Modern.az

Məzar daşlarına yazılan şeirlər dinə ziddir? - Hacı Şahin: “...sanki rəqabət var”  

Məzar daşlarına yazılan şeirlər dinə ziddir? - Hacı Şahin: “...sanki rəqabət var”   

18 Sentyabr 2017, 13:40

Dünyanın bir çox yerlərində məzar daşlarına müxtəlif rəsm əsərləri, rəqəmlər və yazılar həkk olunur. Misir piramidaları insan tarixinin ən qədim və ən möhtəşəm məzarıdır. Piramida otaqlarının divarlarında mifoloji motivlər, insanların həyata keçirdiyi işləri, onların uğurları və həyatda yaşadıqlarını əks etdirən rəqəmlər təsvir edilib. Türk mədəniyyətində ilk tanınmış məzar daşının mətnləri Orxon-Yenisey abidələridir.

Əslində məzar daşları cəmiyyətin ictimai tarixindən başqa onun duyğu və düşüncələrini, inanc quruluşunu, həyata baxışını, həsrətlərini, yaşadıqlarını, başından nə kimi hadisələrin keçdiyini ifadə edən əhəmiyyətli vasitələrdir.

Azərbaycanda da hələ qədim tarixdən məzar daşlarının üzərində yazıların əks olunduğunu bilirik.

Hazırda da başdaşılarına bir neçə bəndlik şeirin yazılması halları müşahidə edilir.

Maraqlıdır, məzar daşları üzərinə şeirlərin yazılamasına İslam dininin münasibəti necədir? Ümumiyyətlə, məzar daşları necə olmalıdır?

Qəbir daşları üzərində Quran ayələri də əks olunur

 “Məşədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin Həsənli Modern.az-a bildirib ki, qəbir daşları üzərində şeir yazılmasının dinə heç bir ziddiyəti yoxdur:

“Qəbir daşı üzərində hansısa bir neçə beytlik şeirin yazılması xalqımızın formalaşmış adətidir. Görürsünüz, bəzi şairlərin, hətta din alimlərinin də vəsiyyətinə əsasən, müəyyən şeir parçaları daşların üzərinə yazılır. Bəzən qəbir daşları üzərində Quran ayələrinin də əks olunduğunu görürük. Məsələn, hamımız Allahdanıq və Allaha tərəf dönəcəyik. Bu tip, yəni ölümlə bağlı ayələr yazıla bilər. Bunun Qurana və ya hədislərimizə ziddiyyəti yoxdur və normal haldır.

Ərəb dünyasında da bu cür hallar olub. Amma hazırda bu cür adət daha çox Azərbaycanda  geniş yayılıb. Bəzən övladlar dünyadan köçən valideynləri üçün bu cür üsuldan  istifadə edirlər”.

Təmtəraqlı daşlardan istifadə etmək dini nöqteyi-nəzərdən yol verilməzdir

Hacı Şahin Həsənli şeirlərin məzmununun önəmli olduğunu da vurğulayıb:


“Düzdür, din bunu qadağan etmir. Amma şeirin məzmunu da önəmlidir.  Əgər məzmununda dinə və ya mənəvi dəyərlərə zidd bir şey yoxdursa, bu, tam normal haldır. Ümumiyyətlə, qəbir daşları ilə bağlı ümumi göstəriş var. Qəbir daşları çox sadə olmalıdır. Təmtəraqlı daşlardan istifadə etmək israfçılıqdır, bu da  dini-nöqteyi nəzərdən yolverilməzdir. Azərbaycanda da bununla bağlı qanun layihəsi hazırlanmalıdır. Yəni qəbir daşları ilə bağlı  konkret standartlar müəyyən edilsin və  buna əməl edilsin. Düşünürəm ki, bu, müsbət addım olar. Çünki  təmtəraqlı, bahalı mərmərlərdən düzəldilmiş qəbir daşlarının qoyulması dini baxımdan düzgün deyil. Həmin o vəsaiti digər xeyriyyə işlərinə xərcləsək daha faydalı olar”.

Müsahibimiz qeyd edib ki, qəbir daşları üzərindəki yazılar insanlara axirəti xatırlatmalıdır:

“İndiki halda qəbir daşları ilə bağlı insanlar arasında sanki rəqabət var. Yəni bununla fəxr edənləri, öyünənləri görürük. Bu artıq ölünün mahiyyətinə də ziddir. Ümumiyyətlə, qəbirstanlığa gedən zaman insan axirəti yad etməlidir. Amma  bugünkü vəziyyət insanları bu əməldən uzaqlaşdırır. Qəbirin üzərinə sadə şəkildə hansısa əlamət qoyulmalıdır.

Əgər hikmətli, ibrətli mövzuda şeir yazılıbsa, bu müsbət haldır. Çünki  insanlar qəbiristanlığı ziyarət etdiyi zaman istər istəməz həmin şeirləri oxuyurlar. Bu da mənəviyyata, əxlaqa təsir edir”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir