Modern.az

Kərkük sevdalısı Qəzənfər Paşayev

Kərkük sevdalısı Qəzənfər Paşayev

16 Sentyabr 2017, 23:48

Bu gün Bakı Atatürk Mərkəzində ünlü alim Qəzənfər Paşa­yevin 80 illik yubileyi münasibəti ilə Kərkükdə, Füzuli mətbəəsində yenicə işıq üzü görmüş "Kərkük sevdalısı Qəzənfər Paşayev" kitabının təqdimatı keçirilib.

 

Modern.az xəbər verir ki, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən təqdimatda millət vəkili  Qənirə Paşayeva, millət vəkili, Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupunun rəhbəri İlham Məmmədov, təqdim olunan kitabın müəllifləri – iraqlı soydaşlarımız Mustafa Ziya, Şəmsəddin Kuzəçi, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Şirindil Alışanlı, Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı, CASCFEN başqanı, əməkdar jurnalist Azər Həsrət, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, şair Musa Ələkbərli, alim Qurban Bayramov, əməkdar artist Aybəniz Haşımova, BDU Jurnalisrika fakültəsinin dekanı Vüqar Zifəroğlu, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal çıxış edərək, həm yubilyarın yaradıcılığı, həm də kərküklü müəlliflər haqqında danışıblar.

 

Millət vəkili Qənirə Paşayeva “Kərkük sevdalısı Qəzənfər Paşayev” kitabında professorun həyatı və əsərləri haqqında statistik, bibloqrafik, habelə ensiklopedik bilgilərlə yanaşı, ürək sözlərinin də yer aldığını qeyd edib.

 

O, yubileyinə “İraq bizə iraq deyil” dediyimiz ellərdə kitab yazılan professor Paşayevin yalnız Azərbaycanda deyil, İraqda, qardaş Türkiyədə, bir çox başqa ölkələrdə də ədəbiyyatşünas, folklorşünas, publisist, dilçi, tərcüməçi və xeyirxah ziyalı kimi tanındığını vurğulayıb.

 

Çıxışına davam edən Paşayeva deyib:

 

- Bizim uşaq vaxtlarımızda, Qəzənfər müəllim tərcüməçi olaraq çalışdığı İraqdan məzuniyyətə gəldiyi zamanlarda onun sirli-sehirli söhbətlərinin əsas dinləyicilərindən biri olardıq. Əmim Kərkük, Ərbil, Təlafər, Tuzhurmatudan, oraların sakinlərinin bizimlə eyni dildə, eyni üslubda danışdığını, bizim kimi istiqanlı, qonaqpərvər olduğunu deyirdi. Xeyli sonra əmimin bu sirli ölkə haqqında kitablarını oxumağa başladıq. İlk növbədə əfsanəvi “Altı il Dəclə-Fərat sahillərində”, sonra “Kərkük bayatıları”, “Kərkük ata sözləri” kitabları bizi də sevdalandırır, qanadlandırırdı. Hər halda təvafüqdən idi ki, mən və əmimqızları məktəb tədbirlərində məhz İraq-Türkman bayatıları söyləyirdik. O bayatılar bir çox incə mətləbləri düşüncələrə hopduran, bəlkə, açıq-açığına deyə bilmədiklıərimizin Kərkük, İraq üzərindən ifadəsi idi. Məsələn,

 

Dilim dilim,

Kəs qovun dilim-dilim,

Mən dilimdən vaz keçməm,

Olursam dilim-dilim...

 

Biz, bax belə bir yanğı ilə, eşqlə yetişdik və müstəqilliyimizin bərpası illərində o sirli-soraqlı ellərdən evimizə tez-tez qonaqlar gəlməyə başladı. – Qəzənfər əmim vasitəsilə onları yaxından tanımağa başladıq.”

 

Müəlliflər – Şəmsəddin Kuzəci, Mustafa Ziya dəyərli ziyalının hələ sovet dövründə İraqda çalışdığı illərdə Kərkükə necə ürəkdən bağlanmasından, Azərbaycan və Kərkük, ümumən İraq arasında ədəbi körpülər salmasından, model araşdırmalar apardığından və kitablaşdırdığından bəhs ediblər.

 

Sonda Mustafa Ziya və Şəmsəddin Kuzəçi Qəzənfər Paşayevə Türkmaneli Kültür Mərkəzi adından özəl ödül təqdim ediblər, xatirə şəkilləri çəkilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir