Modern.az

Onları ilk dəfə məktəbə kim aparmışdı... - Birinci dərs gününün XATİRƏLƏRİ  

Onları ilk dəfə məktəbə kim aparmışdı... - Birinci dərs gününün XATİRƏLƏRİ   

Ədəbi̇yyat

15 Sentyabr 2017, 12:13

Azərbaycanda Bilik günü qeyd olunur. 15 sentyabrda məktəbə ilk dəfə qədəm qoyan 6 yaşlı şagirdlər həyəcanlı anlar yaşayır. Şübhəsiz ki, məktəb illəri hamının yaddaşında unudulmaz xatirələrlə qalır. Xüsusilə ilk dərs günü... Məktəbə lik dəfə kiminlə getmək...

Modern.az tanınmışların ilk dərs günü ilə bağlı xatirələrini öyrənib.

 Millət vəkili Tahir Kərimli:

“1963-cü ilə Ağsu şəhər 1 nömrəli orta məktəbin 1-ci sinfinə getmişəm. Yadımdadır ki, mənə çanta almışdılar. O zaman şagirdlərin çoxu parçadan toxunmuş çantalardan istifadə edirdilər. Həmin çantaların içərisində mürəkkəb olanda dağılardı. Çox sevinirdim ki, məndə hökumət satan çanta var. Məni ilk dəfə məktəbə böyük bacım aparıb. Məktəbin böyük darvazasından içəri daxil olanda çox sevinirdim”.

“525-ci qəzet”in baş redaktoru, yazıçı Rəşad Məcid:

“Biz 1 sentyabr günü məktəbə böyük məsuliyyətlə hazırlaşırdıq. Məktəbə getdiyimiz gün bayram olub. Ağdam şəhərinin indi işğal olunmuş ərazisində 4 mərtəbəli binada yaşayırdıq.  Binanın yaxınlığında Ağdam şəhər Sədrəddin Bayramov adına 1 nömrəli orta məktəb yerləşirdi.  1 sinfə həmin məktəbdə başlamışam. İlk müəllliməm Fəridə müəllimə oldu. Birinci sinfə birlikdə başladığımız uşaqlarla indi də görüşürük. Onlardan Vaqif mənim 53 illik dostumdur. Digər sinif yoldaşlarımla da ara-sıra görüşürük. Hər halda 1-ci sinfi çox yaxşı xatırlayıram. Məni birinci sinfə anam aparmışdı”.

Sosioloq Əhməd Qəşəmoğlu:

“Birinci sinfə kənddə getmişəm. Qonşularımız birinci sinfə hazırlaşırdı, mən də bütün gün onların yanında idim. Hövsələsizlik edirdim ki, mən də onlarla məktəbə gedim. İlk dəfə məktəbə 4 yaşımda getdim, onda 1 saat sonra bezib çıxdım. İkinci dəfə  5 yaşımda 1-ci sinfə getmişəm, yanvar ayına qədər məktəbə gedim, sonra jurnalda adım yox idi deyə, ağlayıb evə qaçdım.  Ən sonunda 6 yaşında 1-ci sinfə getdim, əvvəlki illərdə də məktəbə getmişdim deyə, paltarlarımın səliqəli olmasına diqqət edirdim. Məktəb dövründə əlaçı olmuşam. Məktəbə 10 gün qalmış əl-üzümü daha çox yuyurdum, saçımı düzəldirdirm. Böyük bir bayrama hazırlaşırdım sanki.
Hər dəfə birinci sinfə gedəndə məni əmimqızı aparıb. O məndən böyük idi, onun məktəbə getməsini görüb həvəslənirdim. Hər dəfə böyük həvəslə hazırlaşmışam birinci sinfə. İlk dəfə eşitdiyim məktəb zəngi bu günə qədər də yadımdan çıxmayıb. O zaman iki dəmiri bir-birinə toxundurmaqla zəng çalınırdı. Ağlım kəsəndən birinci sinfi gözləmişəm”.

Müğənni Elza Seyidcahan:

“Birinci siniflə bağlı ilk ağlıma gələn Heybətağa müəllim olur. Həyətimizdə qızılgül kolları var idi, anam oradan gül dərib mənə vermişdi, mən də onu müəllimimə təqdim etdim. Birinci sinfə böyük həvəslə başladım. Dərsə Siyəsən şəhəri 2 nömrəli məktəbdə başlamışam”.

Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu:

“Məni birinci sinfə atam aparıb. Məktəbə ilk daxil olduğumda partalar yeni rənglənmişdi. Həmin partaların qoxusu var idi, o qoxu hələ də yadımdan çıxmayıb. Həmin dövrdə qələmlər var idi, mürəkkəb batırıb yazırdıq. Əlimiz mürəkkəbə batırdı. Şəkilli kitablar var idi, həmin kitabda ilk dəfə olaraq fil şəkli görmüşdüm. Çox maraqlı idi. Məktəbin ilk günü mənim xatirimdə qəribə hisslər kimi qalıb. 1-ci sinfə Ordubad şəhərində Fizuli adına 7 nömrəli internat məktəbində başlamışam”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?