Modern.az

Direktor şəhid xanımının şikayətinə cavab verdi: “Onun sinfinə uşaq yığılmadı”

Direktor şəhid xanımının şikayətinə cavab verdi: “Onun sinfinə uşaq yığılmadı”

18 Sentyabr 2017, 13:03

Şuşanın müdafiəsi zamanı şəhid olmuş Natiq Şahmuradovun həyat yoldaşı Sevinc Quliyeva 1993-cü ildən Bakı şəhəri Yasamal rayonu 175 saylı tam orta məktəbdə ibtidai sinif müəllimidir. Bu illər ərzində heç bir problemlə üzləşməyən şəhid xanımı ötən tədris ilindən heç bir səbəb olmadan məktəbin direktoru Qələndər Qələndərovun təzyiqi ilə üzləşib. Belə ki, məktəb direktoru ona növbəti tədris ilindən özünə başqa iş yeri axtarmağı “məsləhət” görüb. Bu “məsləhəti” qəbul etməyən Sevinc Quliyeva hazırkı tədris ilində əvvəlki dərs yükündən məhrum olub. Belə ki, məktəb direktoru müəllimi ibtidai siniflə təmin etməyib və “çarəsiz” qalaraq ona ötən illərlə müqayisədə fərqli dərəcədə az olan yığma dərs yükü təklif edib. Xatırladaq ki, Təhsil Nazirliyinin açıqlamasına görə müəllimlərin dərs bölgüsündə diaqnostik qiymətləndirmənin nəticələri nəzərə alınır. Və qeyd edək ki, Sevinc Quliyevə diaqnostik qiymətləndirmədə müsbət nəticə əldə edib. 

Modern.az məsələ ilə bağlı direktorun mövqeyini öyrənib. Qələndər Qələndərov bildirib ki, Sevinc Quliyevanın ibtidai siniflə təmin edilməməsinin əsaslı səbəbi var:

“Valideynlər evdə internet vasitəsilə müəllim seçirlər. Bu il də, keçən il də ibtidai siniflərə uşaqlar bu üsulla yığılıb. Əgər valideyn  müəllimi seçmirsə, burada direktorun heç bir günahı yoxdur. Biz müəllimin adına gələn uşaqları yığıb sinif formalaşdırırıq. Sevinc xanım bu il uşaq yığa bilmədi.

Digər tərəfdən Azərbaycan bölməsindəki uşaqların 80 faizi “Sovetski”dən gəlirdi. “Sovetski” söküldüyü üçün uşaqların sayında azalma müşahidə edildi. Mən heç vaxt Sevinc xanımı məktəbdən uzaqlaşdırmaq  fikrində deyildim.  Sadəcə, ona Xırdalan məktəbində dərs deməsini təklif etdim. Çünki köçənlərin hamısı həmin məktəbə gedib. Ona bildirdim ki, əgər istəyirsənsə, həmin məktəbə get . Ona müəllimlərdən yığma 18 saat dərs vermişəm. Amma bu, gələn il üçün baza deyil. Gələn il də Azərbaycan bölməsinə uşaqların yığılacağını bilmək olmaz. Xırdalan məktəbində Azərbaycan bölməsi çoxdur. Sevinc xanımın daimi işinin olması üçün bu cür təklif irəli sürdüm. Mənim ibtidai sinifi az uşaq toplayan müəllimə vermək ixtiyarım yoxdur.  Amma yuxarı siniflərdə dərs bölgüsü diaqnostik qiymətləndirməyə görə aparılıb. Biz valideyn seçəni dəyişdirə bilmərik. Bu il Sevinc xanım üç, ya dörd uşaq yığmışdı”.

Sevinc Quliyevə məsələ ilə bağlı Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təranə Muradovaya, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Azad Niyazova, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Yasamal rayon filialının sədri Bəhram Şeydayevə müraciət edib. Müraciət olunanların hər biri şəhid xanımın şikayətləndiyi məsələdə haqlı olduğunu söyləyiblər və məsələnin müsbət həll olunacağını bildiriblər. Ancaq bu müdaxilələrə baxmayaraq, məktəbin direktoru heç bir tədbir görməyib. Yalnız Sevinc Quliyavanı yanına çağırtdıraraq, istehzalı bir cümlə deməklə kifayətlənib: “Qapıları gəzməklə heç nə əldə edə bilməyəcəksən”.

Q.Qələndərov buna da münasibət bildirib:

“Sevinc  Quliyevanın şəhid xanımı, eyni zamanda qadın olduğunu həmişə nəzərimdə tutmuşam. Mənim də qızım, bacım, anam, yoldaşım var. 20 ildir ki, məktəb direktoruyam. İndiyə kimi bir adamın məndən incikliyi olmayıb.  Mənim elə bir cümlə quran yaşım deyil”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır