Modern.az

Orta məktəbdə “sürünən” MƏŞHURLAR

Orta məktəbdə “sürünən” MƏŞHURLAR

15 Sentyabr 2017, 21:35

Yaxşı təhsil almaq, yaxşı oxumaq uğurlu gələcək deməkdir. Bu fikirlə sözsüz ki, tam razılaşmaq olar. Amma dünya şöhrətli bəzi məşhurlar var ki, orta təhsillərini “sürünərək” başa vurublar, ən zəif qiymətlərlə, elə məktəbi bitirmək xatirinə oxuyublar.

Modern.az saytı orta məktəbdə pis qiymətlərlə oxuyan “sürünən” məşhurlar haqqında yazını təqdim edir.

 

Böyük Britaniyanın baş naziri, Nobel mükafatı laureatı Uinston Çörçil üçün nəinki oxumaq, hətta məktəbə getmək ən böyük “əziyyət” sayılıb. Dünya şöhrətli siyasətçi sinifdə ən pis oxuyan şagirdlərdən biri olub. Bu “pis”liyinə görə də müəllimləri tərəfindən tez-tez kötəklənib.

 

Rusiya alimi və ictimai xadimi, kimyaçı, ensiklopediyaçı, kimyəvi elementlərin dövri cədvəlinin yaradıcısı Dmitri Mendeleyev orta təhsil illərində fizika və riyaziyyat fənlərini çıxmaq şərti ilə digər dərslərdən ən aşağı qiymətləri belə çox çətinliklə alıb.  O, gimnaziya divarları arasında keçən təhsil illərinin çox cansıxıcı və darıxdırıcı olduğunu söyləyib.

 

Dünya musiqi tarixinin ən görkəmli bəstəkarlarından olan Bethoven həmyaşıdları arasında ən geridə qalan şagirdlərdən biri olub. Bəstəkar ən adi yazı mətnlərində belə orfoqrafik səhvlər buraxıb. Vurma-bölmə cədvəlini isə Bethoven təhsilinin sonuna kimi öyrənə bilməyib.

 

Eynşteyn məktəbə gec gedib. Sağlamlıq baxımından və fiziki cəhətdən zəif olan gələcəyin məşhur alimi haqqında müəllimləri həmişə narazılıq edib və valideynlərinə şikayətləniblər. Elə valideynləri də yalnız onu arzulayıblar ki, övladları məktəbi bitirdikdən sonra heç olmasa ən adi bir işdə çalışmağı bacarsın. Ancaq Eynşteyn yuxarı siniflərdə oxuyanda istedadının qığılcımları ilə haqqında söylənilən fikirləri alt-üst etməyi bacarıb.

 

Fransa imperatoru Napoleon Bonapart bütün fənnlərdən zəif qiymətlər alıb. Ancaq bacarıqlı sərkərdə riyaziyyat fənni üzrə bilgiləri ilə hamını təəcübləndirib.

 

Dahi rus şairi, dramaturq və nasiri, rus ədəbi dilinin reformatoru Puşkin təhsil aldığı litseyin zəifləri arasında ikinci yeri tutub. Belə ki, təhsil haqqında şəhadətnamələrin verilməsi mərasimində o, ən axırdan ikinci yerdə qərarlaşıb. Puşkin üçün riyaziyyat fənninin mənimsənilməsi əlçatmaz və mümkünsüz görünüb.

 

Yazıçı, dramaturq və həm də həkim Anton Çexov o qədər zəif şagird olub ki, onu iki dəfə eyni sinifdə ikinci ilə saxlayıblar. Riyaziyyat və coğrafiya dərslərində oturmaq isə Çexov üçün əsl işgəncə olub.

 

Bu məşhurların zəif oxumaqla dünyanın tanınmışlarına çevrilməsini yalnız şanslı insan olmaqları ilə bağlamaq olar. Çünki gələcəkdə hər hansı bir sahənin tanınmış, mükəmməl bir məşhuru olmaq üçün oxumaq mütləqdir. Odur ki, məktəbdə “sürünən” məşhurların təhsilindən nümunə götürməyin. Oxumağa və elmə güvənin...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir