Modern.az

Nalbandyan “torpaqları qaytaracağıq” deməklə nəyə işarə edir...

Nalbandyan “torpaqları qaytaracağıq” deməklə nəyə işarə edir...

19 Sentyabr 2017, 11:51

Ötən gün Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Altıncı ümumerməni “Ermənistan-Dispora” forumunun iştirakçılarının suallarını cavablandırarkən Qarabağ probleminin tənzimlənməsi çərçivəsində Azərbaycana işğal altında olan ərazilərin qaytarılmasından danışıb.

 

O, “Söhbət o ərazilərdən gedir ki, Qarabağa nə təhlükəsizlik baxımından, nə də inkişaf nöqteyi-nəzərindən təhlükə yaradırr. Digər təfərrüatları açıqlasam, danışıqlar irəliləməz”, - deyə bildirib.

 

Məsələ ilə bağlı Modern.az-a danışan politoloq Elxan Şahinoğlu qeyd edib ki, Nalbandyanın danışığında heçbir yenilik yoxdur.

 

“Həmin məsələ onsuz da danışıqların predmetidir. Nalbandyan danışığında işğal altındakı torpaqları boşaldacaqlarını desəydi o yenilik olardı. Amma deyir ki, təhlükə törətməyən - uzaq başı 5 rayonu nəzərdə tutur.

 

Biz 5 rayonun azad ediləcəyini onsuzda bilirik, bizim üçün önəmli olan bu 5 rayondan başqa Kəlbəcər, Şuşa və Laçının məsələsidir. Bu məsələ maraqlı qalır. Bununla bağlı hər hansı bir fikir yoxdur. Əksinə, təhlükəsizlik yaratmayan o deməkdir ki, Şuşa, Kəlbəcər və Laçını boşaltmaq istəmirlər. Boşaltmaq istədikləri Dağlıq Qarabağ ətrafındakı Ağdam, Füzuli və bir neçə rayondur.

 

Onu onsuzda boşaltmalıdırlar, özü də qeyd-şərtsiz. Nalbandyanın bu sözlərindən böyük sensasiya yaradılmasının əleyhinəyəm. Amma 5 rayonun boşaldılması əvəzində bizdən nə tələb olunur, o məsələ qaranlıq qalır”.

 

E. Şahinoğlu söyləyib ki, Ermənistan cəmiyyətinin böyük bir hissəsi Qarabağ problemindən bezib.

 

“Başa düşürlər ki, bu problemə görə ac-yalavac yaşayırlar, ölkəni tərk edirlər. Onların böyük bir hissəsi açıq danışa bilsə torpaqların işğaldan azad olunmasını istəyərlər.

 

Bu gün Nalbandyan 5 rayonun boşaldılmasını desə Ermənistanda buna etiraz edən olmayacaq. Deməyəcəklər ki, Ağdam, Füzuli və digər rayonlar Ermənistanın işğalında qalsın. Onlar bunu açıq deyə bilmirlər, amma bilirlər ki, özlərinə aid olmayan torpağı boşaltmalıdırlar”. 

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı