Modern.az

Azərbaycanda “5-Cİ KOLON” kimlərdir...  

Azərbaycanda “5-Cİ KOLON” kimlərdir...   

14 Sentyabr 2017, 09:21

Mətbuatda tez-tez “5-ci kolon” ifadəsinə rast gəlirik. Azərbaycanda çox zaman müxalifət iqtidarı, iqtidar isə müxalifəti “5-ci kolon” adlandırır. Əksər hallarda “5-ci kolon”un üzvləri adlandırılanlar “Rusiyanın adamı” kimi nəzərdə tutulur.


Maraqlıdır, ümumiyyətə “5-ci kolon” nə deməkdir? Azərbaycanda “5-ci kolon”un təmsilçiləri kimlərdir?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc Modern.az-a deyib ki, “5-ci kolon” 80 ilə yaxındır ki, termin kimi işlədilir.


“Bu termin İspaniyada meydana gəlib. Bu terminin mahiyyəti ondan ibarətdir ki, bir ölkədə milli qüvvələrin müxtəlif maraqlar naminə öz dövlətlərinə qarşı çevrilmələridir. Onlar hərbi kolon deyil, siyasi düşərgə vəziyyəti alaraq, ölkənin mənafelərinə qarşı çıxış edirlər. Əlbəttə, müxalif fikir hər bir cəmiyyətdə inkişafa səbəb olur. Bu, toplumun mövcudluğunun, ictimai-siyasi fəaliyyətinin ayrılmaz hissəsidir. Alternativ mövqelər olmadan bəşəriyyəti və yaxud hər hansı bir millətin həyatını təsəvvür etmək çox çətindir. Əks halda, donuqluq baş verər. Biri də var ki, sən özünü kolonlaşdırasan. Açığı deyim ki, bu ifadə xeyli çeynənilib.  “5-ci kolon” termini bir qədər deformasiya olunub və əvvəlki effektini vermir”.

Deputat bildirib ki, hazırda  “5-ci kolon” terminindən daha təsirliləri də var.

“Azərbaycanda siyasi fikir sahibləri, qələm əhli onları yaratmaqdadırlar. Onlar bizim başa düşdüyümüz şifrələnmiş casuslar deyillər. Mənən özlərini başqa dövlətə tabe etmiş adamlar bütün dünyagörüşlərində, duyumlarında, mövqelərində, əsərlərində özlərinə mənsub bir şəkildə fəaliyyət aparırlar. Bunu gözlə də görmək mümkündür. Tarix onu sübut edir ki, hər millətin içərisində ona qarşı çıxan qüvvələr olub və bəzən bunlar daha təsirli, kəskin zərbələr vura bilirlər. Bu gün açıq sistemlərdə, media resurslarında, sosial şəbəkələrdə, jurnalist vəsiqələrinin arxasında, QHT strukturlarının tərkibində kifayət qədər təsir agentləri yerləşdirilir. Məgər bu bizim kəşfimizdir? Axı Şərqi Avropa ölkələrinin içərisində gedən prosesləri media resurslarında izləyən adamlar da görür ki, bu ifadə orada da var. Mən hələ keçmiş sovet məkanını demirəm. Guya kimlərsə kommunist, bolşevik yanaşmasından istifadə edərək cəmiyyəti ağlara , qaralara bölür və imperalizm leksionu ilə danışır. Avropa Birliyinin üzvü olan ölkələrin də içərisində, qarşılıqlı debatlarda “5-ci kolon” termininə yer verilməkdədir. Keçmiş sosialist düşərigəsindən olan və vaxtilə SSRİ-ni təşkil edən respublikaların içərilərində, hazırda inqilabi demokratiyanın öncülüyünə çevrilmiş Ukraynada da “5-ci kolon” ifadəsindən gen-bol bəhrələnirlər.  Ukraynada Rusiya və onun maraqlarını müdafiə edən, həmçinin rusdilli əhali içərisində özünə geniş yer tapan Kremlin tərəfdarlarının hamısını ən kəskin, ağır ifadəyə qərq edirlər. Bunu Ukraynadan olan və demokratiya dalğasında Maydandan keçib gedən, Avropa Birliyinin vizasız rejimində özünü hiss edən o adamlar söyləyirlər. Axı onlar demokratdırlar. Sovet adamları kimi niyə danışırlar? Niyə deyirlər ki, “5-ci kolon”, “Kremlin itləri” və s.”. 


Zahid Oruc bildirib ki, Azərbaycanda “5-ci kolon” təmsilçiləri həmişə olub.

“Onlar indi hansısa Qərb mediasında Azərbaycanı “vuran” mövzuları qabardırlar. Amma onlardan soruşan yoxdur ki, sizin aldığınız pullar haradandır?”.

Politoloq Razi Nurullayev isə qeyd edib ki, “5-ci kolon”un kim olmasını heç kim müəyyən edə bilməz.

“İqtidar müxalifəti, müxalifyönlü mətbuatı, sonra vətəndaş cəmiyyətinin bəzi üclərini “5-ci kolon” adlandırır. Amma inanın mənə, “5-ci kolon” haqqında danışanların çoxu bilmir ki, o nədir. Bir də görürsən ki, müxalifət iqtidara“5-ci kolon” deyir. İqtidar “5-ci kolon” olmaz. Olarsa, bu dövləti, milləti başqa ölkəyə və başqa millətə satmaqdır. İqtidarlara “5-ci kolon” olmaq ehtiyacı gərək olmur. Amma hakimiyyəti ələ keçirmək üçün siyasi qüvvələr, mətbuat və vətəndaş cəmiyyəti bəzən “5-ci kolon”a çevrilə bilir. Yəni onlar bilərəkdən başqa dövlətlərin oyuncağına çevrilirlər ki, ya hakimiyyətə gəlsinlər, ya da vəzifə sahibi olub, onların havadarlarına qulluq etsinlər. Mətbuatın “5-ci kolon” olması, o cümlədən vətəndaş cəmiyyətinin isə rolu belə qüvvələrə və onların havadarlarına qulluq etməkdir. Doğrusu, bu sözdən zəhləm gedir”.
 

Politoloq bildirib ki,  əfsuslar olsun ki, Azərbaycanda “5-ci kolon” olmaq üçün sıraya düzülən insanlar var.

“Amma çəkiləri yoxdur deyə, onları sayan yoxdur. Ad çəkə bilmərəm, faktım yoxdur. Lakin proses görünür deyə, bunu söyləyə bilirik. Amma bilmək lazımdır ki, Rusiyanın, İranın və Qərb dünyasının “5-ci kolon” kimi yetişdirmək istədiyi qüvvələr var”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub