Modern.az

Bu parlamentin Zeynəb xanıma ehtiyacı var...

Bu parlamentin Zeynəb xanıma ehtiyacı var...

31 May 2011, 16:53

Hərdən jurnalist həmkarlarının, xüsusilə, xətrini istədiklərimin bu və ya digər məsələ, yaxud şəxslə bağlı fikirlərini oxuyarkən təəccüblənir və təəsüflənirəm. Elə bu başdan deyim ki, kiməsə ağıl öyrənmək, öyüd, məsləhət, yaxud nəsihət vermək fikrində deyiləm, bunlar  xarakterimə zidd olan şeylərdir,  eyni zamanda, mənim həddim deyil. Amma bununla yanaşı, bəzən elə məqamlar olur ki, onunla bağlı mütləq öz mövqeyini bildirməlisən.

Məsələn, özümə çox doğma hesab etdiyim Modern.az saytında jurnalistlərin, ələlxüsus, parlament yazarlarının parlamentlə, parlament üzvlərilə bağlı fikirlərini özündə əks etdirən sorğularına tez-tez past gəlmək olur. Bu sorğuların çoxusunda mən də yaxından iştirak etmişəm, öz fikirlərimi bildirmişəm. İndidən deyə bilmərəm ki, fikirlərim obyektiv və ya subyektiv olub, amma hər halda çalışmışam ki, şəxsi maraqlarımdan çıxış etməyim. Mətləbə qayıdaraq bildirmək istəyirəm ki, bəzi  jurnalist həmkarlarımın bu və ya digər sorğulardakı millətin əsl vəkili olan dünya şöhrətli korifey sənətkarımız Zeynəb Xanlarova haqda fikirlərini qətiyyən bölüşmürəm. Xüsusilə, onun parlamentdə fəal olmaması, aktivlik nümayiş etdirməməsi və yaxud siyasət adamı kimi qəbul edilməməsi yönündəki fikirləri heç zaman qəbul etmirəm və etməmişəm.

Çünki parlamentdə fəal olmaq, aktivlik nümayiş etdirmək heç də bütün iclaslarda yeri gəldi-gəlmədi danışmaq, özünü hər şeydən başı çıxan kimi göstərmək deyil. Yaxud siyasətçi olmaq hansısa partiyada təmsil olunmaq, tez-tez bu və ya digər məsələ barədə açıqlama, bəyanat vermək demək deyil. İndiyə qədər parlamentdə o qədər danışan, aid oldu-olmadı hər məsələ haqqında fikir bildirən insan görmüşük ki, onları heç zaman fəal, aktiv deputat saymaq olmaz. Onların danışmağındansa, danışmamaları düzgün olardı. Ona görə ki özlərindən başqa, heç kim onların dediklərini anlamır və anlamaq da mümkün deyil. Bu sözləri uzun illərdən bəri siyasətdə olan, ancaq siyasət nə olduğunu belə düzgün anlamayan şəxslər haqqında da demək olar. Ancaq Zeynəb xanımın özü başdan-ayağa canlı siyasətdir, siyasət məktəbidir. Hələ ötən əsrin 60-cı illərinin sonları – 70-80-ci illərinin əvvəllərində Azərbaycan keçmiş postsovet məkanında tanınmayanda, onu həmin məkana və dünyaya tanıdan insanlardan biri, bəlkə də birincisi Zeynəb xanım olub.

Sovetlər dövründə yaşının hələ çox erkən vaxtlarında öz böyük sənəti və sənətkar ustalığı ilə Azərbaycan musiqi dünyasını, həm də bir növ Azərbaycanı, Azərbaycan xalqını təbliğ edirdi, onu tanıdırdı. Təsəvvür etmirəm ki, o dövrdə Azərbaycandan olan hansısa ikinci bir müğənni Zeynəb xanımı kimi dünyanın 50-dən artıq ölkəsinə qastrol səfəri etmiş olsun və ya olardı. Bu, heç keçmiş SSRİ-nin digər şöhrətli sənət ustalarının hamısına da nəsib olmamışdı. Ancaq bu qismət, bu xoşbəxtlik məhz Zeynəb xanıma nəsib olmuşdu. Nəyə görə? Ona görə ki, o yalnız və yalnız sənətilə yaşayan, musiqi ilə nəfəs alan bir sənətkar idi. Eyni zamanda, bu sənət böyük bir xalqın – Türk dünyasının bir parçası olan Azərbaycan türklərinin runundan, kökündən qaynaqlanan, rişələnən bir sənət idi. Heç təsadüfi deyil ki, keçmiş SSRİ-nin ən güclü vaxtlarında, “KQB”nin hökmran olduğu, yəni, türkçülüyün yasaqlandığı bir məqamda Zeynəb xanımın millətçiliyi, türkçülüyü ilə seçilirdi. Məhz bunun nəticəsi idi, o zaman qardaş Türkiyəyə qastrol səfərlərindən birində səhv etmirəmsə, ya Cövdət Sunay, ya da Kənan Evrən Zeynəb xanıma həm böyük sənətinə, həm də türkçülüyünə görə həmin ölkənin vətəndaşı olmaq təklifində bulunmuşdu. Bu, heç kimə qismət olmayan xoşbəxtlik idi ki, ancaq böyük sənətkarımız Zeynəb xanıma nəsib olmuşdu. Mən bilən indiyə kimi qardaş Türkiyədən, xüsusilə, onun  ali rəhbərliyi tərəfindən heç bir Azərbaycan sənətçisinə belə təklif edilməyib, edilibsə də, bunu bilən yoxdur. İndi bəyəm, bundan böyük siyasət və siyasətçilik olarmı?

Bir dəfə qeyd etmişdim və bu gün də tam məsuliyyətilə deyirəm ki, bu gün əslində Azərbaycan siyasətinin, onun tərkib hissəsi olan parlamentin Zeynəb xanıma ehtiyacı var, Zeynəb xanımın yox! Çünki Zeynəb xanım, Azərbaycan siyasətinin və parlamentinin bəzəyidir. Zeynəb xanım, yenə səhv etmirəmsə, 1986-cı ildən parlamentdə təmsil olunur, əvvəlki 1986-1995-ci illərdəki fəaliyyətini demirəm, onun 1995-ci ildən bu günə qədər olan fəaliyyətini izlədikdə,  heç də kimlərinsə iddia etdiyi kimi, qeyri-fəal, passiv millət vəkili olduğunu söyləmək olmaz.

Zeynəb xanım, parlamentdə az, lakin necə deyərlər, saz danışan, özünün şəxsi mənafeyindən deyil, xalqın mənafeyindən çıxış edən insanlardan, millət vəkillərindən biridir. Məsələn, o ilk iqtidaryönlü millət vəkilidir ki, baş naziri Azərbaycan dilini səlist bilməməkdə, yaxud parlamentin sədrini elə parlament kürsüsündən açıq-açığına tənqid edən millət vəkilidir. Yaxud keçmiş və indiki mədəniyyət nazirlərini əsl tənqid atəşinə tutan, çox zaman layiq olan insanları deyil, bu gün şou-biznesdə meydan sulayan, sənətdən bixəbər insanları fəxri adlara təqim etmələrinə görə onları kəskin ittiham edən yeganə sənət adamlarından və millət vəkillərindəndir.

Və ya parlament tribunasından “bizə fontan lazım deyil, camaat acqarına fontanı neyləyir, bizə Məhəmməd Əmin Rəsulzadənin, Şəhriyarın heykəli lazımdır” deyən yeganə sənət adamlarından, yaxud millət vəkillərindən biridir. Bundan başqa, cinayət qanunvericiliyinə növbəti dəyişikliklərdən birinin müzakirəsinə zamanı müxalifətçi millət vəkilləri ilə eyni mövqedən çıxış edən, “həqiqəti danışmaq  müxalifətçi olmaqdır, yəni?” deyə bildirən yenə də Zeynəb xanımdır. Zeynəb xanım haqda bu yöndə misalları çox çəkmək olar, ancaq hesab edirəm ki, buna ehtiyac yoxdur, belə demək mümkünsə, görünən kəndə nə bələdçi? İndi insafdandırmı ki, Zeynəb xanımı qeyri-fəal, passiv olmaqda “ittiham” edəsən? Əlbəttə, insafdan deyil! Zeynəb xanım, bu günə kimi Azərbaycan sənətinə, Azərbaycan mədəniyyətinə neçə-neçə böyük töhfələr, incilər bəxş edibsə, eləcə də Azərbaycan siyasətinə və parlamentinə də bu cür böyük töhfələr, özünəməxsusluqlar gətirib və bu gün də gətirməkdədir. Bunları qeyd etməklə heç də iddia etmirəm ki, Zeynəb xanımın mənim və ya digərinin müdafiəsinə ehtiyacı var. Onun bu müdafiəyə ehtiyacı yoxdur. Ancaq yenə də qeyd etmək istəyirəm ki, elə məqamlar var ki, onunla bağlı öz vətəndaş mövqeyini ortaya qoymalısan.

Yeri gəlmişkən, fürsətdən istifadə edərək, bir neçə ay qalmasına baxmayaraq, Zeynəb xanımın qarşıdan gələn növbəti yubiley ad günü münasibətilə təbrik edir, Allah-təaladan ona uzun ömür, cansağlığı, xoşbəxtlik, səadət arzulayır, hələ bundan sonra da Azərbaycan mədəniyyətinə və siyasətinə töhfələr vermisini dinləyirəm. Allah onu bizə və Türk Dünyasına çox görməsin. Amin!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi