Modern.az

“Yüksək sürətlə maşın sürməyi sevirəm” - Xanım sürücülərin NAŞILIQLARI

“Yüksək sürətlə maşın sürməyi sevirəm” - Xanım sürücülərin NAŞILIQLARI

13 Sentyabr 2017, 13:27

Azərbaycanda avtomobil sürən xanımların sayı artır. Xanım sürücülərin sayı artdıqca, onlarla bağlı problemlər də gündəmə gəlir. Cəmiyyətdə qadın sürücülərin  avtomobili naşı idarə etməsi kimi fikirlər ortaya çıxır. Bəs görəsən xanım sürücülərin avtomobil idarə etməsi deyildiyi qədər pisdir, yoxsa əksinə?

 

Məsələ ilə bağlı Modern.az-a danışan “Sputnik-Azərbaycan” Agentliyinin əməkdaşı İradə Cəlil də avtomobil idarə edən xanımlardandır. O, 5 ilə yaxındır avtomobil sürdüyünü deyir.

 

“Avtomobili sürməyə başladığım vaxt mənim də səhvlərim olub. Hətta 2014-cü ildə qəza da törətmişəm. Amma bir müddət avtomobil idarə etdikdən sonra səhvlər azalır. İndi mən deyə bilərəm ki, kişilərdən daha yaxşı avtomobil idarə edirəm, istər qaydalar baxımından, istər səliqəli avtomobil idarə etmək baxımından. Onu da deyim ki, yüksək sürətlə avtomobil idarə etməyi sevirəm".

İ.Cəlil bildirib ki, xanımlar avtomobili professional şəkildə idarə etmək üçün sükan arxasında qadın olduğunu unutmalıdır.
 

“Mən avtomobil idarə edərkən qadın olduğumu unuduram. Mənim üçün maraqlı deyil ki, kənardakı avtomobil sürücüsü mənim haqqımda nə düşünür və yaxud da makiyajım dağılıb, saç düzümüm pozulub. Sükan arxasındayamsa, yola fikir verirəm, qarşıdakı necə gedir, arxadan gələn necə hərəkət edir, yandan gələn məni vura bilərmi?

Kişilərin çoxu bütün qadınların avtomobili pis idarə etdiyini düşünərək, müəyyən maneələr yaratmağa çalışır, sıxışdırırlar. Mən də prinsipial bir adam olduğum üçün  prinsiplərim maşınımın vurulmasından daha üstündür. Ona görə icazə vermirəm ki, kimsə məni sıxışdırıb irəli keçsin”.

 

Xanımların avtomobil idarə etməyinin vacibliyini vurğulayan jurnalist imkanı olan zərif cinsdən olanların avtomobil almalarını tövsiyə edib.

“Kimin imkanı varsa, avtomobil almağa çalışmalıdır. Çünki ictimai nəqliyyatda qadınlar çox problem yaşayır. Amma qadınlar ilk növbədə avtomobil idarə etməyi yaxşı səviyyədə öyrənməlidirlər. Mən avtomobil sürməyi öyrənəndə 3 aya yaxın yanımda yaxşı idarə edən biri olurdu. Səhvlər etdikcə, o mənə nöqsanlarımı izah edirdi. Bəzi qadınlar var ki, kitabı oxuyur, sonra imtahan verib sürücülük vəsiqəsini alırlar. İmtahandan keçirlər deyə elə bilirlər ki, professional sürücüdürlər, amma bu, belə deyil. Nəzəriyyəni yaxşı bilmək olar, avtomobil isə idarə edərək daha yaxşı öyrənmək olar. Nəzəriyyədə oxuduqlarını yolda tətbiq etməlisən”.

 

Müsahibimizin sözlərinə görə, hazırda qadın sürücülərin avtomobil idarə etməsi qənaətbəxş deyil.

“Mən avtomobil idarə edərkən qarşımda kimsə həddən artıq aşağı sürətlə gedirsə, o saat bilirəm ki, qadındır. Avtomobil idarə edən xanımların bəziləri gah güzgüyə baxır, gah başqa işlərlə məşğul olurlar. Belə hallarla tez-tez qarşılaşıram.

Yaxşı qadın sürücülər də var. 100 nəfər qadın sürücüdən haradasa 10-u yaxşı avtomobil idarə edə bilir. Digərlərinin isə gözü gah güzgüdə, gah avtomobil idarə edən digər sürücüdə, makiyajdadır. Bütün bunlar da yollarda tıxacların, qəzaların sayını artırır”. 

 

Avtosfer.az saytının rəhbəri Elməddin Muradlı deyib ki, bütün xanım sürücülərin avtomobili pis idarə idarə etməsini demək, haqsızlıq olar.

 

“Qadın sürücülər arasında kifayət qədər təcrübəli, yaxşı sürücülər var. Amma çox təəssüflər olsun ki, sürücülük vərdişlərini mənimsəməyən qadın sürücülərin sayı onların sayından dəfələrlə çoxdur. 

Bəzən xanım sürücülərin yanaşması belədir ki, "maşın alım, tez sürüm". Xanım sürücülərin əksəriyyəti sükanı tutub maşını idarə etməklə özlərini professional sürücü sayırlar. Düşünürlər ki, ucuz bir avtomobil alıb, öyrənənə qədər sürsün, daha sonra yeni avtomobil alar. Şəhərdə xanım sürücülərin idarə etdiyi avtomobillərə diqqət yetirsək, arxası, qabağı, yanı vuruq olur. Ən yaxşı halda avtomobildə cızıqlar var”.

 

E.Muradlının sözlərinə görə, xanım sürücülərin ən çox çətinlik çəkdiyi məsələlər avtomobili arxaya sürmək və park etməkdir.

 

“Bu da əksər xanımların sürücülük təlimlərində iştirak etməməsindən irəli gəlir. Biri deyir əri qısqanır, biri deyir atası, qardaşı qoymur, eləsi də var deyir işdən vaxt olmur. Nəticədə onlar ərləri, ataları, qardaşları necə avtomobil idarə edərsə, özləri də elə idarə edirlər. Həmin xanımların ərinin, atasının, qardaşının nə qədər peşəkar sürücü olub-olmadığı isə bəlli deyil.

 

Hərə bir cür avtomobil idarə edir, qayda pozur, amma təlimçi bütün qaydalara riayət etməklə peşəkar avtomobil idarə etməyi öyrədir. Avtomobil idarə etmək çox məsuliyyətli bir işdir. Çünki avtomobil idarə edərkən yalnız özünü deyil, digər hərəkət iştirakçılarını da düşünməlisən.

 

Bəzi qadın sürücülər var ki, özləri qayda pozduqları halda digər sürücüləri günahkar çıxarmağa çalışır. Elə bilirlər ki, kitabı oxuyub sürücülük vəsiqəsi almaqla artıq peşəkar sürücüdürlər. Bu isə çox təhlükəlidir. Yalnız qadın sürücülər deyil, kişi sürücülər də avtomobili yaxşı idarə etməyi öyrəndikdən sonra yola çıxmalıdırlar”. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi