Modern.az

Cümhuriyyətin 100 illiyinə 100 yazı - Türkiyə, Rusiya, Ukrayna, İtaliya, Almaniya...

Cümhuriyyətin 100 illiyinə 100 yazı - Türkiyə, Rusiya, Ukrayna, İtaliya, Almaniya...

13 Sentyabr 2017, 12:45

Gələn il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd ediləcək. Azərbaycan Prezidenti bir müddət öncə bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama görə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi dövlət səviyyəsində qeyd ediləcək.

Bir çox mədəni-humanitar qurumlar, QHT-lər, eləcə də dövlət təşkilatları, elmi müəsssisələr bu istiqamətdə müəyyən işlər görməyi planlaşdırır.

Modern.az saytı silsilə şəklində aiddiyyatı orqan və təşkilatların “AXC-100” mövzusunda görəcəyi işlərlə bağlı ictimaiyyəti bilgiləndirməyə, həmçinin, bu istiqamətdə çalışan ayrı-ayrı araşdırmaçıların da görəcəyi işlər barəsində məlumatları mütəmadi olaraq yayımlamağa çalışır.

Bu dəfə Parlament Jurnalistləri Birliyinin (PJB) sədri Elşad Eyvazlı Cümhuriyyətinin 100 illiyi ilə bağlı qurumun görəcəyi işlər haqqında məlumat verib. O, bu istiqamətdə böyük layihələrin olduğunu bildirib:


“Cümhuriyyətlə əlaqəli bizim layihə həm ölkə daxilində, həm də xaricində gerçəkləşəcək. Düşünürük ki, Cümhuriyyətin 100 illiyinə qədər  yerli və xarici mətbuatda 100 yazı təqdim edək. Artıq Modern.az saytında bu məsələ ilə bağlı 30-dan artıq yazı dərc edilib. Bu cür yazılar yalnız Azərbaycan mediasında deyil,  xarici mediada da dərc olunacaq. Bundan başqa, dost təşkilat olan Türkiyə Qəzetçilər Federasiyası ilə birgə Türkiyədə böyük tədbir keçirəcəyik. Artıq bununla bağlı “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı da məlumatlandırılıb və həmin tədbirdə o da iştirak edəcək”.

E.Eyvazlı  görüləcək işlərin məqsədindən də söz açıb:

“Eyni zamanda, Rusiyada yaşayan tanınmış azərbaycanlı diplomat, uzun illər YUNESKO-nun rəhbərliyində çalışmış, Cümhuriyyət araşdırıcısı Ramiz Abutalıbovla da söhbətləşib, hazırlanacaq yazılarla bağlı razılığa gəlmişik. Bu, yalnız Rusiya ilə kifayətlənməyəcək. Həmçinin, Ukrayna, İtaliya, Almaniya və digər ölkələrlə də bu istiqamətdə tədbirlərimiz olacaq.

Məqsədimiz Cümhuriyyətlə bağlı yazıların təqdimatının gerçəkləşməsini təmin etməkdir. Düşünürük ki, Azərbaycan vətəndaşları, azərbaycanlı jurnalistlər olaraq biz də üzərimizə düşən missiyanı yerinə yetirməliyik. Bununla da Azərbaycan həqiqətlərini bir daha dünyaya çatdırmış olacağıq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır