Modern.az

Azərbaycan 31 Mart Soyqırımının 100 illiyinə nə ilə GEDİR...

Azərbaycan 31 Mart Soyqırımının 100 illiyinə nə ilə GEDİR...

14 Sentyabr 2017, 14:13

2018-ci ilin 31 martında erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımının  100 illiyi tamam olur.

Azərbaycanlılara qarşı iki əsr davam edən soyqırım nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib, minlərlə azərbaycanlı böyük qəddarlıqla qətlə yetirilib.

 

Ermənilərin uzun illər boyu apardıqları ardıcıl etnik təmizləmə, soyqırım və təcavüz nəticəsində minlərlə insan evindən-obasından didərgin düşüb.

Məlumdur ki, zaman-zaman səsimizi dünya ictimaiyyətinə çatdırmaq üçün soyqırımla bağlı müxtəlif beynəlxalq tədbirlər keçirilib, fərman və sərəncamlar imzalanıb.

 Bu baxımdan maraqlıdır, Azərbaycan soyqırımın 100 illiyinə necə gedir?

 

Bütün dünya soyqırımı tanıyan zaman məqsədimizə nail olacağıq

 

Milli Məclisin deputatı, tarixçi-alim Fəzail İbrahimli Modern.az-a açıqlamasında bildirib ki, soyqırımının 100 illiyi  yolunda  istər dövlət səviyyəsində, istərsə də digər istiqamətlərdə müxtəlif  addımlar atılıb:

 

“Biz qarşımıza qoyduğumuz məqsədə nail olmuşuqmu? Məsələyə birmənalı yanaşmaq lazım deyil. Məqsədimizə yalnız soyqırımı bütün dünya tanıyanda, bunu törədənlər cani kimi qəbul ediləndə çata bilərik. Ermənistan tərəfi uydurma  erməni “soyqırımı”nı dünyaya  car etmək  üçün dərindən-qabıqdan çıxır. Biz bir yox, iki yox, dəfələrlə soyqırımına məruz qalmışıq.  Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün müəyyən addımlar atmışıq. Amma söhbət 1918-ci ilin soyqırımını tanımaqdan gedirsə, bu sahədə iki müstəvidə danışmaq olar.  

 

Bizdən asılı olan tərəflər var. Bu zamana qədər soyqırımı ilə bağlı kifayət qədər kitablar yazılıb. O dövrün Fövqəladə Tədqiqat Komissiyasının soyqırımı törədən fərdlərlə, şərtlərlə, təşkilatlarla  bağlı məlumatları, müxtəlif rəqəmlər ətrafında faktları var. Hətta 1919-cu il mayın 28-də Cümhuriyyətin birilliyi münasibəti ilə Amerikanın prezidenti Vudro Vilson Azərbaycan nümayəndə heyətini qəbul edəndə bu sənədlər ora təqdim edildi. Kommunist dövründə  soyqırımı vətəndaş müharibəsi kimi qələmə verildi. Müstəqillik əldə etdikdən  sonra isə milli-elmi konsepsiya müstəvisində kifayət qədər  kitablar, əsərlər yazılıb.

 

Bakıxanov adına Tarix İnstitutunun bu məsələdə böyük əməyi var, qeyd edilən mövzuda ayrı-ayrı fərdlər tərəfindən doktorluq dissertasiyaları müdafiə olunub. Eyni zamanda televiziyalarda, müxtəlif mətbuat orqanlarında  bu, kifayət qədər təhlil olunub”.

 

Ey Azərbaycan insanı, bil və agah ol!

 

Deputat bildirib ki,  dünyanın soyqırımı qəbul etməsinə mane olan qüvvələr var:

 

“Azərbaycana qarşı törədilən 1918-ci il soyqırımından söz açılanda sanki dünyanın gözü kor olur. Xristian təəssübkeşli qüvvələr, böyük dövlətlər, Ermənistanın təsiri altında olanlar buna maneə törədirlər. Bütün bunlara baxmayaraq biz öz işimizi davam etdirməliyik. Soyqırımının mahiyyətini, onun  hər hansı zaman kəsimində baş vermədiyini, Azərbaycana qarşı tuşlanmış strateji kurs olduğunu  bəyan etməliyik. Bununla əlaqəli hər bir uşağın, ziyalının, fəhlənin düşüncəsində  fikir formalaşmalıdır. Ey Azərbaycan insanı, bil və agah ol!

 

Sənin qarşında böyük bir düşmən dayanıb. Xristian ağuşuna sığışan, 200 ildən artıq orada özünə möhtəşəm qala tikən və bizim başımıza güllə və qumbara yağdıran məkrli qüvvə qarşısındayıq.

 

Bu baxımdan Üzeyir Hacıbəyovun  vəsiyyəti heç zaman unudulmamalıdır. O, 1918-ci il soyqırımının birilliyi ilə  bağlı “31 Mart” adlı məqaləsində yazırdı: “Biz o qara günləri unutmamalı və bunun üçün hər an, hər dəqiqə hazır olmalıyıq. Bizim vəzifəmiz bu məmləkəti hər cür təcavüzdən qorumaq, bizim borcumuz bu məmləkəti şərəflə yaşatmaqdan  ibarətdir”. Mənə elə gəlir ki, bu vəsiyyət bu gün üçün də qüvvədədir. Hər bir azərbaycanlı hər an hazır olmalı və qara günləri yaddan çıxarmamalıdır”.

 

Əlimizi əlimizin üstünə qoyub oturmamalıyıq

 

F.İbrahimli soyqırımının tanıdılması üçün görülməli olan işlərdən də də söz açıb:

“Azərbaycanın 20 faiz torpaqları dünyanın gözü qabağında işğal olunub. Bu gün biz bir milyon qaçqının taleyini sübut edib öz yerinə qaytara bilmirik. Bu səbəbdən əlimizi əlimizin üstünə qoyub oturmamalıyıq. Tədqiqat işləri aparılmalıdır, mətbuatda - hər yerdə bu məsələ gündəmdə olmalıdır. Hər bir azərbaycanlı xaricə gedəndə çamadanına ancaq paltar qoymamalıdır.

 

Bunlarla bağlı kitablar paylanmalı, təbliğat aparılmalıdır. Müxtəlif dillərdə əsərlər nəşr olunmalıdır və olunur. Azərbaycan soyqırımının 100 illiyi  yolunda kifayət qədər işlər görüb. Amma bunu hələ ki qənaətbəxş hesab etmək olmaz. Biz yalnız soyqırımını dünyaya tanıda biləndən sonra nəticə əldə etmiş olacağıq. Nə qədər ki bunu soyqırımı kimi tanıda bilməmişik, daha çox fəal olmalıyıq”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir