Modern.az

Nazim Hikmət, Ceviz ağacı və Hidayətin essesi...

Nazim Hikmət, Ceviz ağacı və Hidayətin essesi...

18 Sentyabr 2017, 14:50

"Bir gün Pablo Nerudadan soruşurlar: "Öncül şairlərə yer verəcəyiniz bir antologiya hazırlasaydınız, həmin antologiyada Nazım Hikmətə də yer ayırardınızmı?".
Pablo Nerudanın cavabı belə olub: "Əgər tək bir şairdən ibarət antologiya hazırlasaydım, bu şair Nazim Hikmət olardı".
 

  
Bu yaxınlarda "525-ci qəzet"də (04.09.17) belə bir təqdimatla iki esse oxudum: "Sentyabrın 5-i Azərbaycanın tanınmış ədibi və ictimai xadimi Hidayətin doğum günüdür. Ədəbiyyatımızın və mədəniyyətimizin inkişafına layiqli töhfələr vermiş Hidayət bu sahədəki özünəməxsus mövqeyini, fəallığını indi də qoruyub saxlamaqdadır. Doğum günü münasibətilə onu səmimiyyətlə təbrik edir, yaradıcılığından nümunə olaraq iki essesini oxucularımızın diqqətinə çatdırırıq".

  
Biz də, bu təbrkə qoşuluruq. İkinci esse "Ceviz ağacı" adlanırdı və buradakı maraqlı bir fakt diqqətimi cəlb elədiyindən münasibətimi bildirmək qərarına gəldim.

 Düşünürəm ki, Nazim Hikməti Azərbaycanda tanımayan yoxdur, eləcə də, Hidayəti...  Həmçinin Nazim Hikmətin "Ceviz ağacı" şeirini də bilməyən yoxdur. Nazim Hikmət və Ceviz ağacı eləcə sinonimə çevrilibdir...

  
Bu şeirdə belə bir qoşa misra var: "Ben bir ceviz ağacıyım Gülhane Parkında. Ne sen bunun

farkındasın, ne polis farkında." (Qeyd: Gülhanə Parkı, Osmanlı dönəmində salınmış Topqapı sarayının xarici bağçasıdır və içində bir qoruq və qızılgül bağçaları olubdur...   İstanbul şəhərinin başçısı Cəmil Paşa (Toppuzlu) zamanında düzəldilərək 1912-ci ildə park halına gətirildi və xalqa açıldı. “Gülhanə” Parkı İstanbul şəhərinin Fatih inzibati mərkəzinin Eminönü deyilən ərazisində yerləşir və 150 min kv. metrlik ərazini əhatə edir.)  Ola bilsin ki, indiki gəncliyimiz bu dediklərimin "farkında" olmasın, ona görə də, yaddaşı bərpa farkında olaraq məlumat vermək məcburiyyətindəyəm.

   
Nazim Hikmət(1902-1963). Türk şairi, yazıçı, sissenarist, dramaturq və ictimai xadim. Ləqəbi "Gözəl üzlü şair" və ya "Mavi gözlü Devdir". Türkiyə poeziyasında sərbəst şeirin ilk nümayəndəsi və çağdaş Türk şeirinin ən ünlü və önəmli şəxsiyyətidir. Türk inqilabi poeziyasının əsasını qoymuşdur. Beynəlxalq miqyasda tanınmış və adı XX əsrin ilk yarısından məlum olan dünyanın ən böyük şairləri sırasında çəkilməkdədir. Beynəlxalq Sülh Mükafatı laueratı( 1950) fəxri adını almışdır. Müxtəlif vaxtlarda  onu "Nazim Hikmət qalaktikası", "Dünya poeziyasının türk şahzadəsi", "Şeir inqilabçısı-Nazim Hikmət", "Dühanın tənhalığı", "Türk sərbəst şeirinin banisi" təşbihləri ilə də vəsf etmişlər. Tanınmış Türk ədibi və jurnalisti Zəkəriyyə Sertel: "Mavi göle dev" adlandırıb Nazimi. Nazim Hikməti "Nazim Hikmətov", "Kommunist Don Kixot" adlandıranlar da olubdur. Amma Pablo Neruda demiş: "Bu, o Nazim Hikmətdir ki, Türkün səsini bütün bəşəriyyətin səsinə çevirdi!!"

 
İlk şeirini 1913-cü ildə yazmışdır. 1922-ci ildən Türkiyə Kommunist Partiyasının üzvü olmuşdur. Buna görə ayrı-ayrı vaxtlarda üst-üstə 11 dəfə məhkəmə çəkişmələrində olmuş və həbs edilmişdir. Sonra mühacirət eləmiş, Moskvada məskunlaşmışdır. "Günəşi içənlərin türküsü" adlanan  ilk kitabı Azərbaycanda, Bakıda nəşr edilmişdir." Əsərləri 1938-ci ildən Türkiyədə yasaqlanmış və 25 iyul 1951-ci il tarixində Türkiyə vətəndaşlığından  çıxarılmışdır. 28 il həbs cəzası almış, onun 12 ilini Bursa həbsxanasında  keçirmiş, Nazimə görə  həbsxana da, xoşbəxt olraq məşhurlaşmışdır... Ölümündən iki il sonra - 1965-ci ildən əsərləri Türkiyədə yayımlanmağa başlamışdır... 5 yanvar 2009-cu ildə Türkiyə dövlətinin qərarı ilə Türkiyə vətəndaşlığı bərpa edilmişdir. Həmin hadisə "Ədəbiyyat qəzeti"ndə görkəmli yazıçı, Nazim Hikmətə həsr etdiyi "Kərəm kimi" mükəmməl əsərin müəlifi  Anarın " Zəfərin mübarək, Nazim" məqaləsi ilə qeyd edilmişdir.

     
 Nazim Hikmət Azərbaycan xalqının və ədəbiyyatının yaxın dostu idi. Azərbaycan ədəbi mühitində fövqalədə bir səviyyədə sevilmiş və poeziyamıza, poetik təfəkkürümüzə ğözəl təsiri olmuş, barəsində tədqiqatlar aparılmış, kitablar və məqalələr dərc edilmişdir...  Nazim Hikmətin "Otuz ildən sonra" adında bir şeiri var, 1957-ci ildə, Bakıya gəlişində yazıb orada bu misra keçir: "Azerbaycan şiiri vardı, ama Samedinkiler yoktu".

    
 İndi 2017-ci ildi, XXI əsrdir və həmin şeirdən 60 il sonra Azərbaycanın ünlü şairi, dramaturqu, yazıçı-publisisti, ictimai xadim Hidayət "Ceviz ağacı"nın budaqlarında Nazim Hikməti yenidən Bakıya gətirdi. "Ceviz ağacı"nı isə dilimizə ilk dəfə Rəsul Rza uyğunlaşdırmışdı və "Rənglər" silsiləsi şeirlərinin birində "Üfüqdə göy gözlərin sarı həsrəti" deyərkən, Nazim Hikmətin həsrətini nəzərdə tuturdu... Və bu həsrət "Ceviz ağacı" şeirində də budaq-budaq budaqlanır, yarpaq-yarpaq yarpaqlanır..

 
Nazim Hikmət haqqında Azərbaycanda yazıllan və hələlik son əsər olan ünlü ədibimiz Hidayətin "Ceviz ağacı" essesi bizi bu  sətirləri yazmağa vadar elədi...

 
 Nazim Hikmət Hidayətin ən çox sevdiyi şairlərdəndir, özü də baramaqhesabı... Onun poetik ruhunun və üslubunun bir damarı da Nazim Hikmətdən gəlir... Bu essesində isə məhəbbətini və ehtiramını belə ifadə edir: "...O ceviz ağacı boyunca göylərə boylandım, Nazimi xatırladım. - Nazim Hikmət XX yüzilliyin ən böyük şairidir, - deyirəm, - bütün cahanda. Bu əsrdə böyük şairlər çoxdur. Elə Azərbaycanda - Sabir, Hüseyn Cavid, Səməd Vurğun, Rəsul Rza, Bəxtiyar Vahabzadə..., Rusiyada - Sergey Yesenin, Braziliyada - Jorj Amadu... Səməd Vurğunun misralarını xatırlayıram: "Nazim də ucaltsın haqqın səsini  Dəmir pəncərəli zindan içindən. Qatsın nəfəsimə öz nəfəsini  Qavalos Romadan, Siya-U Çindən..."  XX əsrdə çoxdur böyük şairlər.  Ancaq ən böyüyü Nazim Hikmətdir."

  
Hidayət müəllim bu esseni 2011-ci ildə qələmə alsa da, mən bunu ilk dəfədir ki, oxudum və olduqca təsirləndim. Əslində bu esse janrında yazılmış və Hazimşünaslıqda "gizli" qalan mühüm bir bədii fakta elmi, ədəbi-estetik münasibətdir, müasir intellektimizin Nazim Hikmətə ucaldılan abidəsidir...

  
Hamıya məlumdur ki, Nazim Hikmətin "Ceviz ağacı" şeiri onun ən məşhur, geniş yayılmış, deyərdim ki, dillərdə əzbərə çevrilmiş monumental ədəbi dəyər qazanmış əsərlərindən biridir. Bu şeirin yaranması barəsində, hətta"gercək" kimi belə bir əfsanə də uydurulubdur: "Bu şeirin gerçək bir hekayə olduğunu bilməyənlər üçün isə hekayəni danışmaq istəyirəm.  Güya bir gün Nazim Hikmət sevgilisi ilə Gülhane parkında görüş təyin edir. O dövrdə Nazim Hikmət haqqında həbs olunma qərarı var idi. Qaçaq şəkildə yaşayan Nazim, parka polislərin gəldiyini görüb qoz (ceviz) ağacına dırmaşır. Ağacın altından həm polislər, həm də şairin sevgilisi keçir. Nazim Hikmət isə onları üzgün bir şəkildə izləyir, şeiri yazır." 

  Əlbəttə, bu "Ceviz ağacı" şeirinin sehrinə düşərək söylənilən əfsanədir və eləcə Nazim Hikmətə xalq-oxucu məhəbbətinin ifadəsidir. Və bu məhəbbətin gücüdür ki, yolu İstambula düşən elə bir "Nazim sevdalı" ziyalımız, yazışımız, şairimiz olmasın ki, Gülhanə parkına gedərək Nazimin Ceviz ağacını aramasın...

 
Qənşərimə çıxan qeydlərdən biri: "Tədbirdən sonra İstanbul Avropasını gəzdik, müqəddəs Sofiya məscidi ilə yan-yana dayanıb şəkil çəkdirdik. Gülhanə parkı ilə qol-boyun olduq, ceviz ağacını gördüm – Nazim Hikmətə oxşayırdı...  Nazim Hikmətlə də – Ceviz ağacı – şəkil çəkdirdim – sağlığında nə onu görmək, nə də onunla şəkil çəkdirmək qismətim olmamışdı." Seyran Səxavət. Türk bayrağının dalğalanan kölgəsində. Bakı – İstanbul – Ankara – Bakı, 9-15 may 2017-ci il. 525-ci qəzet.- 2017.- 8 iyun.- S.7.)

 
Rastlaşdığım digər yol qeydindən: "... Bursa... Yaşıl şəhər... İlahi, bu yaşıllığın içində insan cəza evində yatarmı? Yatar. Cəza evi heç nəyə baxmır. Nazim Hikmətə baxmadığı kimi... Niyə, niyə mənə doğmadı bu şəhər? Burada doğulmamışam. Burada heç kəsim yoxdur. Bəs nə üçün içimdə iri bir kədər göyərir. Bu boyda yaşıllığın içində bu kədər necə göyərə bilir, ilahi? Bələdçimiz Əfşan xanımın sözləri məni fikirdən ayırdı: "Biz bu gün günorta yeməyimizi məşhur Gülhanə parkındakı kafedə yeyəcəyik."

 
Və bu münasibətlə yol qeydlərinin müəllifi "Ceviz ağacı" şeirini belə təqdim edir:

"Bursa... Gülhanə parkı... Ben bir ceviz ağcıyım bu parkda" və s.  (Tofiq Abdin. Yol boyunca mənim gördüyüm Türkiyə. "Ədalət" qəz., 2010.- 25 dekabr.- s. 15.)  Belə çıxır ki, güya, Bursada da Gülhane parkı var və şeir də " Bursa... Gülhanə parkı..." misrası ilə başlayır. Əslində isə belə deyildir...

 
Tanınmış jurnalist-publisist Flora Xəlilzadənin"Gülhanə parkının ceviz ağacı" ("Azərbaycan" qəz.. 2012, 19 yanvar, s.7.) məqaləsində oxuyuruq: "Nazim Hikmət üçün də "zaman", "məkan" anlayışı yoxdur. Məkansız insan idi. Şeirlərinin birində deyir: "Aparın məni elə bir yerə ki, özüm də bilmirəm hara". Məkanı olmayan şair günlərin birində özünü Gülhanə parkında tapmışdı. Bir ceviz ağacıydı, Gülhanə parkında."

 
Göründüyü kimi, Nazim Hikmətin "Ceviz ağacı" şeiri haqlı olaraq həmişə diqqətdə olub, amma mətn kimi həm düzgün dərk edilməyibdir, həmçinin müxtəlif, təhrif edilmiş variantlarda təqdim edilibdir. Bu şeir 1957-ci ildə yazılıbdır və Nazim Hikmətin nə cavanlığı, nə də həbsxana həyatı ilə əlaqəsi yoxdur...

   
Nazim Hikmət yaxşı bilirdi ki, Gülnahe parkında ceviz ağacı yoxdur. Bunu Nazim yaxşı bildiyindən özünü vətəndaşlığından çıxarıldığı Türkiyədə, məmləkətin baş şəhərində, bu baş şəhərin baş parkında  bir ceviz ağacı kimi təqdim edibdir. Sanki, siyasi elitaya poetik nota veribdir ki, Siz məni kağız üzərində Vətəndaşlıqdan mərhum edə bilərsiniz, amma "Ben bir insan, ben bir Türk şairi Nazım Hikmet, ben tepeden tırnağa insan, tepeden tırnağa kavga, hasret ve ümitten ibaret…" - deyə, bağıran Nazim Hikmət Türkiyədən məcburən  mühacirət etsə də, heç kimin farkında olmasa da, o yenə də Türkiyədədir, Türkiyənin bağrındadır. Nazim "SEN" ifadəsini də sevgilisinə yox, sevdiyi Türkiyə vətəndaşlarına, istanbullulara xitab edibdir...

 
Hidayət müəllimin "Ceviz ağacı" essesinin ədəbi-estetik mahiyyəti də bu gerçıyə bağlanır. Essenin əsas məzmunu bundan ibarətdir ki, Hidayət müəllim də, Gülhanə parkında Nazim Hikmətin Ceviz ağacını axtarır və məlum olur ki, bu parkda yaranışından bəri Ceviz ağacı olmayıbdır. Bunu parkda 40 ildən artıq işləyən bağban da, Hidayət müəllimi müşaiyyət edənTürk Dünyası Araşdırmaları Vəqfinin başkanı Turan Yazqan da bildirirlər...

   
Lakin onlar bilmirdilər ki, ömrünün müdrik şağlarında Nazim Hikmət başqa bir gerçəyi də ağriya-ağriya dərk etmişdi bə Hidayət müəllim bu ağrıya da essesində güzgü tutur: "Anlayırdı: təsəvvür etdiyi, inandığı kommunizm, kommunistlik gördüyü “kommunizmlə”, “kommunistliklə” tərs mütənasibmiş. Bakıda, Akademik Milli Dram Teatrında “Unudulmuş adam”a baxandan sonra aktyor oyunundan, rejissor işindən danışmaq əvəzinə salondolu tamaşaçı önündə uca səslə deyirdi: “Biz Kommunist Partiyasına keçəndə bilirdik: bu yol ölümə, həbsxanaya aparır, amma yolumuzdan dönmürdük. Sizsə  (oxu: bütün SSRİ) vəzifə almaq üçün Kommunist partiyasına keçirsiniz!” Əkslikləri, ziddiyyətləri görürdü. Anlayırdı..." 

 
Türkiyədə hamı Nazimi bir şair kimi qəbul edirdi, bir kommunist kimi isə yox!! Bununla əlaqəli, essedə belə bir mənalı epizod da xatırlanır: "Nazimi müxtəlif vaxtlarda istintaq edən, ona üst-üstə iyirmi beş il “yatmaq” cəzası kəsmək üçün “əsaslar” hazırlayan müstəntiqdən soruşurlar: “--- Bir insan kimi Nazim Hikmətə münasibətiniz?” “- Onu mən bir kommunist kimi özüm öz əllərimlə güllələyərdim. Bir şair kimi məzarı önündə diz çöküb hönkür-hönkür ağlayardım”, - deyir.

 
Qayıdıram Hidayətin şairanə, təsirli, assosiativ duyğularına: "...Əvvəlcə Topqapı muzeyində sehrlənirəm. ...Topxananın sehrlərindən özümə gəlməmiş, əlbəttə, Gülhanədə Ceviz ağacını axtarıram. Düşünürəm: altında əyləşib fikrə dalacağam, Nazimi xatırlayacağam. Fikirləşirdim: görəsən, Zəngəzurun ceviz ağacları qocamandır, yoxsa Gülhanə Parkının? Həmişə mənə elə gəlib ki, Maralzəmidə, arxa bağçamızdakı ceviz ağacı qocamandır Gülhanə Parkındakından. İçimdə Nazimin şeirinin misraları səslənir:

 


Başım köpük-köpük bulut, içim, dişim deniz, 
Ben bir ceviz ağacıyım Gülhane Parkında. 
Budak-budak, şehram-şehram ihtiyar bir ceviz, 
Ne sen bunun farkındasın, ne polis farkında.
Ben bir ceviz ağacıyım Gülhane Parkında,
Yapraklarım suda balık gibi kıvıl-kıvıl,
Yapraklarım ipek mendil  gibi tiril-tiril
Koparıver, gözlerinin, gülüm, yaşını sil.
Yapraklarım ellerimdir, tam yüz bin elim var, 
Yüz bin elle dokunurum sana, İstanbula; 
Yapraklarım gözlerimdir, şaşarak bakarım, 
Yüz bin gözle seyr ederim seni, İstanbulu, 
Yüz bin yürek gibi çarpar-çarpar yapraklarım. 
Ben bir ceviz ağacıyım Gülhane Parkında, 
Ne sen bunun farkındasın, ne de polis farkında."

 

  
 Nazim Hikmət siyasi mövqeyinə, kommunist olduğuna görə Türkiyədən, Hidayət də, öz doğma kəndindən, ordakı Ceviz ağacından Erməni işğalçılarının məkri ilə, onların içində əsl türk olduğuna görə perik düşüb... Bunun da farkında olmaq, məncə vacibdir... Bu poetik assosiasiya xəyalən şair Hidayəti götürüb Zəngəzur dağlarına, Maralzəmi kəndinə aparır və subut edir ki, hər gerçək şairin içində önun özünün Məmləkət sevdasına çevrilən bir ceviz ağacı var...

  
Nazim Hikmətin bütün şeirlərini nəzərdən keçirdim, nə əvvəl, nə də bu şeirdən sonra heç bir yerdə Ceviz ağacının adı çəkilmir, bundan bədii detal kimi istifadə edilmir. Amma Nazimin əsərlərində Çinar ağacı sıx-sıx poetik detala şevrilir = "Çınarlarında kolan vurdum, hapisanelerinde yattım. Hiçbir şey gidermez iç sıkıntımı, Memleketimin şarkıları ve tütünü gibi..."  Hətta Nazim Hikmətin belə bir vəsiyyət şeiri də var: 


"Anadoluda bir köy mezarlığında gömün beni

Ve bir de uyarına gelerse

Tepemde bir de çinar olursa,

Daş-maz da istemez..."
 

 
"Ceviz ağacı" şeiri dəfələrlə təhli edilib, ona münasibətlər bildirilib. Lakin hec kim "farkında" olmayıbdır ki, bu Ceviz ağacı Nazimin özüdür, öz obrazıdır, özünün özünə İstanbulun mərkəzində xəyalən Ceviz ağacı ilə ucaltdığı heykəldir. Onun qollara çevrilmiş yüz-yüz budağıyla Türkiyəni qucaqlayır; min-min ürəyə çevrilmiş (qəribədir qoz yarpağı da ürəyə oxşayır)  yarpağıyla sevən, vətən sevdalı yeganə, təkcə, tək şair olmasına işarədir... Olmayanı oları etməkdir!! Hidayət müəllimin "Ceviz ağacı" essesi mənim hisslərimdə bu kodun açarına çevrildi... Düyünləri açdı...  Və mənim nəzərimdə bu esse Nazim Hikmətə həsr edilmiş böyük epik bir əsərə döndü...

  
Müəllifin - Hidayətin yaşı, ictimai statusu, intellekt səviyyəsi və həqiqət sevdası ona inanmağı tövsiyyə edirdi və inandım... Hidayət müəllim bu çalkeçid fikirlərə bir aydınlıq gətirdi və Gülhane parkında heç vaxt olmyan bir Nazim Hikmət adında ceviz ağacı əkdi...  Nazim Hikmət fiziksal olaraq ölənə qədər Peredelkinada yaşasa da, məzarı Moskvada olsa da,  ruhən Gülhanədə Ceviz ağacına dönüb əbədən öz yerini tutdu... O bütün şeirlərində "Qübbəli, çinarlı bir mavi liman" axtarsa da, yenə də Gülhanedə, Türkiyənin ürəyi olan İstanbulun ürəyində, Azərbaycan türkü Hidayətin şair-yazıçı qələmində Ceviz ağaçı olaraq yenidən ucaldı...

 


Qurban Bayramov,   
tənqidçi-ədəbiyyatşünas
14.09.2017

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir