Modern.az

Şəhərcik sakinləri “JEK”dən NARAZIDIR - kondisionerlər, soyuducular yanıb

Şəhərcik sakinləri “JEK”dən NARAZIDIR - kondisionerlər, soyuducular yanıb

13 Sentyabr 2017, 14:48

Abşeron rayonu, Abşeron Gənclər Şəhərciyinin sakinlərindən yenə şikayət var. Şəhərciyin 27-ci blokunda yaşayan sakinlər Modern.az-a bildiriblər ki, bir neçə vaxtdır binada lift işləmir.

 

“Qocalar, xəstələr, məcbur olub mənzillərinə pilləkənlərlə qalxırlar. Körpə uşaqları olan valideynlər isə uşaqları qucaqlarında çıxıb-düşürlər. Nə qədər şikayət etsək də, lift problemi hələ də həll olunmur” – sakinlər belə bildiriblər.

 

Məlumata görə, bu günlərdə bir ana körpəsi ilə pilləkənləri çıxarkən yıxılıb, xoşbəxtlikdən isə ana və övlad xəsarət almayıb.

 

Qeyd olunur ki, bir müddət öncə də həmin binada lift xarab olmuşdu, lakin 10 gündən sonra gəlib onu təmir etdilər.

 

Lakin təmirdən 3 gün sonra lift yenidən xarab olub və bununla da sakinlərin əhvalı əməlli-başlı korlanıb.

 

Sakinlər deyir ki, dəfələrlə mənzil-kommunal istismar sahəsinə ( “JEK”)  getsələr də, şikayətlərinə əncam çəkən olmayıb.

 

“JEK”dən isə liftin təmir olunmasının vaxtının uzanmasının səbəbini belə əsaslandırıblar ki, liftlər İsveçrə istehsalıdır və detalları bahalıdır. Bununla yanaşı sifariş olunan detalların gətirilməsi də vaxt aparır.

 

“JEK”dən həmçinin lift probleminin yaxın vaxtlarda həll olunacağı da bildirilib.

 

Amma sakinlər üçün səbəblər o qədər də maraqlı deyil – ona görə ki, “JEK” lift pulu, zibil pulunu onsuz da əvvəl-axır sakinlərdən alır. Həqiqətən də mənzil-kommunal istismar sahəsi liftin üst-üstə təxminən bir aya yaxın xarab olmasından sonrada sakinlərdən lift pulunu alacaqmı?

 

“JEK”dən bildirilib ki,  şəhərcikdə 85 blokdan cəmi ikisində liftin işləməsində problem var.

“Onlardan birinin üstünə su axıb, digərinin isə yüksək gərginlikdən beyni yanıb. Üzərinə su axan liftin quruduqdan sonra fəaliyyətə başlayacağı düşünülür, digəri üçün isə xaricdən beyin sifariş verilib, gəldikdən sonra düzələcək”-deyə Modern.az-a verilən məlumatda bildirilib.

 

Bu problemlər azmış kimi, işıq sayğaclarının hamısının birinci mərtəbədə zirzəmiyə yığılması da sakinləri əməlli-başlı narahat edir.

 

Onlar deyir ki, işıq sayğaclarına müdaxilə olur. Bu yaxınlarda isə gərginliyinin artması (işığın güclənməsi) bu binada yaşayan sakinlərə ciddi ziyan vurub. Belə ki, bir çox evdə kondisioner, soyuducu, televizor və digər əşyalar yanıb.

 

“JEK” isə buna görə məsuliyyət daşımadığını bəyan edir, lakin sakinlər onlara dəyən maddi zərərin ödənilməsini tələb edirlər. Sakinlərin iddiasına görə, kiminsə sayğacların olduğu yerə qıfılı sındıraraq girməsindən sonra işıq artıb, buna səbəb isə sayğaclara olunan müdaxilədir.

 

“JEK” qeyd edir ki, binada sayğacların toplanması və elektrik enerjisinin artırılması ilə bağlı məsələnin həlli onların səlahiyyətində deyil.

 

“Bu məsələlərlə bağlı "Azərişıq" cavab verə bilər. Mənzil-istismar sahəsi nə vaxtdan işığa baxır? Sayğacların hamısı plombludur. Mənzil-istismar sahəsi sayğaclara necə toxuna bilər ki?” – “JEK” iddialara belə cavab verir.

Bəs sayğaclarının hamısının bir yerə toplanmasının səbəbi nədir? Niyə o sayğaclar sakinlərinin gözünün qabağında deyil?

 

“Azərişıq”ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə qeyd edib ki, sayğacların bir yerə yığılması təmsil etdiyi qurumun təşəbbüsü deyil. “Azərişıq” rəsmisinin sözlərinə görə, sayğaclar mənzil tikinti kooperativlərinə verilən texniki şərtlərə uyğun quraşdırılır. Həmçinin əlavə edib ki, sayğaclar zirzəmiyə yığılıbsa, onun qapısının ağzına qıfı vurmağa ehtiyac da yoxdur.  

“Elektrik enerjisindən istifadə qaydalarında da belədir. Əgər sayğac zirzəmi şəraitində yerləşdirilirsə, qıfıla heç bir ehtiyac qalmır. İstehlakçı 24 saat öz sayğacını izləyə bilər. Sayğac isə şüşə qutulardan rahatlıqla oxuna bilir. “JEK”lərin daxili işlərinə isə biz müdaxilə etmirik”.

“Akkord” şirkətlər qrupu isə saldığı yaşayış massivindəki problemlərlə bağlı məsələyə münasibət bildirməkdən imtina edib.

 

Ümid edək ki, problemlər həllini tapacaq. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi