Modern.az

“Azərbaycanda gey və lezbiyanların sayını müəyyənləşdirmək çətin olar” - MÜSAHİBƏ  

“Azərbaycanda gey və lezbiyanların sayını müəyyənləşdirmək çətin olar” - MÜSAHİBƏ   

14 Sentyabr 2017, 12:21

Cavid Nəbiyev: “Bizi qadın kimi olmağa görə təhqir edirlər, kim bilərəkdən bu yolu seçər?”


Nəfəs LGBT – (Lezbiyan, Gey, Biseksual və Transseksual)  Alyansının prezidenti, LGBT hüquq müdafiəçisi Cavid Nəbiyev  Modern.az-ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.

- Barənizdə kiçik araşdırma apararkən Azərbaycanı tərk etdiyinizi öyrəndim. Hazırda harada yaşayırsınız?

- Hazırda Almaniyada yaşayıram.

- Sizə necə müraciət etmək daha düzgündür. Bir az tərəddüd edirəm düzü...

- Düşünürəm ki, fərd olaraq hər kəs mənə soyadım, dost çevrəmə daxil olanlar isə adımla müraciət edə bilərlər. Bir insanın seksual və ya gender kimliyi onun cəmiyyətdə özünü təqdim etmə və ya təqdim edilməsində əhəmiyyətli olmamalıdır.

- 2014-cü ildə həmcinsi ilə nişanlanan biri olaraq böyük qınaq obyektinə çevrilmişdiniz. Hətta o vaxt nişanlınızdan ayrıldığınız da qeyd olunurdu. İndi ailə vəziyyətiniz necədir, subaysız?

- Hazırda münasibətdə olduğum insan var və çox xoşbəxtəm, daha doğrusu xoşbəxtik.

- Cavid, hərbi xidmətdə olmusunuz?

- Universitetdə oxuduğum üçün ilk olaraq hərbi xidmətdə getməmişdim. Bitirdikdən sonra da sağ ayağımda problem olması (1 yaşımdan bəri 4 dəfə cərrahiyyə əməliyyatı olunmuşam) səbəbi ilə əsgərlikdə olmamışam.

- Sirr deyilsə, bu halı özünüzdə nə vaxtdan hiss etməyə başladınız və nə vaxt bunu cəmiyyətdən gizlətməyəcəyinizə dair qərara gəldiniz?

- Bu əslində ən çox rastlaşdığım suallardan biridir. Daha doğrusu “idi”, Azərbaycanda. Əvvəllər qarşımdakı insanı inandırmaq üçün müxtəlif növ elmi araşdırmalardan istifadə edirdim. İzah etməyə çalışırdım ki, sualı ünvanlayan insan kimi mən də “normalam”. Nəyə görə normal sözünü dırnaq işarəsində qeyd etdim? Çünki, mənim üçün anormal anlayışı mövcud deyil. Artıq bu sualla mənə yaxınlaşan insanlara cavabım elə onların mənə ünvanladığı sual olur: “Sənin özünün heteroseksual, qarşı cinsdən olan birinə seksual və ya duyğusal hisslərinin olduğunu dərk etdiyin zaman aralığı elə mənim üçün də eynidir.”


Təbii ki, öncələr ikili həyat yaşayırdım, daha doğrusu ailə, sosial mühit məni onların qəbul etməsi üçün “heteroseksual” kimliyinə bürünməyimə məcbur edirdi. Yəni, gizlin bir həyat yaşayırdım. Seksual kimliyimə görə müxtəlif çətinliklərlə rastlaşırdım. Hisslərimi gizli yaşadığım üçün bunun ictimailəşməsindən çox qorxmuşam, gey adı ilə tanışlıq saytlarında oturan çoxlu sayda dələduz heteroseksuallar var. Bir dəfə etibar edib görüşə getdiyim bir insanvə dostları tərəfindən döyülmüşəm, pulum, telefonum əlimdən alınıb. Yaşadığım evə gəlib "telefonunu ver, pul ver, yoxsa bu binada hər kəs sənin kişilərlə görüşdüyünü biləcək" - deyən insanlar olub.
Kiməsə deyə bilmirdim, qorxurdum. Kimsə buna qarşı çıxmalı idi. Bütün bunlara "dur!" deməyim məni Azərbaycanda LGBT hüquqları uğrunda mübarizə aparmağa gətirib çıxartdı. Bilirdim ki, mənim kimi çoxlu sayda qurban var, hansı ki, onların səsinin eşidilməsinə ehtiyac duyulur. Çoxları deyir ki, gizlin yaşayın, sadəcə ictimailəşməyin. Bunları deməyimdə məqsəd odur ki, bu çətinliklər bizim görünməyimizin, mübarizə aparmağımızın zərurətidir. Hansısa bir fərd heteroseksual olduğu üçün cəmiyyətdən təcrid, imtiyazlardan məhrum edilmir. Amma, bizim seksual və gender kimliyimiz… Biz bu ədalətsizliyə qarşı çıxırıq, mübarizəmiz budur.

- Bu halı müşahidə etdikdən sonra özünüzü dəyişdirməyə çalışmısınız?

- Bəli, mən də o prosesdən keçmişəm. Hətta 20 yaşımda nişanlanmışdım da. Sadəcə 5 ay çəkdi. Davam edə bilmədiyimdən nişan qaytarıldı.

 

- Nəfəs LGBT – (Lezbiyan, Gey, Biseksual və Transseksual)  Alyansının sədrisiniz. Bu alyansı yaratmaqda məqsədiniz nə olub? Bu Alyansı yaradarkən qınaqdan çəkinmədiniz?

- Nəfəs LGBT Azərbaycan Alyansı sosial dəyişiklik, ictimai təşkilatlanma, təhsil və siyasi islahatların aparılması, aparıcı multiməsələlər istiqamətində fəaliyyət göstərən təşəbbüs qrupudur. Birliyin əsas məqsədi LGBT fərdlərinin ayrı- seçkiliyə və təcrid olunmağına son qoymaqdır. Nəfəs, Azərbaycanda vətəndaş cəmiyyətinin daxili müxtəlifliyini, təcrid olunan şəxslərin ictimai həyatda digər vətəndaşlar kimi fəal iştirakını təşviq edir. İctimai təşkilatlanma və vəkillik işimiz zamanı azlıqların səsi olmaq – onların ictimai şüurda görünümlüyünü və milli dialoqun təşkili işimizin əsas tərkib hissəsidir.

Alyansı 2012 – ci ildə yaratdıq və 1 il qapalı sima ilə fəaliyyət göstərdik. İlk reaksiyaları gördükdə təbii ki, qorxu, tərəddüd hissi digər addımları atmağa mane olurdu. Amma kimsə artıq açıq sima ilə bunu etməli idi.


- Hazırda dünyada, eləcə də Azərbaycanda lezbiyan, gey, biseksual və transseksualların sayının artdığı deyilir. Razılaşırsınızmı bununla? Ümumiyyətlə, hazırda Azərbaycanda nə qədər gey, lezbiyan var?

- Bu, suala hansı aspektdən yanaşmamızdan asılıdır. Homofobix və seksist insanların ən çox müdafiə etdiyi fikirlərdən bəziləri budur ki, ictimai yerlərdə homoseksual cütlüklər əl-ələ tutmamalıdırlar, təhsil, tərbiyə müəssissələrində işləməməlidirlər, yaxud da “bu tip” insanlar TV məkanlarına buraxılmamalıdır. Çünki bunların hamısı “təbliğatdır” və homoseksualların sayını artırır. Bu düşüncə əslində insanların mövzudan savadsız olmalarının göstəricisidir. Əgər seksuallıq bu  faktorlardan asılı olsaydı, Azərbaycan kimi bir ölkədə doğulduğumuz andan heteroseksual münasibətlərin addım başı təbliğ olunduğu “sosial – milli dəyərlər” portreti ilə böyüyərdim. Amma nədənsə bəzi insanlar çoxluq tərəfindən yaradılmış portretə sığmaq istəmir, alınmır. Nədənsəyə dolğun, əsaslı cavab tapmaq əvəzinə kütlə bu cavabı kişi dominantlığı ilə yazılmış dində, eyni ilə kişi dominantlığı ilə müəyyənləşdirilmiş sosial münasibətlər şkalasında axtarır. Təbii ki, nəticədə təcridedilmə, sosial – hüquqi ədalətsizlik yaranır. Bu ədalətsizlikdən də əzilən qrupun öz hüquqları uğrunda mübarizə aparmaq zərurəti yaranır. Günümüz artıq sekulyar, hər bir üzvünün bərabər hüquqla təmin olunduğu bir cəmiyyət tələb edir. Bundan başqa yol yoxdur. Amma, bu mübarizə zərurəti patriarxal dominantlığın dağılmasına təhlükə yaradırsa, o zaman, təbii ki deyəcəklər ki, “LGBT-lərin, feministlərin sayı günü-gündən artır və onların hamısı bizim dini, milli, ailə dəyərlərimizə ziddir”.  Nə indiyə qədər hansısa heteroseksual dostumla qucaqlaşıb-salamlaşdıqdan, bir yerdə vaxt keçirdikdən, eyni qabdan yemək yedikdən sonra onun homoseksuala çevrilməsinin şahidi olmuşam, nə də, mən heteroseksual olmuşam.

Nəinki Azərbaycanda, ümumilikdə LGBT fərdlərinin sayını müəyyənləşdirmək çətin olar. Çünki, çoxlu sayda insan anonim sorğularda belə seksual orientasiyasını, gender kimliyini müxtəlif səbəblərdən gizlədir. 5 il öncə kimsə soruşsaydı, təbii ki, mən də gizlədərdim. Amma hesablamalara görə, kişilərin 1-2%-dən 5-6%-ə qədəri (ortalama 4%-i), qadınların isə 1%-dən 3-4%-ə qədəri homoseksual oriyentasiyaya malikdir. Kişi əhalisinin ən azı üçdə biri isə öz həyatında epizodik və ya müvəqqəti eynicinsli əlaqə yaşamışdır.

 

- Bəziləri geyliyi, lezbiyanlığı xəstəlik, bəziləri də insanın iradəsindən asılı bir hal kimi qiymətləndirir. Sizin fikirləriniz necədir?

- Azərbaycanın ilk LGBT mövzulu jurnalı olan “Minority Magazine”də həmkarlarımdan birinin yazdığı geniş məzmunlu məqalədən yararlanaraq cavab verə bilərəm. Məqalə böyük olduğu üçün oxucular bu linkə (//goo.gl/jAecPw) daxil olaraq, Azərbaycan dilində onların zehnlərini qidalandıracaq məlumatı əldə edə bilərlər.

Qısaca olaraq onu deyə bilərəm ki, insanlar sadəcə məlumatsızdır. Amma nədənsə kimsə nifrət etdiyi, “xəstəlik” adlandırdığı bir obyekt haqqında məlumat əldə etməyə çalışmır. Öncəki sualda da qeyd etmişdim ki, kütlə öz konfort dairəsinə, patriarxal və heteronormativ dəyərlərinə, formalaşmış tabularına qarşı olan hər bir obyektə təhlükə kimi yanaşır. Bizi pedofil, seks işçisi, qadın kimi olmaqla da “təhqir” edirlər. Sonuncu ifadə həqiqətən qəribədir. Sanki, qadın olmaq təhqiramiz bir şeydir. Azərbaycanda homoseksual olmaq valideyinlərin tərəfindən evdən atılmaq, övladlıqdan silinmək ya da öldürülmək təhlükəsi,iş tapa bilməmək, səhiyyə, təhsil xidmətindən istifadə edə bilməmək, fiziki, seksual, psixoloji zorakılığa məruz qalmaq, sevdiyin insanla, hisslərinlə xoşbəxt ola bilməmək və s.-dir. Əgər bu seçim olsa idi, kim bilərəkdən bunları seçmək istəyər?!

- Azərbaycanda məşhur insanlar arasında da homoseksualların olduğu barədə məlumatlar var. Onların məhz sadaladığınız qınaqlardan qorxduğu üçün gey olduğunu gizlətdikləri deyilir. Buna münasibətiniz...


- Azərbaycanda seksual azlıq kimi yaşamağın necə hiss olduğunu sözlə ifadə etmək çox çətin olar. Digər tərəfdən də, LGBT fərdləri arasında buna baxış müxtəlifdir. Kimisi düşünür ki, seksual kimliyi aşkar etmək lazımsız hərəkətdir. Bunu gizləyərək də Azərbaycanda yaşamaq mümkündür. Açıq yaşamaq isə çox çətindir. Sosial tabular buna imkan vermir. Özünü sığortalamaq üçün istəyərəkdən, yaxud da məcburi şəkildə çoxlu sayda lezbiyan, gey fərdlər meyli olmadığı cinslə evlənir. Valideyinlərdən asılı olmaq, onların xəbər tutması, evdən atılmaq qorxusu intihar kimi bir şeydir. Buna görə də, bəzən düşdüyü mühitdə özü homoseksual olduğu halda homoseksuallara qarşı nifrət püskürənlər də var aramızda. Homoseksual olduğu bilindikdən sonra ailəsi tərəfində çoxlu fiziki, psixoloji, iqtisadi zorakılığa məruz qalan, "sağaltmaq" adı altında həkimlərə, psixoloqlara aparılanlar da çoxdur. Evdən atılan və öz həyatını, gündəlik ehtiyaclarını ödəmək üçün seks işçisi olan da, dözməyib intihar edən də var. Gizlilik problemin müvəqqəti həll yoludur. Hər kəs anlamalıdır ki, azadlıq, hüquqlar bizə qırmızı təpsidə təqdim edilməyəcək. İkili həyata dur deyib, özünü olduğu kimi qəbul edən, bu addımı atmaqdan ötrü özündə o gücü tapdığı üçün şəxsiyyəti ilə fəxr edən, mübarizə aparmaq qərarına gələn insanlar da var. Amma, onların sayı azdır və təəssüüf ki, onlar da acımasız dəyərlər üzərində qurulmuş cəmiyyətin basqısına tab gətirməkdə çətinlik çəkirlər. Kimisi çıxış yolunu ikili həyatda, kimisi intiharda, kimisi də ölkəni tərk etməkdə görür.

 

- Anladığım qədərilə Azərbaycanda homoseksualların (gey, lezbiyan) hüquqlarının qorunması sizi qane etmir...

- Azərbaycan LGBT fərdlərin spesifik olaraq cinsi orientasiya və gender identikliyi kontektstində hüquqları qorunmur, təmin edilmir. Mövzu ilə əlaqədar mənim üçün daim dövlət qurumlarının təmsilçilərinin mövqeyi maraqlı olub. Dəfələrlə bir sıra millət vəkillərinin, nazirlik təmsilçilərinin nümayəndələrinin nifrət çağırışları etmələrinin şahidi olmuşam. Hansı ki, açıq-aşkar mövud qanunvericiliyə tamamilə ziddir. 8 fevral 2000-ci il tarixində homoseksuallıq Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən çıxarılıb.
2016 -cı ildə Səhiyyə Nazirliyinə ünvanladığımız informasiya sorğusuna cavab olaraq isə homoseksuallığın xəstəlik olmadığını və Azərbaycanda onun müalicəsinin qadağan olunduğunu qeyd ediblər.

1992-ci ilin martın 2-dən BMT-nin, 2001-ci ilin yanvarın 25-dən isə Avropa Şurasının üzvü olmuş Azərbaycan 240-dən artıq beynəlxalq müqavilənin iştirakçısıdır ki, bunların da təxminən yarısı bilavasitə və ya doloyısı ilə insan hüquq və azadlıqları ilə bağlıdır. Lakin indiyə qədər sırf LGBT hüquqlarının inkişaf etdirilməsi, istər hüquqi müdafiə, istər təhsil, istər səhiyyə, istərsə də əmək hüquqlarını əhatə edən qanunvericilik layihələrinin qəbulu və icrasında heç bir ciddi addımlar atılmayıb. Qanunvericilikdəki boşluqlar nifrət cinyətlərinin qarşısını almağa imkan vermir. Hüquq-mühafizə orqanları öz fəaliyyətləri zamanı qanunları deyil də, cəmiyyət tərəfindən formalaşmış tabuları üstün tutular.

Hüquqlar qətiyyən qorunmur. Ya qanunvericilik təkmilləşsin və ilk olaraq nifrət cinayətləri, nifrət çağırışları qəbul edilsin, ya da qanunvericiliklə homoseksuallıq qadağan edilsin və biz də bilək ki, ümumi baxış nədən ibarətdir.

- Bəs, Almaniyada necə,  gey olduğunuzu sərbəst şəkildə bəyan edə bilirsinizmi? Bununla bağlı problem olmur ki?

 

- Suala belə cavab verim. Dünyanın hər bir nöqtəsində homofobiya mövcuddur. Çünki ortada insan amili var. Lakin fərq bundan ibarətdir ki, burda dövlət, sistem, hüquq-mühafizə orqanları, qanun, vətəndaşın cinsi, gender kimliyinə görə ayrı-seçkiliyə məruz qalmasına, təhqir edilməsinə qarşıdır, həm qanunla, həm əməldə. Qanun deyir ki, LGBT hüquqları deyirsən? Ya da digər fərdə, sən klassik ailə dəyərləri deyirsən? Hər ikiniz öz həyatınızda, düşüncənizdə, etriaz etməyinizdə, ifadə azadlığınızda azadsınız. Sadəcə bir-birinizin şərəf ləyaqətinə toxunmamaq, digərinin toxunulmazlıq hüququnu, özünü ifadə etmək hüququnu əlindən ala bilməzsiniz. Azərbaycanda isə bu belə deyil. Hamı sevir digər insan həyatına müdaxilə etməyə, təhqir etməyə və s. Kimsə düşünmür ki, sizin kimi mənim də özümü sərbəst ifadə etmək, hərəkət etmək, geyinmək, davranmaq, istədiyim insanla yaşamaq hüququm var.

 

- Ölkə, qanunlardan çox danışdıq. Ailənizin,doğmalarınızın sizə münasibəti maraqlıdır. Olduğunuz kimi qəbul edirlərmi sizi?


- Atam uşaq vaxtlarımda, anam isə mən 19 yaşımda olanda xərçəng xəstəliyindən vəfat edib. Valideynlərimlə bu barədə söhbət etmək şansım olmayıb. Amma qohumlarım bildikdən sonra mənimlə əlaqələrini kəsiblər.

 

- Bəlkə də sağ olsaydılar, sizi anlayardılar... Amma özünüzün seçdiyiniz, yaxud seçməyə məcbur qaldığınız cinsi həyat sizi valideyn olmaq hüququndan məhrum etmirmi? İstəmirsiniz ki, başqaları kimi sizin də övladlarınız olsun?


 - Homoseksual olmağı mən seçməmişəm. Ata və ya ana olmaq üçün cinsi əlaqə mütləq deyil. Hazırda LG (lezbiyan və gey) fərdlər üçün klassik formadan savayı, digər mümkün üsullar da var ki, valideyn olmağı mümkün edir. Çoxlu sayda gey və lezbiyan cütlüklər qərarlaşıb sperm donorluqla ortaq övlad dünyaya gətirirlər. Yaxud da övladlığa götürürlər. Mən və gələcək həyat yoldaşım da övlad sahibi olmağı düşünürük. Bunun üçün isə həmin uşağın bizim öz genimizdən gəlməsi önəmli deyil. Övladlığa götürüb, həmin uşağın öz bioloji valideyinlərindən görə bilmədiyi sevgi, sosial-iqtisadi imkanar və gələcəyini təmin etmək üçün ona hər bir şərait yaratmaq istəyirik. LGBT ailələrində böyüyən uşaqlarla bağlı istifadə olunan "mənfi təsir" ifadəsi isə artıq öz gücünü itirib. O fikirdə olanlar sadəcə araşdırma aparıb internet üzərindən çoxlu sayda məlumat əldə edə bilərlər. Yəni heteroseksual valideyinlərin dünyaya gətirdiyi, böyütdüyü övlad gey, lezbiyan olursa, yaxud özləri kimi heteroseksual olmaya da bilirsə, o zaman həmin şərh LGBT ailələrə də aiddir.


- Hədəfləriniz nədir?

- Hazırda Almaniyada siyasi elmlər üzrə təhsil almaq hədəfindəyəm. Yaxın gələcəkdəki planım isə Sumqayıt Şəhər İcra Hakimiyyətini mənim adıma olan mənzilimi qanunsuz olaraq mənimsədikləri üçün məhkəməyə verməkdir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir