Modern.az

Kiçik və orta sahibkarlığı “öldürən” hipermarketlər – problemdən çıxış yolu nədir

Kiçik və orta sahibkarlığı “öldürən” hipermarketlər – problemdən çıxış yolu nədir

18 Sentyabr 2017, 15:14

Neftin qiymətinin ucuzlaşmasından sonra Azərbaycanda  iqtisadiyyatın digər sahələrinə diqqət ayrılıb. İqtisadiyyatın inkişafında kiçik və orta sahibkarlıq xüsusi yer tutur.

 

Amma son zamanlar iri ticarət obyektlərinin açılması kiçik və orta sahibkarlıqlara təsirsiz ötüşməyib. Belə ki, iri ticarət obyektləri açıldıqca kiçik ticarət obyektlərinin alveri zəifləyir və bir müddət sonra bağlanmaq məcburiyyətində qalır. Bu da işsizliyin artmasına səbəb olur.

 

Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı Vüqar Bayramov bildirib ki, kiçik və orta sahibkarlıq iqtisadiyyatın inkişafı üçün çox vacibdir.

 

“Həm inkişaf etmiş ölkələr, həm də inkişaf etməkdə olan ölkələrdə kiçik və orta sahibkarlıq məşğulluğun təmin edilməsi baxımından vacibdir. Çünki məşğulluğun təmin edilməsində kiçik sahibkarlığın xüsusi rolu var. Rəqabətin qorunması baxımından kiçik və orta sahibkarlıq inkişaf etdirilməlidir. Rəqabətin olması qiymətlərə təsir edir. Sahibkarların məhsullarını daha münasib qiymətə təklif etməsinə gətirib çıxarır. Kiçik sahibkarlıq eyni zamanda innovasiyanın cəlb edilməsi baxımından da önəmlidir. O baxımdan Azərbaycanda kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi, dəstəklənməsi olduqca vacibdir. Amma hələlik rəqəmlər göstərir ki, kiçik sahibkarlıq iqtisadiyyatda böyük yer tutmur. Ümumi daxili məhsulunun formalaşmasında kiçik sahibkarlığın iqtisadiyyatdakı payı hələlik arzu olunan deyil. Bunun əsas səbəbi Azərbaycanın neft ölkəsi olduğuna görə iri holdinqlərin, şirkətlərin inkişafıdır. Artıq post neft dövründə kiçik sahibkarlığın payının artması və kiçik sahibkarlığın ümumi daxili məhsulda payının genişləndirməsi olduqca vacibdir. Post neft dövrünü əvvəlki illərlə müqayisə etsək, yəni 2014-cü ildən sonra kiçik və orta sahibkarlığın daha çox inkişaf etməsini görərik. Əvvəlki illərdən fərqli olaraq real sektordakı kiçik sahibkarlar üçün imkanın daha çox olması, eyni zamanda sahibkarlıq obyektlərinə müdaxilələrin, xüsusilə də yersiz müdaxilələrin azaldılması ilə bağlıdır.

2015-ci ildən yoxlamaların 2 illik dayandırılması kiçik və orta sahibkarlığın fəaliyyətinin stimullaşdırılması baxımından önəmlidir”.

 

 

Ekspertin sözlərinə görə, kiçik və orta sahibkarlığın inkişafı üçün güzəştli kredit önəmlidir.

“Azərbaycanda kiçik və orta sahibkarların əsas problemi güzəştli kreditlərlə bağlıdır. Bir tərəfdən nəzərə almaq lazımdır ki, kiçik sahibkarların xüsusən aşağı faizli kreditlərlə təmin edilməsinə ehtiyacı var. Azərbaycanda sahibkarlar güzəştli kredit əldə etməkdə çətinlik çəkirlər. ABŞ-da kiçik sahibkarlıqların dəstəklənməsilə bağlı 15-dən artıq xüsusi proqram fəaliyyət göstərir. Kiçik sahibkarlara imkan verilir ki, güzəştli kreditlərdən istifadə edə bilsinlər”.

 

Vüqar Bayramov bildirib ki, Azərbaycanda fərdi sahibkarların sayında artım var.

“Ötən ilin yekunlarında fərdi sahibkarların sayı  685406 nəfər oldu, 2015-ci ildə bu say  576946-dı idi. Amma eyni zamanda kiçik sahibkarların iqtisadi rayonlar üzrə bölgüsünə baxsaq görərik ki, kiçik sahibkarların 57 faizi Bakı şəhərinin payına düşür. Abşeron iqtisadi rayonunu nəzərə alsaq,  kiçik və orta sahibkarların 70 faizi paytaxt da daxil olmaqla Abşeron iqtisadi rayonunun payına düşür. Bu kiçik və orta sahibkarın paytaxtda cəmləşməsi anlamına gəlir. Bu baxımdan sahibkarın regionlarda da fəaliyyət göstərməsi üçün stimullaşdırıcı addımlar atılmalıdır. Bütövlükdə sahibkarların sayının çoxalması ümumi daxili məhsulun artmasına səbəb olacaq. Dövlət tərəfindən hansısa güzəştlərin tətbiq edilməsi ilə kiçik və orta sahibkarlığın inkişafına nail olmaq olar”.

Apardığımız tədqiqatlar göstərir ki, kiçik və orta sahibkarların 49 faizi ticarət, 23 faizi nəqliyyat və 15 faizi isə aqrar sektorda fəaliyyət göstərir”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər