Modern.az

Məktəb direktorundan şəhid xanımına hörmətsizlik: “Qapıları gəzməklə heç nə əldə etməyəcəksən”  

Məktəb direktorundan şəhid xanımına hörmətsizlik: “Qapıları gəzməklə heç nə əldə etməyəcəksən”   

Aktual

18 Sentyabr 2017, 11:42

Cəmiyyətimizin həssas təbəqəsi olan şəhid ailələrinə qayğı həmişə dövlətin diqqət mərkəzində dayanıb. Bu təbəqədən olan insanların sosial rifahının yaxşılaşdırılması, onlara xüsusi diqqət və qayğı göstərilməsi ölkə rəhbərliyi tərəfindən istər rəsmi sərəncamlarda, istərsə də müəyyən cıxışlar, görüşlər, tədbirlər zamanı da öz əksini tapıb. Ancaq təəssüflər olsun ki, bəzən şəhid ailələrinə göstərilən bu xoş münasibətə kölgə salanlar da tapılır.

Şuşanın müdafiəsi zamanı şəhid olmuş Natiq Şahmuradovun həyat yoldaşı Sevinc Quliyeva 1993-cü ildən Bakı şəhəri Yasamal rayonu 175 saylı tam orta məktəbdə ibtidai sinif müəllimidir. Bu illər ərzində heç bir problemlə üzləşməyən şəhid xanımı ötən tədris ilindən heç bir səbəb olmadan məktəbin direktoru Qələndər Qələndərovun təzyiqi ilə üzləşib. Belə ki, məktəb direktoru ona növbəti tədris ilindən özünə başqa iş yeri axtarmağı “məsləhət” görüb. Bu “məsləhəti” qəbul etməyən Sevinc Quliyeva hazırkı tədris ilində əvvəlki dərs yükündən məhrum olub. Belə ki, məktəb direktoru müəllimi ibtidai siniflə təmin etməyib və “çarəsiz” qalaraq ona ötən illərlə müqayisədə fərqli dərəcədə az olan yığma dərs yükü təklif edib. Xatırladaq ki, Təhsil Nazirliyinin açıqlamasına görə müəllimlərin dərs bölgüsündə diaqnostik qiymətləndirmənin nəticələri nəzərə alınır. Və qeyd edək ki, Sevinc Quliyevə diaqnostik qiymətləndirmədə müsbət nəticə əldə edib.  


Modern.az-ın məlumatına görə, Sevinc Quliyevə məsələ ilə bağlı Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təranə Muradovaya, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Azad Niyazova, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Yasamal rayon filialının sədri Bəhram Şeydayevə müraciət edib. Müraciət olunanların hər biri şəhid xanımın şikayətləndiyi məsələdə haqlı olduğunu söyləyiblər və məsələnin müsbət həll olunacağını bildiriblər. Ancaq bu müdaxilələrə baxmayaraq, məktəbin direktoru heç bir tədbir görməyib. Yalnız Sevinc Quliyavanı yanına çağırtdıraraq, istehzalı bir cümlə deməklə kifayətlənib: “Qapıları gəzməklə heç nə əldə edə bilməyəcəksən”.

Azərbaycanın fəxri, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun adını daşıyan məktəbin direktorunun Həzi Aslanov qəhrəmanlığının davamçılarından biri olan, Şuşanın müdafiəsi uğrinda qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Natiq Şahmuradovun xanımına belə hörmətsizliyinin səbəbi nədir?

Ümid edirik ki, bu təəssüf doğuran acınacaqlı sualın cavabını müvafiq dövlət qurumları verəcək.


Modern.az məsələ ilə bağlı direktorun mövqeyini də öyrənməyə çalışacaq.


İlham Cəmiloğlu

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür