. Təkamüldən danışmaq üçün gərək bir az genetikadan, bir az biologiyadan oxuyasan. Bundan sonra durub danışa bilərsən ki, Allah var yoxsa yoxdur ya da təkamül gerçək və ya yalandır. Biliksiz, savadsız adam heç vaxt həqiqəti tapmayacaq. Həqiqəti axtarmaq istəyənlər isə savadlanmalıdır. Təkcə dini elmlərlə yox, həm də dəqiq elmlərlə də savadlanmalıdır.

Bir dindar eyni zamanda təkamülü də qəbul edə bilir. Məşhur fransız alimi Küvye birinci dəfə görmüşdü ki, heyvanlarda dəyişikliklər var. O sümüklər tapırdı. Və görürdü ki, bu heyvan sümükləri müasir heyvanlarda yoxdur. Küvye çox dərin inanclı biri idi, amma bu da fakt idi ki, tapılan sümüklər müasirlər heyvanlardan fərqlənir. Dinozavr, çoxdan məhv olmuş ayı sümüklərini tapır. Görür ki, indi belə heyvan yoxdur. O belə bir fikrə gəlir ki, Allah canlıları bir neçə dəfə yaradıb. Təkamül isə onun ağlına gəlmirdi.

Bundan sonra Lamark gəldi, öz sözünü dedi, amma dedikləri, daha doğrusu izahı yanlış idi. Bununla belə Lamark təkamülü üzə çıxardı.

Eyni gen müxtəlif cür üzə çıxa bilər.  Müxtəlif şəraitdə eyni geni daşıyan dovşan ağ da ola bilər, qara da, göy də. Belə incə məsələlər var ki, onlar təkamülə təsir edir.

Bəzən isə belə primitiv sual səsləndirirlər – niyə indi meymundan insan yaranmır. Bunu ancaq kəmsavad adamlar deyə bilər. Başadüşən adam bilir ki, təkamüldə incəliklər daha çoxdur. Belə primitiv suallarla insan heç hara çata bilməz. Cəmiyyət isə təkamülü başa düşə biləcək savada malik deyil və onlar çoxluqdadır.

 

Alim nəyisə səhv deyirsə belə, o demək deyil ki, təkamül yoxdur. Hansısa alim deyək ki, dinozavra quş dedi ya da quşa dinozavr, bununla təkamül dayanacaq, yoxa çıxacaq?! Anti-təkamülçülər bir şeydən yapışırlar və bunun əsasında istəyirlər ki, təkamülü alt-üst etsinlər. Təkamül təlimini məhv etmək mümkün deyil, təkamül hər şeyə aiddir. Təkamül bütün biologiyanı aşağıdan yuxarıya qədər tikir, keçir. Təkamülsüz biologiyanın heç bir sahəsini anlamaq mümkün deyil – nə genetikanı, nə zoologiyanı. Təkamülü başa düşməyənlərin bilikləri fraqmentaldır.

 

- Təkamüldə əsas mexanizmlərdən biri də təbii seçmədir. Təbii seçmə anlayışına düşmən münasibət bəsləyənlər isə “Dinozavrları Allah yaratmışdısa, o zaman niyə məhv etdi” sualına cavab verməkdə acizdirlər. Sizin bu haqda fikirləriniz nədir?

 

- Təkamülün bir neçə aparıcı postulatları var. Postulatın birincisi budur ki, canlı təbiətdə həyat uğrunda mübarizə gedir. Bu mübarizə ona gətirib çıxarır ki, ən yaxşı uyğunlaşanlar sağ qalır, nəsil verir və çoxalır. Beləliklə həmişə həyat mübarizəsində ən yaxşı uyğunlaşanlar həyatda qalır. Çarlz Darvin “Növlərin mənşəyi” kitabında Herbert Spenserə tez-tez istinad edir. Herbert Spenser istəyirdi ki, bütün dünyanın həm sosial, həm fiziki həm də bioloji inkişafının eyni qanunlarını tapsın. Tomal Maltusu oxuyanlar görür ki, bioloji və sosial inkişaf eyni gedir. Açıq rəqabət nə deməkdir? Bu həyat uğrunda mübarizədir. Maltusu qabaqlayan ideyalar isə dində əmələ gəlmişdi.

Protestantlıqda bunu tanımışdılar. Kalvinistlər, Martin Lüterin, Yan Qusun tərəfdarları bu cür ideyaları dəstəkləyirdilər. Onların tərəfdarlarının bir neçəsini yandırdılar. Avropada 30 illik mübarizədən sonra protestantlara bata bilmədilər. Yəni, Maltusu qabaqlayan ideyalar artıq dindarların öz içində meydana gəlmişdi. Amma onlar nəhayətdə təkamül ideyasına gəldilər, çünki açıq rəqabətə yol verdilər. Açıq rəqabət ona gətirir ki, ən uyğunlaşanlar sağ qalır, qabağa gedir.

Bunu indi biznesdə də edirlər, amma təbiət özü çoxdan bu qanunlarla işləyir.

 

- Elçin müəllim, anti-təkamülçülərin bəzilərinin yaxşı inandırmaq qabiliyyətləri var və bu da onların maraqlı metodologiyasına söykənir. Məsələn, ciblərindən bir foto çıxarırlar və deyirlər ki, bu fotoda olan növ neçə milyon ildir ki, dəyişmədən bu günə qədər gəlib çıxıb. Həmin fotodakı fosilin həqiqətən mövcud olub-olmaması başqa məsələ. Amma həqiqətən də bəzi növlərin dəyişilməz qaldığını nəzərə alsaq, bunu təkamülə zərbə kimi qəbul etməliyikmi?

 

- Elə növ ola bilər ki, 300 milyon il də dəyişmədən qala bilər. Bu o demək deyil ki, təkamül yoxdur. Gəlin gənə növlərinə müraciət edək. Gənə çox sadə bir heyvandır. Drozofilin 8 dənə xromosomu var. Sübut ediblər ki, bəzi gənə növləri milyon illərlə dəyişməyib. Bu, normal bir şeydir. Təkamülü yaxşı başa düşənlər bilir ki, təkamül eyni səviyyədə getmir. Bunu Ernst Mayr açıqlamışdı. Təkamül bəzən tez, bəzən də gec gedir. Növ var ki, 100 milyon ildə dəyişməyə bilər. Növ də var ki, bir neçə min il yaşadıqdan sonra dəyişir. Yəni növ yoxa çıxır, amma onun genləri yoxa çıxmır, yaşayır. Onlar sadəcə dəyişir. Qumilyovun pasionarlıq nəzəriyyəsi də bunu yaxşı izah edir. Etnosun yaşam müddəti növünkü ilə tutuşdurula bilər.

Yəhudi etnosu neçə min ildir ki, yaşayır, amma yoxa çıxmayıb. Etnos da var ki, əmələ gəlir, orta hesabla bir 100, 1000 il yaşayır, sonra yoxa çıxır. Udinlər Azərbaycanda 2 yerdədir. Əvvəllər isə Qafqazda geniş yayılmışdılar. Daha doğrusu udinlər yoxa çıxmayıb, sadəcə əksəriyyəti islamı qəbul edib, bəziləri erməniləşib.

 

Aleksandr Dümanın kitabını açıb oxuyanda görürəm ki, o yazır: “Qazaxda Çardaxlı kəndindəyəm. Bu udin kəndidir”. Sovet vaxtı çıxan kitablara isə baxanda görürəm ki, bu kənddə ermənilərin yaşadığı bildirilir. Nə oldu, 100 il keçmədi, udin kəndi gəlib erməni kəndi oldu?

Filin təkamülü daha tez gedir, nəinki drozofil milçəyinin. Halbuki drozofil milçəyi fildən min dəfə sadə heyvandır. Fildə isə təkamül ona görə tez gedir ki, ondakı cüzi bir dəyişiklik o dəqiqə çoxlu başqa dəyişikliyə gətirib çıxarır. Drozofil milçəyində isə belə deyil, çünki o çox sadədir. Bunları başa düşməyə-düşməyə təkamüldən danışmaq sadəcə bisavadlıqdır. Yapışıblar bir fosildən, deyirlər ki, bu 150 milyon ildir ki, dəyişmir. Lap elə deyək ki, 300 milyon ildir ki, dəyişmir, bu təkamülün olmaması deməkdir?!

 

Vavilovun yaxşı bir qanunu var. Çox maraqlıdır. Misal üçün, sizdə ev heyvanı it var. İtlər özü də müxtəlifdir – uzunquyruq, uzunqulaq, qısaquyruq, qısaqulaq və sair. Təbiətdə isə vəhşi növ canavardır, uzaq başı bir dənə də vəhşi növ qırmızı canavardır. Çox güman ki, itlərin əcdadı qırmızı canavardır. Vəhşi dinqo itləri qırmızıdır, boz deyil.

Ev itinin cinsləri isə uyğundur, demək ki, onlar qohumdurlar. Ev şəraitində insan təbii seçmənin təsirini dayandırdıqda, süni seçim gedir. Bu zaman genlər oynamağa, üzə çıxmağa başlayır.

 

- Miçiqan Dövlət Universitetindən Riçard Lenski dünyanın ən uzun çəkən təkamül eksperimenti üzərində işləyir, öz laboratoriyasında “Escherichia coli” bakteriyasının 12 populyasiyasını izləyir. Uzun müddət sonra bəlli olur ki, 31 min 500 nəslin dəyişdiyi eksperimentdə 12 populyasiyadan yalnız biri onlara verilən sitrat yeməyə başlayıb.

 

- O bir populyasiya da sitratı yeməyə bilərdi. Görün, təcrübə aparılan canlıda o qədər böyük genetik dəyişkənlik olub ki, 12 populyasiyadan biri verilən yemi götürüb. Amma təbii olaraq nəsli kəsilənlər də var.

Şərait dəyişir, genetik müxtəliflik imkan vermir ki, növ yeni şəraitə uyğunlaşsın. Deyək ki, meşə qurudu, otluq əmələ gəldi, növ isə burada yaşaya bilmir. Əvvəl yediyi yem yoxa çıxdı, təzəsi gəldi, indi gəl buna uyğunlaş.

O qədər belə hallar olur ki, növ qidaya uyğunlaşa bilmir və məhv olur, sonra isə nəsli kəsilir.

Bu niyə belə olur? Bunun da çox böyük elmi var, bu mövzu ilə bağlı söhbəti bir saata sığışdırmaq olmaz.

 

İndi təbiəti mühafizə ilə məşğul olurlar. Bu da təkamüllə bağlıdır. Hansısa növün sayı azalır, nəsli kəsilir. Nə tədbir görürlər, sayının azalmasının qarşısını ala bilmirlər. Çünki bu növ yoxa çıxır. Qumilyovun terminləri ilə desək, bu növ qocalıb. Elmi dildə desək, genetik müxtəlifliyini itirib, onda çox sadə genlər qalıb, mühitə uyğunlaşa bilmirlər. Onları uzaq başı zooparklarda süni şəkildə çətinliklə saxlamaq olur. Amma nəticə budur ki, həmin növ rəqabətə dözmür və sıradan çıxır.

Bu halları bilmək lazımdır.

Belə də olur ki, növ plataya çıxır və bu platada şərait dəyişmir. O, 100 milyon il də yaşaya bilər. Ancaq şərait dəyişsə, o məhv ola bilər.

Şimali Amerikada hindular çox tez yoxa çıxdılar və rəqabətə girə bilmədilər. Cənubi Amerikada isə əksər insanlar hindu genləri daşıyır. Şimali Amerikada 300 milyon əhalidən 5 milyon hindu ya qala ya da qalmaya. Belə bir fikir var ki, hindular Şimali Amerikaya keçəndə çox az adam ora keçə bilib. Yəni bir neçə min adam boğazları keçməyi bacarıb. Daha sonra isə bu bir neçə min adamdan milyonlar əmələ gəlib.

Ona görə də bunlarda bəzi qan qrupları çox azdır. Bir çox genlər bu populyasiyaya düşməyib. Sonra Avropadan yeni xəstəliklər gələndə hindular buna uyğunlaşmayıb və kütləvi şəkildə qırılıblar. Yaxud da Avropa adamları nailiyyət qazanıb, hindular isə yox. Çünki genetik müxtəliflik az olub.

Genetik müxtəlifliyin aşağı olması populyasiyanın rəqabət səviyyəsinə təsir edir. Bunların hamısını biləndən sonra təkamüldən danışmaq lazımdır.

 

- Təkamül təkcə müsəlman dünyasında yox, Avropada da, Amerikada da müzakirə mövzusudur. Problem yaradan və mübahisələrə yol açan əsas məsələ insanın mənşəyi ilə bağlıdır. İnsanın mənşəyi nədir?

 

- Bu, çox qəliz məsələdir. Çox böyük çətinliklə qazıntılar aparıb sümüklər tapırlar. İnsana ayrıca bir növ kimi baxsaq, deyə bilərik ki, insan qeyri-adi növdür. Fikir verin, görün insan morfoloji cəhətdən necə fərqlidir. Böyüsü, balacası, ağı, qarası var. Amma cütləşəndə hamısı kənd təsərrüfatı termini ilə desək döllü nəsil verir.

Ernst Mayra görə, döllü nəsil vermək, bir növün əlamətidir. Çünki müxtəlif növlər döllü nəsil verə bilmir. İnsanda bu qədər böyük müxtəlifliyin olmasına baxmayaraq, bunlar hamısı bir növdür. Hətta piqmeylər də normal adamdır, sadəcə insanın xırda formasıdır.

İnsanın mənşəyinin müəyyən olunması çox mürəkkəb məsələdir. Bir-bir oradan-buradan sümüklər tapıb təxmin edirlər ki, adi meymunlar necə inkişaf edib. Məsələn, bəzi meymunlar hansısa bir məqamda quyruq itiriblər. Biz bunu ayılara da deyə bilərik, ayı da quyruğunu itirib. Amma ayının qohumları olan dələlərdə quyruq uzundur. Ancaq ayı da, dələ də ağaca çıxa bilir.

Niyəsini bilmirik, amma elə olub ki, əcdad quyruğunu itirib. Sonra yavaş-yavaş ağacdan yerə düşüb.

Quyruqsuz meymunlar hamısı insanın qohumlarıdır. Şimpanze skeleti ilə insan skeletinin 98 faizi üst-üstə düşür. Cüzi fərqlər var - əl barmaqları, ayaq barmaqları və bəzi başqa sümüklərdə.

Meymun ağaca uyğunlaşmış bir canlıdır, onları yerə düşəndə bəziləri mübarizə aparıb, bəziləri də məhv olub. Uyğunlaşanlar iki ayaq üzərində gəzməyə başlayıblar və skelet tamam dəyişib. İki ayağa çıxanda əl tamam boşalıb və alət istifadə etməyə başlayıblar. Engels bunun izahını yaxşı verir.

 

Detallara varanda o qədər nəsli kəsilmiş kor bağırsaqlar tapılır ki, biz onun indiyə qədər qalıb-qalmadığını bilmirik. Maraqlı bir şey var ki, neandertallar və kromanyonlar olub. Bəzi mənbələrə görə, kromanyonlar 40 min, bəzilərinə görə isə 100 min il əvvəl əmələ gəliblər. İndi də bəzi insanların içərisində neandertal adamlara xas morfoloji xüsusiyyətlər var.  Misal üçün bəzilərində qaş üstü sümük güclü inkişaf edib.  Və ola bilsin ki, bu, kromanyonların neandertallarla cütləşməsinin nəticəsidir.

 

Biz görürük ki, Avstraliya adamı ilə Amerika adamı uşaq verir, yəqin ki, neandertallarla kromanyonlar da o qədər fərqlənməyib. Bir tayfa o biri tayfaya güc gələndə, kişilər öldürülürdü, qadınlar isə qalırdı. Mənə elə gəlir ki, qadınlar da qarışıq uşaqlar veriblər. Hesab edirəm ki, təkamül belə qarışmaq yolu ilə gedib.

 

- Bu sahənin mütəxəssisləri mətbuata, televiziyaya çıxmayanda anti-təkamülçülər təşəbbüsü ələ alır və insanları, cəmiyyəti özlərinə inandıra bilir. Sizlər niyə təşəbbüsü ələ almaqda çətinlik çəkirsiniz?

 

- Xristian aləmində ateistlər, aqnostiklər çox aqressivdirlər, dindarları intellektual şəkildə sıxışdırıb başlarına “oyun açırlar”. Riçard Doukinzin kitablarını oxuyandan, çıxışlarını dinləyəndə sonra adam istəyir ki, dini bir kənara tullasın.

Amma belə deyil, din varsa və yaşayırsa, deməli, ona tələbat var.

Dünyanın ən inkişaf etmiş ölkələrinin savadlı adamları ilə danışanda görürsən ki, hamısı aqnostikdir. Aqnostik də elə ateist kimidir, sadəcə ateist bir az aqressivdir. Onlar açıq şəkildə deyirlər ki, nə cənnətə, nə cəhənnəmə inanırlar. Deyirlər ki, başımızın üstündə heç bir qüvvə yoxdur və insan öləndən sonra hər şey bitir.

Fikir verin, ölümdən ən çox qorxan belə adamlardır. Bunlar balaca bir xəstəlikdən də qorxurlar. Düşünürlər ki, öləcək və hər şey bitəcək. Amma dindar adam asan yaşayır. Çünki inanır ki, bu dünyada ölsə də, o biri dünyada yaşayacaq. Belə insanlar üçün ölmək də bir problem deyil, hətta gedib özlərini şəhid də edirlər.

Burada çox incə məsələlər var, bunların müzakirəsi ayrı söhbətdir. Məsələ də burasındadır ki, təkamülü müzakirə edəndə, gec-tez din söhbətlərinə gəlib çıxırsan.

 

Təkamülü qəbul etmək üçün dindar olmamaq şərt deyil. Dindar adam da bunu qəbul edə bilər. Biri deyir ki, təkamül öz-özünədir, təbiətdən yaranır. O birisi isə deyir ki, təkamülə start verən ilahi qüvvədir. Sadəcə fərq bundadır. Ən çətin məsələ həyatın mənşəyinin müəyyən olunmasıdır. Alimlər indiyə qədər başa düşməyib ki, Yer planetində canlı həyat necə əmələ gəlib. Bəziləri deyir ki, kosmosdan əmələ gəlib.  Bu zaman da “bəs kosmosda haradan əmələ gəlib” sualı ortaya çıxır. Elm özü də belə şeylərə dəqiq cavab verə bilmir. Amma elmin cavabının olmaması o demək deyil ki, elm yoxdur, təkamül getmir.

Təkamülü inkar etmək savadsızlıqdır. Ancaq kəmsavad adamlar təkamülü inkar edə bilər.

 

- Məsələ də burasındadır ki, elmin cavab verə bilmədiyi məqamlardan kreatsiontslər ilahi bir qüvvənin varlığını təsdiq etmək üçün yararlanırlar.

 

- Hansı məsələni elm izah bilmirsə, mühafizəkar dindarlar bu məsələnin izahını dinin predmeti elan edirlər. Onlar özü də buna heç bir izah vermirlər. Bu məsələləri inamla bağlayırlar. Elm boynuna alır ki, nəyisə tapıb, nəyisə də tapmayıb. Yəni elm dinamik və daimidir. Din isə elmin tapa bilmədiyi cavablardan yapışır. Sabah elm buna cavab tapanda isə din məcbur olub geri çəkiləcək.

Bəzi dindarların mövqeyi yanlışdır. Bu yanaşma ancaq uğursuzluğa və itkiyə gətirib çıxarır. Əgər elm nəyisə izah edə bilmirsə, o dəqiqə bunu Allahın varlığına sübut edən dəlil kimi elan etmək düzgün deyil. Sabah elm o məsələni tapacaq və izah edəcək.

 

- Təkamül üzrə mütəxəssislərin geri çəkilməsi qarşı tərəfə imkan yaradır ki, onlar təhsil sisteminin içərilərinə qədər irəliləsin...

 

- Bunlar gizli – mason qüvvələrdir. Mason qüvvələrin müxtəlif təşkilatları var. Masonların belə təşkilatları çoxdur. Masonluq hakimiyyətə gəlmək üçün ən rahat yollardan biridir. Bunlarla mübarizə aparmaq çox çətindir. Mən 2001-ci ildə Vaşinqtonda olmuşam. Dövlət Departamentinin dəvəti ilə Azərbaycandan, Gürcüstandan, Ermənistandan olan ekoloqlar bura toplaşmışdı. Bizə orada maraqlı şeylər danışırdılar. Deyirdilər ki, Vaşinqtonun quruluşu masonluğu təbliğ edir. Yəni deyirdilər ki, bu dövləti masonlar qurub. Masonların hər bir sahəyə təsiri güclüdür.

 

- Bayaq ilahi qüvvədən söz açdınız, özünüz Allahın varlığına inanırsınız?

 

- Ən asan şey dindar olmaqdır. Burada sadəcə inanırsan. Savadlı adam isə həmişə şübhələnir. Dinlə şübhə isə üst-üstə düşmür.

Eynşteyni çox adam deyir ki, dindar olub. Bu heç zaman biz başa düşdüyümüz dindarlıq olmayıb. Eynşteyn nə namaz qılıb, nə kilsəyə gedib. O deyib ki, daxilində ilahi bir qüvvənin varlığını hiss edir. Amma Eynşteynin ilahi qüvvə anlayışı ilə dindarlarınkı tamam fərqlidir. Eynşteynin dini onun vicdanı idi.

Bəs vicdan necə formalaşıb? Sosial elm bunu indiyə qədər öyrənməyib. Vicdanın, namusun, qeyrətin elmi əsasları yoxdur. Nə zaman bunların elmi izahı olacaq, elmi əsası da olacaq. Hələ ki, bu anlayışların elmi əsası yoxdur deyə, ən savadlı adamlar da məcbur qalıb inanırlar. Çünki bilik olmayanda insan məcbur olub inanır.

İnsan vicdanla hərəkət etməlidir. Mən vicdanla hərəkət edirəm. Bəs bu vicdanı mənə kim verib? Bunlar sual altındadır.

 

- Elçin müəllim, hazırda özünüzün praktiki tədqiqat sahəniz nədir?

 

- Ekologiya, quşların ekoloji xüsusiyyətlərini, ümumiyyətlə ekosistemin vəziyyətini öyrənmək. Mən 20 il bundan qabar İngiltərədə gördüm ki, ekoloji landşaftlar necə dəyişir və bu proses gedir. Azərbaycanda təəssüf ki, bununla bağlı bir anlayış yoxdur. Çalışırıq ki, tələbələrə deyək ki, yeni nəsil bundan nəsə anlasın.

 

- Azərbaycanda quşların vəziyyəti necədir, heç nəsli kəsilməyə doğru gedənlər varmı?

 

- Azərbaycanda 400 növ quş var. Hər il də artır, bu, köç edən quşların hesabınadır. Köç edən quşlar Azərbaycanda çox qısa müddətli olurlar. Qaydaya görə, quş bizim ərazimizdə bircə dəqiqə olsa belə, bu, bizə aid növ sayılır. Ağ durna bizim üstümüzdən uçur, bu, kifayətdir. Ağ durna az olur. Ağ durnanın qərb populyasiyası yoxa çıxır. Bunların 4-5 mini Yakutiyada qalır, bizdəkilər isə məhv olmaq üzrədir.

Fikir verin, əvvəllər Bakıda ala qarğa yox idi. İndi isə Bakıda ala qarğalar hər yerdə var. Ala qarğaya bəzən qara qarğa deyirlər, halbuki o ayrı növdür. Qara qarğanın elmi adı zağcadır, o, bizdə yoxdur. Avropada və Sibirdə var. Ala qarğa zağcadan fərqlidir, onun duruşu da başqadır.

Onların səsləri də başqadır.

30 il bundan qabaq Bakı dam sərçəsi ilə dolu idi. Onların səsindən qulaq tutulurdu. İndi isə faktiki olaraq tapılmır. Bunu təkamüllə izah etmək olar. Ətraf mühit dəyişir, növlər də ona uyğun olaraq ya yoxa çıxır ya da qalmağa davam edirlər. Bizdə keçmişdə Bakıda qurqur yox idi. Qurqur göyərçinə oxşayır, amma göyərçindən incədir, gözəldir. Bakıda indi qurqurun 2 növü var. Bir növ mənim gözümün qabağında gəlib Azərbaycana. Bunlar əsl təkamüldür.

 

- Azərbaycanın ekoloji durumu nə yerdədir?

 

- Ekologiya 2 cürdür – çirklənmə ekologiyası və biomüxtəliflik ekologiyası. Biri təbiət mühafizə, biri də ətraf mühitdir.

Bütün dünyada belə bir qanun var. Kənd təsərrüfatı sahəsi sənaye səviyyəsinə çıxanda biomüxtəliflik çökür, növlərin sayı kəskin azalır. Bizdə isə belə deyil, ona görə də yüksək biomüxtəlifliyə sahibik. 

 

Çünki kütləvi gübrə, zəhərlər, maşınlar istifadə olunur, hər yer əkilib-biçilir və vəhşi təbiət qalmır. Şükür olsun ki, Azərbaycan hələ bu səviyyəyə çıxmayıb. Azərbaycanın kənd təsərrüfatı çox acınacaqlı vəziyyətdədir.  Kəndlinin 3-5 hektar torpağı varsa, o,  bunun hər yerində gübrə istifadə edə bilmir.

Biomüxtəlifliyə görə, Azərbaycan Avropada 4-cü yerdədir. Bizdə kənd təsərrüfatı sənaye səviyyəsinə çıxmayıb.

 

Azərbaycanda bəzi ekoloqlar ekologiyanı gözdən salırlar. Çünki onlar danışanda ümumi sözlər qururlar və ortaya konkret fakt, rəqəm qoymurlar. Yalandan rəqəm uydurmaq camaatı aldatmaqdır. İnsanlar da “bu ekoloqlar hamısı boş-boş danışanlardır” deyirlər. Döşünə döyüb “mən hər şeyi bilirəm” deyən adamlar əslində çox şeyi bilmir. Ekologiya ciddi elmdir.

 

- O zaman düşünməliyik ki, kənd təsərrüfatı sahəsinin sənaye səviyyəsinə çıxmaması daha yaxşıdır?

 

- Bunu deyə bilmərəm. Sadəcə inkişaf üçün lazımdır ki, kəndə təsərrüfatı inkişaf etsin. Biz özümüzü buğda ilə təmin edə bilmirik. Bir çox məhsulla özümüzü təmin edə bilmirik. Çünki kənd təsərrüfatı sahəsi güclü inkişaf etməyib. Biz özümüzü ancaq ətlə təmin edə bilirik. Lakin bu məsələdə də oyun çıxarırlar. Deyirlər ki, guya ətlə təmin edə bilmirik, ona görə də xaricdən qoyun, ət gətirilir. Halbuki yerli mal hesabına özümüzü ətlə tam təmin edə bilərik. Azərbaycanda 15 milyon qoyun, 3-4 milyon da inək var. 9 milyon əhali üçün bu kifayətdir. Maldarlıq, heyvandarlıq bizdə yaxşı inkişaf edib. Amma bitkiçilik o qədər də yaxşı vəziyyətdə deyil. Bəzi şirkətlərin, isə müasir tarlaları var, bunlar istisnadır.

 

Mən həmişə Uqanda prezidentinin sözlərini yadıma salıram. Uqandada bir konfrans olub və o prezident deyib: “Qərbdən bizə təzyiqlər edirlər ki, bənd salmayın, zavod tikməyin. Yaxşı biz inkişaf etməyək? Bizdə kənd əhalisi ətraf mühiti dağıdır. Heyvanları qırırlar, meşələri kəsirlər. İstəyirik ki, onları şəhərə gətirək, kənd əhalisi azalsın və ətraf mühit özünə gəlsin”.

 

O haqlıdır. Azərbaycanda kənd əhalisi bəzi göstəricilərə görə, 40-50 faizdir. İnkişaf etmiş ölkələrdə isə kənd əhalisi 10 faizdir. Birbaşa kənd təsərrüfatı ilə işləyən fermerler isə cəmi 3-5 faizdir. Bunun üçün də Amerika Amerikadır, İngiltərə İngiltərə, Azərbaycan da Azərbaycandır.

 

Bizdə hansısa biri küçənin ortasına su kranı qoyur və “mən su çəkmişəm” deyir. Halbuki indi 21-ci əsrdir, suyu evlərə çəkərlər. Küçən ortasına kranı 300 il bundan əvvəl Avropada qoyurdular. Bizimkilər də indi döşünə döyür və “görürsünüz, iş görmüşəm” deyir. Halbuki bu kran da bir iki ildən sonra tutulur və o kimsənin olmur. Bununla da su qurtarır. Müasir zamanda su, işıq, qaz evə gəlməlidir, küçə asfaltlanmalıdır. Bunların heç biri Azərbaycanın əksər kəndlərində yoxdur – işıqla qazdan başqa. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir