Modern.az

İnam və şübhə ARASINDA: kimsən sən, qul, yoxsa azad insan?

İnam və şübhə ARASINDA: kimsən sən, qul, yoxsa azad insan?

13 Sentyabr 2017, 09:46

Leyla Nəzirzadə,

Fəlsəfə üzrə fəlsəfə doktoru, UNEC-in Humanitar fəmlər kafedrasının baş müəllimi

 

Bəşər övladı özünü və onu əhatə edən dünyanı araşdırmağa və dərk etməyə başladığı ilk cəhdlərindən bu günədək təbiətin və özünün hüdudları çərçivəsində doldura bilmədiyi boşluqların təfəkküründə yaratdığı sualların cavabını onların fövqündə axtarmağa başladı.

 

Bu minvalla fövqəltəbii və fövqəlbəşəri dəyərlər və uyğun olaraq da yeni-yeni anlayışlar yaratmağa başladı. Əlçatmaz ucalıqları müqəddəsləşdirərək, ətrafında nağıllar, miflər, bütlər, idollar, dinlər mozaikasından ibarət bir qalanın memarına çevrildi.

 

Qala uzunmüddətli, qalıcı, insan isə ötəri olduğundan, memarlar zamanla dəyişdi, hər yeni gələn köhnədən nələrisə saxladı, nələrisə dağıtdı, hörə bildiyi qədər hördü, təzələdi. Bu proses hələ də davam edir və köhnə qalanın sakinləri də müxtəlifdir. Bir qismi “başımın üstündə damım var, kifayətdir” prinsipi ilə, yaxud da mirası olduğu kimi saxlamaq niyyəti ilə qalanı necə var, elə qəbul edir, digər qismi isə müasir zamanın tələblərinə cavab verməyən diskomfortdan narahat olub, onu dəyişməyə, ya da ümumiyyətlə söküb, yenidən tikməyə üstünlük verir. Halından məmnun olanlar dindarlar, din xadimləri, narazılar və dəyişdirməyə, yaxud ümumiyyətlə imtina etməyə cəhd edənlər isə filosoflar və elm xadimləridir.  Həmin səbəbdəndir ki, birincilərin əksər hallarda sonuncuları görəsi gözü yoxdur.

 

Yaxşı bir sual yaranır – Niyə? Sualın cavabı əslində çox sadə və eyni zamanda sadə göründüyü üçün kifayət qədər qəlizdir.

 

Əvvəla, ondan başlayaq ki, burada qarşı-qarşıya qoyulan iki əsas məsələ var: inam və şübhə. Daha doğrusu, tərəddüdsüz inam və məntiqli şübhə. Kənar müşahidəçi kimi yanaşsaq, mütilik və asilik; taleyi ilə barışan qul və üsyankar, azad ruh. Nə qədər paradoksal görünsə də hər  bir insanda bu təzadlar az və ya çox dərəcədə var. Elə insanın cəmiyyətdəki statusunu müəyyənləşdirən də məhz bu dərəcədir. Kimsən sən, qul, yoxsa azad insan?

 

Doğrudur, biz quldarlıq dövründə yaşamırıq, hüquqi cəhətdən hər birimiz qanun qarşısında bərabər, Konstitusiyanın bizə yaratdığı hüdudlar çərçivəsində azad insanlarıq. Azadlığın fəlsəfəsini dərk edənlər gözəl bilir ki, mütləq azadlıq yalnız təfəkkürdə ola bilər, çünki dilinə gətirmədiyin müddətcə, düşüncənə kimsə məhdudiyyət qoya bilməz. Fikrin çərçivəsi yoxdur, istədiyi səmtə uçar da, qaçar da. Amma cəmiyyət sənin üçün dəyərlər, normalar, qayda-qanunlar adlı çərçivələr cızır, sənin bu çərçivələri aşan, dağıdan əməllərini cinayət adlandırır və rəngarəng cəzalar müəyyənləşdirir. Çərçivəsini aşmayan, tabe olan və “yersiz” narazılıqlar bildirməyənlər isə mükafatlandırılır, “nümunəvi vətəndaş” statusu alır.  Bu məqamda şəriətlə siyasət tərəzinin eyni gözündə yer alır. Din daha irəli gedərək, mükafatı və cəzanı daha mükəmməl və sərt şəkildə Axirətə daşıyır...

 

Ümid və qorxu! İnsanın şüurlu həyatı boyunca ruhunu idarə edən iki əzəmətli duyğu. Adətən insanın ümidinin də, qorxusunun da ünvanı eyni obyekt olur. Uşaq ikən bu obyekt valideyn, daha çox ata olur. Müəyyən yaşa qədər biz hər çətinliyimizdə yalnız atamıza ümid edirik və ondan qorxuruq. Bizi əhatə edən mühit, çevrəmiz genişləndikcə ümid etdiyimiz və qorxduğumuz obyektlərin sayı da artmağa, şaxələnməyə başlayır. Məhlədəki hamıdan güclü və kobud uşaqdan qorxursan və eyni zamanda onun dostluğuna ümid edirsən – özündən zəifləri qorxu və ümid içində saxlamaq üçün. Məktəbdə müəllimindən qorxursan, işdə müdirindən, qadınsansa, evdə ərindən, kasıbsansa, dövlətlidən, zəifsənsə güclüdən və s. Qorxuların səni idarə edir, gözüqıpıq bir biçarəyə çevirir. Yavaş-yavaş zəifləyirsən və içində yaşatdığın bir ümiddən başqa heç nəyin qalmır. Səni qorxaq duruma salan bütün güclülərin hamısından daha güclü bir varlığa – fövqəlbəşərə - Tanrıya, Allaha, Boq-a, God-a ümid edirsən. Bütün səni incidənləri onun ilahi ədalətinə tapşırıb bir növ rahatlaşırsan, daxilən güclənirsən. Amma bu da uzun çəkmir, istədiyin kimi inanacağınımı zənn edirsən? Yanılırsan. Din təəssübkeşləri alıcı quş kimi başının üstünü kəsdirib, nəyə və necə inanacağını sənə diktə etməyə başlayırlar. Başda hər şey cazibədar gəlir. Sən onlara qoşulub, ibadət məkanlarına (məbədlərə, sinaqoqlara, kilsələrə və ya məscidlərə) üz tutursan. Kütləvi ibadətlər, ayinlər həyat tərzinə yeni rəng qatır.

 

Özünü az qala müqəddəs hiss edirsən və sənin kimi olmayanlara “ağıl verməyə” başlayırsan. İfrata varmadığın müddətdə qorxusu yoxdur, vay o gündən ki, radikal dini sektaların tələsinə düşəsən. Necə zombiləşdiyinin fərqində belə olmayacaqsan və bu yol səni “cihad” adlandırılan, əslində isə murdar siyasətin oyunu olan terrora qədər apara bilər. Digər tərəfdən,  dinin əsas tələbinə  –  “tərəddüd etmədən inan və əməl et” müddəasına uymadınsa, yenə də vay sənin halına... şübhələr beynini didməyə başlayacaq və sən çaşqınlıq işərisində hansı yolun daha doğru və həqiqət olduğunu araşdırmağa başlayacaqsan. Daha məntiqli yolu seçəcəksən və dinlərin müqəddəs kitablarını oxumağa başlayacaqsan. Oxumaq da var oxumaq da... Üzündən oxuyub keçirsənsə, heç. Bir də var təhlil etməyə cəhd edirsən. Elə ilk səhifələrdən ziddiyyətlər şübhələrini daha da dərinləşdirir. Beynində sual yaranır: Əcəba bu kitablar həqiqətən də Yaradanın əsərləridirmi? Cürətlənib bu sualı dilinə gətirsən, ən yaxşı halda sənə “kafir” deyəcəklər və sənə elə o sualı yaradan surə və ayələrlə cavab verəcəklər:

 

6. “(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

 

7. Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır. Onları böyük bir əzab gözləyir!” – (Quran. 2. əl-Bəqərə (İnək) surəsi, Ərəb dilindən Azərbaycan dilinə tərcümə edənlər "Z.M.Bünyadov və V.M.Məmmədəliyev").

 

Sual yaranır. Əgər Allah özü onların ürəyinə və qulağına möhür vurmuş, gözlərinə də pərdə çəkmişsə, onların günahı nədir? Ərəb dilini bilmədiyin və kitabı tərcümədən oxuduğun üçün bildiyin digər dillərdəki tərcümələrə baxırsan. Məsələn rus dilində bu ayələr belə verilib:

 

6. “Воистину, неверующим безразлично, предостерег ты их или не предостерег. Они все равно не уверуют.

 

7. “Аллах запечатал их сердца и слух, а на глазах у них – покрывало. Им уготованы великие мучения.” – (смысловой перевод Корана Кулиева Эльмира.)

 

Türkiyə türkcəsində belədir:

 

“Küfre saplananlara gelince, onları uyarsan da, uyarmasan da, onlar için birdir, inanmazlar. ﴾6﴿ Allah onların kalplerini ve kulaklarını mühürlemiştir. Gözleri üzerinde de bir perde vardır. Onlar için büyük bir azap vardır. ﴾7﴿” – (Diyanet işleri başkanlığı).

 

Göründüyü kimi demək olar ki, bütün variantlarda mahiyyət eynidir. Sual öz aktuallığını qoruyur: “Allahın möhürlədiyi qəlbi və gözü biçarə bəndə necə açsın?” Cavab tapmaq ümidi ilə oxumağa davam edirsən və daha da çətinə düşürsən:

 

“8. İnsanlar içərisində elələri də vardır ki, iman gətirmədikləri halda: "Biz Allaha və qiyamət gününə iman gətirdik", - deyirlər.

 

9. Onlar elə güman edirlər ki, (qəlblərində olan küfrü gizlətməklə) Allahı və mö’minləri aldadırlar. Bilmirlər ki, əslində ancaq özlərini aldadırlar.

 

 

10. “Onların ürəyində mərəz (nifaq və həsəd mərəzi) var. Allah onların (şəkk, kin və nifaq) mərəzini daha da artırar. Yalan dedikləri üçün onlar şiddətli bir əzaba düçar olacaqlar!”

 

Surənin onuncu ayəsi şübhələrdən azad olmaq üçün müqəddəs kitaba üz tutan adamın bütün xəyallarını darmadağın edir. Necə yəni, “Onların ürəyində mərəz (nifaq və həsəd mərəzi) var. Allah onların (şəkk, kin və nifaq) mərəzini daha da artırar. Yalan dedikləri üçün onlar şiddətli bir əzaba düçar olacaqlar!”, bütün ümidini bağladığın, pənah gətirdiyin Rəhman və Rəhim, bağışlayan Allah niyə bu mərəzi sənin qəlbindən çıxarmaq əvəzinə daha da artırsın, üstəlik yekunda səni şiddətli əzaba düçar eləsin?

 

Elementar məntiqi olan adamda bu sual yaranacaq. “Bəqərə” surəsinin növbəti ayələrini oxuduqca bəlli olur ki, söhbət İslamın yayıldığı ilkin dövrdə Məhəmmədin peyğəmbərliyini və İslamı qəbul etmək istəməyən bütpərəstlərə ünvanlanıb:

 

“22. O Allah ki, sizin üçün yer üzünü döşədi, göyü isə tavan yaratdı, göydən yağmur endirdi və onun vasitəsilə sizin üçün müxtəlif meyvələrdən ruzilər yetişdirdi. İndi siz də Allaha (Onun heç bir oxşarı və bənzəri olmadığını) bilə-bilə şəriklər qoşmayın!

 

23. “Əgər bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (Qur’ana) şəkkiniz varsa, siz də (fəsahətdə və bəlağətdə) ona bənzər bir surə gətirin və əgər ("bu, bəşər kəlamıdır" sözünü) doğru deyirsinizsə, onda Allahdan savayı (bütün) şahidlərinizi (bütlərinizi, şair və alimlərinizi bu işdə köməyə) çağırın!

 

24. “Madam ki, belə bir işi bacarmırsınız, heç bacara da bilməzsiniz, o halda kafirlər üçün hazırlanmış, yanacağı (günahkar) insanlardan və kibrit daşlarından ibarət olan oddan (Cəhənnəmdən) həzər edin!”.

 

Dindarlar cürətimə görə məni bağışlasın, amma yenə də sual yaranır. İmana gəlmək üçün Quranı oxuyan bir “günahkar” bəndə suallarına konkret cavab almadan şübhələrdən necə azad olsun? Axı kor-koranə necə inansın? Əgər bu ayələr 7-ci əsrdə peyğəmbəri inkar edənlərə ünvanlanıbsa, 21-ci əsrin sidq ürəkdən inanmaq istəyən, amma tərəddüdləri olan insanı ilə nə əlaqəsi var?

 

Oxumağa davam edirik:

 

25. “(Ya Peyğəmbər!) İman gətirən və yaxşı işlər görən kimsələrə müjdə ver: onlar üçün(ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır. (O cənnətlərin) meyvələrindən bir ruzi yedikləri zaman: "Bu bizim əvvəlcə (dünya evində) yediyimiz ruzidir",- deyəcəklər. Əslində isə bu (ruzi, meyvələr) onlara (dünyadakılara zahirən) bənzər olaraq verilmişdir. Onlardan ötrü orada (hər cəhətdən) pak (olan) zövcələr də var. Onlar (mö’minlər) orada əbədi qalacaqlar.”

 

Ərəb dilini bilmədiyim üçün bu ayədəki “zövcə” sözünün üzərində bir az dayanmalı oldum. Əslində ərəb dilindən tərcümədə “qadın”, daha doğrusu “arvad” mənasını verdiyini bilirdim. Amma əmin olmaq üçün bir neçə dilə tərcüməsinə baxdım, azərbaycanca “arvad”, rusca “жена”, ingiliscə “wife” mənalarını dəqiqləşdirdikdən sonra istər-istəməz bir sual da yarandı. Yaxşı, bəs mömin qadınların mükafatı nə olacaq?

 

Bu sualları verməkdə məqsədim nə Allaha şərik qoşmaq, nə də yer üzündə fitnə-fəsad törətmək deyil. Sadəcə insan olaraq düşünmək, şübhələnmək, sual vermək kimi təbii hallarım və haqlarım var. Mən bu sualları verməkdən çəkinmədiyim halda cahil və kafir hesab olunuramsa, acizanə şəkildə xahiş edirəm və hətta “yalvarıram” ki, aqil möminlər sual yaradan ayələri təkrar üzümə çırpmadan bu sualların sadə, başa düşülən cavablarını versinlər.

 

Şübhə etmədən inanmağın yollarını biz “cahil” bəndələrə də öyrətsinlər. Bir yolu bilirəm – oxumamaq və öyrənməmək. Necə ki əksəriyyət edir – Quranı bəzəkli dəsmalda və ya qutuda evin əlçatmaz guşəsinə qoyub, toxunulmaz edir və yalnız toyda bəylə gəlini altından keçirir, ya da vəfat etmiş yaxınlarımızı son mənzilə yola salarkən ödəniş etdiyimiz mollaların gözəl avazında dinləyib, tərcüməsini bilmədən göz yaşımızı selə döndəririk.

 

Halbuki İslam peyğəmbərinin vasitəsilə Allahın bəşəriyyətə ilk buyruğu “Oxu! Beşikdən qəbrədək elm öyrən!” olmuşdu. Bəlkə hamılıqla bu əmrə tabe olaq, qorxu və xofdan azad olub oxuyaq və elm öyrənək? Amma, bir əmma var. Elm hər başın qaynayacağı qazan deyil axı. Sürü təfəkkürlü insanları ancaq içinə səpilmiş qorxu toxumları ilə idarə edə bilərsən. Peyğəmbərlərin əksəriyyətinin “çoban” olması da elə buna eyham deyilmi?  Bu isə, artıq siyasətdir, inam və şübhə ilə əlaqəsi yoxdur. İnam da, şübhə də fərdi məsələdir, bəndə ilə Allahı arasında olan haqq-heasabdır. Bizə isə hamısının – inananların da, şübhə edənlərin də, inkar edənlərin də mövqeyinə hörmət etmək düşər. Amma hər ehtimala qarşı oxuyun, özü də tək Quranı deyil, Tövratı, İncili, Zəburu da oxuyun. Çünki elə Quranın özündə onun özündən əvvəlkiləri təsdiq etmək üçün göndərildiyi xəbər verilir:

 

“O, sənə Kitabı gerçək olaraq, ondan əvvəlkiləri təsdiqləməsi üçün nazil etdi." (Ali İmran, 3)

 

"Biz sənə, özündən əvvəlki kitabları təsdiqləyən və onları mühafizə edən Kitabı haqq olaraq nazil etdik." (əl-Maidə, 48)”.

 

Fəlsəfədə isə buna varislik prinsipi deyilir; hər sonrakı kitab özündən əvvəlkindən bəhrələnərək yeni müddəalar əlavə edir. Siz isə oxuyun, nəyin doğru, nəyin yanlış olduğunu mənbəyindən öyrənin. Həqiqəti dərk etməyə çalışın.

 

Sokrat isə deyirdi:  “Heç nə bilmədiyini dərk etmək ən böyük həqiqətdir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir