Modern.az

Azərbaycanla  Böyük Britaniya arasında siyasi məsləhətləşmələr aparılıb

Azərbaycanla  Böyük Britaniya arasında siyasi məsləhətləşmələr aparılıb

14 Sentyabr 2017, 20:02

Azərbaycan və Böyük Britaniya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Xarici İşlər Nazirliyinin (XİN)  mətbuat xidmətindən Modern.az-a verilən məlumata  görə, Azərbaycan və Böyük Britaniya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələri Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfov, Böyük Britaniya tərəfdən isə Avropa və Amerika məsələləri üzrə Dövlət Naziri Alan Dunikan aparıb.

 

Nazir müavini X.Xələfov Böyük Britaniya nümayəndə heyətini səmimiyyətlə salamlayaraq Azərbaycan və Böyük Britaniya arasında siyasi dialoqun intensiv şəkildə inkişafının məmnunluq doğurduğunu və Azərbaycanın Böyük Britaniya ilə tərəfdaşlığa xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırdı.

 

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə Böyük Britaniyaya səfəri, Britaniyanın sabiq Baş naziri Con Meycor ilə keçirdiyi görüşünü və imzaladıqları sənədləri xatırladan nazir müavini iki ölkə arasındakı uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığın əsasının o zamandan etibarən qoyulduğunu vurğuladı. O, dövlətlərarası münasibətlər zəminində neft şirkətləri arasında da sazişlərin imzalandığını, Heydər Əliyevin müəllifi olduğu strategiya əsasında Xəzərin dənizinin Azərbaycan sektorundakı neft-qaz ehtiyatlarının dünyaya açılmasını nəzərdə tutan enerji siyasətinin bu gün də uğurla davam etdirildiyini nəzərə çatdırdı. Bu xüsusda Böyük Britaniyanın Azərbaycana göstərdiyi dəstəyinin yüksək qiymətləndirildiyini bildirdi.

 

11 fevral 2016-cı ildə Londonda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın ilk iclası keçirildiyini qeyd edən nazir müavini müxtəlif dövlət qurumlarının təmsil olunduğu komissiyanın əlaqələrimizin hərtərəfli inkişafı üçün mühüm rol oynadığını dedi. 

 

“Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının 2050-ci ilə qədər işlənilməsini nəzərdə tutan yeni Sazişin imzalanmasının tarixi hadisə olduğunu qeyd edən Xələf Xələfov ölkələrimiz arasında olan yüksək səviyyəli əlaqələrin və qarşılıqlı etimadın haqqında bəhs olunan sazişin imzalanması ilə bir daha öz təsbitini tapdığını vurğuladı.

 

Böyük Britaniyanın Dövlət Naziri Alan Dunikan bu fikrə şərik çıxaraq ölkəsinin Azərbaycan ilə strateji dialoqa mühüm önəm verdiyini, “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının 2050-ci ilə qədər işlənməsini nəzərdə tutan yeni sazişin ölkələrimiz arasındakı əlaqələrin möhkəmliyinin, qarşılıqlı etimadın  və peşəkar investisiya layihələrinin uğurlu təzahürü olduğunu vurğuladı. O, iki ölkənin siyasi və iqtisadi əlaqələrinin bir-birini tamamladığını deyərək bu layihələrin xalqlarımızın rifahına xidmət etdiyini söylədi.

 

Siyasi məsləhətləşmlələr əsnasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri bərabər regional və beynəlxalq gündəlikdə duran məsələlər ətrafında müzakirə və fikir mübadiləsi aparıldı. Azərbaycan və regionun təhlükəsizliyi üçün ciddi təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın Azərbaycana qarşı davam edən işğalına toxunan X.Xələfov təəssüflə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin həlli istiqamətində aparılan danışıqların hər hansı nəticə vermədiyini diqqətə çatdırdı. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin BMT Təhlükəsizlik Şurasının mandatı əsasında fəaliyyət göstərdiyi və BMT TŞ-nın münaqişə ilə əlaqədar qətnamələrinin kağız üzərində qaldığını, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu deyən nazir müavini Ermənistanın müxtəlif təxribatlarla danışıqları daim pozduğunu və münaqişənin aktiv fazada qalmaqda davam etdiyini bildirdi.  O əlavə etdi ki, Azərbaycan heç zaman öz ərazilərini işğalı ilə barışmayacaq və haqlı olaraq Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin azad olunmasını tələb edir.

 

Britaniyalı dövlət naziri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, ölkəsinin beynəlxalq münasibətlərdə hüququn aliliyi prinsipini dəstəklədiyini, bir dövlətin digər dövlətin ərazisinə müdaxiləsi, ərazilərin güc yolu ilə ilhaqının qəbuledilməz hesab etdiyini vurğuladı.

 

X.Xələfov Böyük Britaniyanın beynəlxalq hüququn norma və prinsipləri və hüququn aliliyi əsasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməsinə dair mövqeyinin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini vurğuladı. Əlavə etdi ki, işğal və təcavüz hallarına qarşı beynəlxalq ictimaiyyətin qəti və birmənalı mövqeyinin ifadə olunması zəruridir.

 

Regional və beynəlxalq məsələlərə münasibətdə X.Xələfov Azərbaycanın müstəqil xarici siyasət yürütdüyünü, mehriban qonşuluq, bir-birilərinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında qonşu dövlətlərlə əlaqələrini qurduğunu, ölkəmizin qonşu dövlətlər olaraq Rusiya və İranla ikitərəfli və üçtərəfli əsasda əlaqələrini inkişaf etdirdiyini nəzərə çatdırdı. Azərbaycanın tarazlı siyasət yürütdüyünü deyən nazir müavini bu siyasət nəticəsində Azərbaycanın regionda əməkdaşlıq məkanına çevrildiyini, region və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyin təminatına mühüm töhfələr verdiyini söylədi.

 

Britaniyalı nazir Azərbaycanın rolu və qəbul etdiyi investisiyalara görə regiondakı aparıcı mövqeyinə toxunaraq ölkəsinin digər sahələrdə olduğu kimi humanitar sahədə də Azərbaycanla əməkdaşlığa hazırlığını diqqətə çəkdi.

 

“Brexit” məsələsini qeyd edən Britaniyanın dövlət naziri ölkəsinin Avropa və beynəlxalq siyasətdə daha fəal rol oynayacağını qeyd etdi.

 

Görüş əsnasında tərəflər Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri, Şərq Tərəfdaşlığı proqramında iştirakı məsələlərini də müzakirə etdilər. Nazir müavini X.Xələfov Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri ilə bu ilin noyabrında keçiriləcək sammitində Azərbaycanın iştirakı və hal-hazırda Aİ ilə Azərbaycan arasında tərəfdaşlığa dair saziş üzrə aparılan intensiv danışıqlar məsələlərinə toxundu. O, bu sazişin Aİ-Azərbaycan əməkdaşlığının hərtərəfli inkişafı üçün mühüm çərçivə rolunu oynayacağını qeyd etdi.

 

Mehriban və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.      

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı