Modern.az

Nazir müavini açıqladı - 91 sənətçi ömürlük...

Nazir müavini açıqladı - 91 sənətçi ömürlük...

14 Sentyabr 2017, 13:36

Sentyabrın 13-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin iştirakı ilə teatr və konsert müəssislərinin yeni mövsümdə fəaliyyətinə həsr olunmuş görüş keçirildi. Görüşdə nazirliyin müvafiq struktur bölmələrinin əməkdaşları, teatr və konsert müəssisələrinin direktorları, baş rejissorlar və digər məsul əməkdaşlar iştirak edirdi.

 

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev son illər ölkəmizdə mədəniyyət ocaqlarının, teatr və konsert müəssilərinin inkişafı istiqamətində atılan addımlardan danışdı.

 

Bildirdi ki, son 10 il ərzində Azərbaycanda mədəniyyət sahəsinin inkişafı istiqamətində böyük işlər görülüb. 2006-cı ildə Azərbaycanda teatr haqqında qanun qəbul olunub. 2007-ci ildə Prezident İlham Əliyev tərəfindən Azərbaycan teatrının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı sərəncam imzalanıb. O cümlədən 2009-cu ildə dövlət başçısının sərəncamı ilə Azərbaycan teatrının inkişafı ilə bağlı Dövlət proqramı təsdiq olundu: “MDB və Avropa məkanında ilk dəfə idi ki, teatrın inkişafına dair 10 illik Dövlət proqramı hazırlanırdı.

 

Proqramda Mədəniyyət və Turizm Nazirliyinin əlaqədar qurumları, icra strukturlarının qeyd olunan dövrdə görəcəyi işlər sistemləşdirildi. İlk olaraq Bakıda əsaslı təmirinə ehtiyac duyulan, yaradıcılıq şəraitinin yaxşılaşdırılması vacib bilinən teatrların binaları yenidən quruldu. Akademik Milli Dram Teatrı, Dövlət Musiqili Teatrı, Dövlət Rus Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Dövlət Kukla Teatrı təmir-bərpa olundu. Sonrakı mərhələdə regionlarda olan teatrların - Şəki, Mingəçevir, Ağdam və Füzuli teatrlarının binalarının əsaslı təmiri və yenidən qurulmasına başlanıldı. Pantomim, İrəvan və Şuşa teatrları üçün binalar ayrıldı. Hazırda Şuşa teatrının binasında təmir-bərpa işləri davam etdirilir.

Uzun illərdən bəri hüquqi ünvanı olmayan, binasız fəaliyyət göstərən Sumqayıt teatrına hüquqi ünvan verildi. Eyni zamanda teatr-konsert müəssisələrinin maddi-texniki bazası möhkəmləndirildi, onların musiqi alətlərinə və teatr dəzgahlarına olan ehtiyacları tam ödənildi. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Bakı Dövlət Sirkinin də binalarının layihə-smeta sənədləri hazırlanıb. O binalar da yenidən qurulacaq. 2006-cı ildə Heydər Əliyev Sarayı ən müasir tələblər səviyyəsində yenidən quruldu. Filarmoniya əsaslı təmir olundu, Orqan musiqisi zalı yenidən bərpa edildi. Qarşıdakı aylarda Gəncə Filarmoniyasının yeni binasının açılması gözlənilir”.

 

Ədalət Vəliyev qeyd etdi ki, həyata keçirilən çoxsaylı tədbirlərdən biri də 2010-cu ildə Bakıda I Beynəlxalq Teatr Konfransının keçirilməsi idi: “Ölkəmiz birinci konfransa ev sahibliyi etməklə ilk təcrübəsini qazandı, mühüm bir mərhələni adladı. Hesab edirəm ki, ötən müddətdə keçirilmiş konfranslar uğurlu olub”. Diqqətə çatdırıldı ki, 2006-cı ilin yanvarından 2017-ci ilin avqust ayınadək teatrlarımız 1042 adda tamaşa hazırlayıblar. Bunun 215-i dövlət vəsaiti hesabına, 827 tamaşa isə teatrların daxili imkanları hesabına ərsəyə gətirilib. Bu müddət ərzində teatrlarımız 30 ölkədə qastrol səfərlərində olub. Eyni zamanda dövlətimizin dəstəyi ilə 29 ölkədən Azərbaycana teatr kollektivləri dəvət edilib.

 

Nazir müavini ötən müddətdə də sənət adamlarının ölkə başçısının daim diqqət və qayğısı ilə əhatə olunduğunu bildirdi: “Qeyd etmək yerinə düşər ki, 928 nəfər müxtəlif fəxri adlara, orden və medallara layiq görülüb. 91 nəfər sənətçimiz Prezidentin ömürlük təqaüdünü alır. Hər il 150 nəfər Prezident təqaüdü alır. Nazirliyin vəsaiti hesabına 26 nəfər rejissor, səs rejissoru, rəssam, işıq üzrə mühəndislik üzrə 6 xarici ölkədə staj keçməyə göndərilib”.

Vurğulandı ki, musiqi sahəsində də uğurlu işlər həyata keçirilib. 2009-cu ildən başlayaraq Heydər Əliyev Fondunun təşkilatçılığı və dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin və digər qurumların iştirakı ilə iki ildən bir Beynəlxalq Muğam Festivalı keçirilir. İki ildən bir Qara Qarayev adına Müasir Musiqi Festivalı, Beynəlxalq Rostropoviç Musiqi Festivalı, hər il Qəbələ Beynəlxalq Musiqi Festivalı, hər ilin sentyabrında isə 10 gün ərzində Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı təşkil olunur.

 

Tədbirdə teatr və konsert müəssələrinin əldə etdikləri nailiyyətlər, işdə yol verilən nöqsanlardan da söz açıldı. Qeyd olundu ki, həyata keçirilən uğurlu işlər davam etdirilməli, yol verilən nöqsanlar isə bir daha təkrarlanmamalıdır.

 

Ədalət Vəliyev yeni mövsümün açılışı ərəfəsində teatr-konsert müəssələrinin əməkdaşlarına tapşırıq və tövsiyələrini verərək, onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzuladı.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir