Modern.az

Azərbaycan “Yeni Əsrin Müqaviləsi”ndən nə QAZANACAQ - DETALLAR

Azərbaycan “Yeni Əsrin Müqaviləsi”ndən nə QAZANACAQ - DETALLAR

İqtisadiyyat

14 Sentyabr 2017, 12:04

Azərbaycan hökuməti və SOCAR “BP”, “Chevron”, “İNPEX”, “Statoil”, “ExxonMobil”, “TP”, “İTOCHU” və “ONGC Videsh” şirkətləri ilə bu gün “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzalayıblar.

 

Modern.az xəbər verir ki, sazişə görə,  hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişə əsasən BP layihənin operatoru olaraq qalacaq.

 

Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65%-dən 25%-ə qaldırılacaq və beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Dövlət Neft Fonduna $3.6 milyard bonus ödəyəcəklər. Növbəti 32 il müddətində AÇG-yə $40 milyarddan artıq sərmayə qoyulması potensialı var.

 

Saziş təsdiqləndikdən sonra AÇG-də tərəfdaşların yeni iştirak payları bu nisbətdə olacaq: BP- 30,37%; SOCAR- 25,00%; Chevron- 9,57%; INPEX- 9,31%; Statoil- 7,27%; ExxonMobil- 6,79%; TP- 5,73%; ITOCHU- 3,65% və ONGC Videsh Limited (OVL)- 2,31%.

 

Bu sazişin ardınca, SOCAR və tərəfdaşları arasında AÇG müqavilə ərazisi üçün əlavə bir hasilat platformasının qiymətləndirməsi məqsədi ilə mühəndis-layihə işlərinin irəli aparılması haqqında razılaşma əldə olunub.

 

“"Azəri", "Çıraq" və "Günəşli" nəhəng neft yataqlarının işlənməsində yeni dövr başlayır”.

 

Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni sazişin imzalanması mərasimində çıxışı zamanı deyib.

 

İlham Əliyev bildirib ki, bu gün imzalanacaq sazişin Azərbaycan üçün çox böyük əhəmiyyəti var:

 

"Azəri", "Çıraq", "Günəşli" neft yataqlarının işlənməsi 2050-ci ilə qədər uzadılır. Yeni imzalanacaq saziş Azərbaycan üçün daha da əlverişlidir. Baxmayaraq ki, 1994-cü ildə imzalanmış müqavilə də bizim maraqlarımızı tam təmin edirdi, bu dəfə isə daha da yaxşı şərtlərlə saziş imzalanır. Bunun bir neçə əsas parametrlərini diqqətinizə çatdırmaq istəyirəm. Saziş imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək.

 

SOCAR-ın "AzACG" şirkəti podratçı kimi sazişin icrasında iştirak edəcək. SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Əlbəttə ki, sazişin bir çox müddəaları var və bu əsas şərtlər artıq göstərir ki, Azərbaycanın gələcək inkişafı, bizim maliyyə imkanlarımızın genişləndirilməsi üçün bu sazişin çox böyük əhəmiyyəti var. Eyni zamanda onu da qeyd etməliyəm ki, 23 il ərzində sazişin icrası da çox uğurlu idi və bu illər ərzində 436 milyon ton neft “Azəri”, “Çıraq”, “Günəşli”dən hasil edilib.

 

“Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi üzrə müqavilənin 2050-ci ilədək uzadılması enerji sahəsində strateji əməkdaşlığımızı möhkəmləndirməyə imkan verəcək.

 

Bunu isə,” Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi üzrə yeni müqavilənin imzalanması mərasimində Böyük Britaniyanın Baş naziri Tereza Meyin, ölkənin Avropa və Amerika işləri üzrə naziri Alan Dunkan tərəfindən oxunan məktubunda bildirilir.

 

T.Mey bu hadisə ilə əlaqədar hamını təbrik edib və Böyük Britaniyanın, xüsusilə də BP-nin Azərbaycan iqtisadiyyatına töhfəsini qeyd edib.

 

Türkiyənin enerhetika və təbii sərvətlər naziri Berat Albayrak isə qeyd edib ki, Azərbaycanın Xəzər sektorunda "Azəri-Çıraq-Günəşli" neft yataqları blokunun 2050-ci ilə qədər işlənməsini nəzərdə tutan yeni saziş XXI əsrin kontraktı olacaq.

 

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə tərəfindən həyata keçirilən TANAP layihəsi həm Türkiyə, həm də bütün Avropa üçün strateji əhəmiyyət kəsb edir.

Türkiyəli nazir qeyd edib ki, Azərbaycan və Türkiyə arasında enerji əməkdaşlığı bütün dünya üçün gözəl örnəkdir.

 

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta söyləyib ki, rəsmi Vaşinqton "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin uzadılmasında Azərbaycanla əməkdaşlığı davam etdirməsindən məmnunluq duyur.

  

R. Sekuta bildirib ki, ABŞ Azərbaycanda və Xəzər hövzəsinin digər yerlərində yerləşən neft və qaz resurslarının hasilatına fəal şəkildə dəstək verib: “Bu, 1990-cı illərin əvvəlinə təsadüf edir. Burada məqsəd hasil olunmuş neft və qazın Avropa və digər bazarlara təhlükəsiz şəkildə çatdırılmasıdır. Bu da öz növbəsində iqtisadi inkişafa və qlobal enerji təhlükəsizliyinə töhfə verib.

 

Azərbaycanın əhəmiyyəti bu gün də ABŞ tərəfindən qəbul edilir və vurğulanır. Bu gerçəklik ABŞ prezidenti Donald Trampın 28 May - Azərbaycanın Respublika günü münasibətilə, habelə 24-cü Beynəlxalq Neft və Qaz Sərgi və konfransına göndərdiyi, həmçinin ABŞ dövlət katibi Reks Tillersonun Cənub Qaz Dəhlizi və onun fevralda keçirilmiş Məşvərət Şurasına dəstək məktublarında aydın şəkildə əks etdirilib. ABŞ 1990-cı illərin sonlarında Azərbaycan neftinin dünya bazarlarına nəqlinə kömək edib, Bakı-Tbilisi-Ceyhan neft kəmərinə güclü siyasi dəstək verib, ABŞ şirkətləri burada öz maliyyələri və texnologiyaları ilə iştirak edib.

 

Bu sazişlə əməkdaşlığın yeni və ümidverici mərhələsinə qədəm qoyulur. Biz yeni neft və qaz yataqlarının işlənməsi üçün yeni əməkdaşlığı səbirsizliklə gözləyirik.

 

ABŞ neft-qaz sektoru, qeyri-neft sektoru, Yeni İpək Yolunun həyata keçirilməsində Azərbaycanın tərəfdaşı olub, bundan sonra da uzunmüddətli tərəfdaşı olaraq qalacaq".

 

SOCAR-ın prezidenti Rövnəq Abdullayev bu günün Azərbaycan üçün əlamətdar olduğunu bildirib:

 

“Bu gün bizə “Əsrin Müqaviləsi”nin imzalandığı vaxtı xatırladır. O dövrün çətin siyasi və iqtisadi şəraitinə baxmayaraq, ulu öndərimiz Heydər Əliyevin gərgin səyləri nəticəsində AÇG üzrə ilk müqavilənin imzalanması ilə Azərbaycanın sonrakı iqtisadi inkişafının təməli qoyulmuşdur. 1994-cü ildə ilk müqavilə imzalanandan bəri AÇG-yə $33 miyard sərmayə qoyulmuş və 440 milyon ton neft hasil edilməklə ölkəmiz $125 milyarddan çox birbaşa mənfəət əldə edib. 

 

Bu gün SOCAR ilə tərəfdaş şirkətlər arasında aparılan danışıqlara yekun vuraraq, razılaşdırılmış şərtlər əsasında AÇQ layihəsi üzrə 2049-cu ilin sonunadək davam edəcək yeni müqaviləni imzaladıq. Yeni müqavilənin şərtləri Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiqlənəndən sonra qüvvəyə minir ki, bununla da növbəti 32 il ərzində AÇG-nin ölkəmizə gətirdiyi iqtisadi mənfəətləri maksimuma çatdıracağıq. Yeni müqavilənin şərtləri ölkəmizin və şirkətimizin 1994-cü ildən bəri artan maliyyə və texnoloji potensialını əks etdirməklə yanaşı, xarici tərəfdaş şirkətlərin Azərbaycan iqtisadiyyatına olan inamını da göstərir və artıq reallıq olan tərəfdaşlığımızı yeni müstəviyə qaldırır”.

 

BP şirkətinin Baş İcraçı Direktoru Bob Dadli qeyd edib ki, ötən 23 il ərzində “Əsrin müqaviləsi” Azərbaycanı, Avropaya enerji təchizatını və bu işləri uğurlu etmək üçün əlindən gələni etmiş hər birimizi həqiqətən dəyişib:

 

“Bu gün imzalanmış saziş Azərbaycanın tarixində, bəlkə də, daha əhəmiyyətli bir hadisədir, çünki bu, növbəti 32 il ərzində bizə birlikdə çalışaraq AÇG-nin uzunmüddətli işlənmə potensialını həyata keçirmək və yeni sərmayələr, yeni texnologiyalar və yeni birgə səylərlə onun neftvermə əmsalını maksimuma çatdırmak imkanı verir. Bu baxımdan, düşünürəm ki, bu sazişi "Yeni Əsrin Müqaviləsi" adlandırmaq düzgün olar.”

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi