Modern.az

Çingiz Abdullayev cəzalandırıla bilər - Deputatdan AÇIQLAMA

Çingiz Abdullayev cəzalandırıla bilər - Deputatdan AÇIQLAMA

12 Sentyabr 2017, 15:39

Sentyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun göstərişi və iştirakı ilə Bakının Səbail rayonu ərazisində, “Sahil bağı” (keçmiş "26 Bakı Komissarı" bağı) yaxınlığında, Xaqani küçəsində yerləşən “26” - “Twenty six” adlı kafenin fəaliyyəti dayandırılıb. Kafenin əmlakı müsadirə edilib.

 

H. Abutalıbov kafe rəhbərliyini ittiham etmişdi ki, onlar iaşə xidməti obyektini “26 Bakı komissarı”nın və 100 il bundan əvvəl azərbaycanlıların soyqırımını törətmiş daşnakların şərəfinə adlandırıblar.

 

O həmçinin  jurnalistlərə açıqlamasında kafeni əxlaqsızlıq yuvası adlandırıb. H. Abutalıbov kafenin girişində “Qadınlara qəlyan pulsuz verilir” elanının yazılmasını buna sübut olaraq göstərib.

 

Həmçinin mətbuatda klubda təşkil edilmiş erotik şounin videosu da yayılmışdı.

 

Həmin klub isə Azərbaycan Yazıçılar Birliyinin (AYB) icarəyə verdiyi yerdir. Mətbuatda dərc olunan sənədlərə görə, icarə müqaviləsi AYB katibi Çingiz Abdullayevlə sahibkar Ramil Məmmədli arasında bağlanıb.

 

Müqaviləyə əsasən, AYB binasında kafe açılır və buna görə Çingiz Abdullayev hər ay 8 min manat alır. Müqavilə 2017-ci ilin mart ayının 14-də bağlanıb.

 

Əgər həqiqətən də həmin kafedən əxlaqsızlıq yuvası kimi istifadə olunubsa, o zaman icarəyə verəni hansı cəza gözləyir?

 

Məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli Modern.az-a açıqlama verib.

 

Deputat bildirib ki, əxlaqsızlıq yuvası saxlamağa görə həmin obyektin sahibi və icarəçi hüquqi cəhətdən məsuliyyət daşıyır.


“Bu, çox ciddi cəza verilməsinə şərait yaradır. Xalqımızın mənəvi simasının qorunması çox vacibdir. Əxlaqsızlıq yuvaları saxlayanlar, həmin obyekti icarəyə verənlər, bu işlə məşğul olanlar, həmin obyektə gələnlər və gedənlər də məsuliyyətə cəlb olunmalıdır”.

 

Tahir Kərimli bildirib ki, bu kimi şəxlər həm cinayət və inzibati qaydada məsuliyyətə cəlb edilə bilərlər.

 

“Hətta həmin obyekt sahibləri mütəmadi qaydada bu cür əməllərdən əl çəkməzlərsə, xəbərdarlıq alarlarsa, məhkəmənin qərarı ilə sahiblik hüququndan məhrum da edilə bilərlər”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi